Kriptovalyuta bazarının çöküşü üçün 5 əsas ehtimal açıqlanıb


İqtisadiyyat 08 Yan 2018 14:55:30 233 0

Kriptovalyuta bazarının çöküşü üçün 5 əsas ehtimal açıqlanıb

Əsas risk kimi mərkəzi bankların qadağalarının bazara mənfi təsiri amili göstərilir

Kriptovalyutalar 2017-ci ildə kütləvi sürətdə bütün dünyada iz qoymaqla yadda qalıb. Virtual pulların qiyməti inanılmaz səviyyəyə qədər artım göstərib. "Report" "Forexpf.ru" saytına istinadən xəbər verir ki, analitiklər kriptovalyuta bazarında yaranan "köpük"dən ehtiyatlanmağa başlayıblar və 2018-ci ildə bazarın çökməsinə səbəb olacaq 5 əsas amili açıqlayıblar.

Bunlardan birincisi və ən əsası kriptovalyuta bazarının tənzimlənməsi üçün mərkəzi bankların daha sərt qərarlar qəbul etmə ehtimalının artmasıdır. Belə ki, ötən ilin sonunda Çin hökuməti kriptovalyuta birjalarına qadağa qoyub və artıq maynerlərlə mübarizəyə başlayıb. Bu üsula Hindistan və Cənubi Koreya da əl atıb. Hətta, Banqladeş kritovalyutaları qanundankənar hesab etdiyini açıqlayıb. Hələ ki, bazar buna sərt reaksiya verməsə də, hər an bu xəbərlərdən sərt satış üçün istifadə edə bilər.

İkinci ehtimal xakerlərin daha acgöz və aktiv olması təhlükəsidir. Kriptovalyuta bazarı əhaliyə öz gəlirlərini və vergilərini dövlətdən gizlətmək imkanı verdiyi kimi, xakerlərə də asanlıqla rəqəmsal pulları oğurlamağa imkan yaradır.

Üçüncüsü, kriptovalyuta bazarının iri oyunçularının bir neçə il bundan öncə ucuz qiymətə aldıqları valyutaları satışa çıxararaq bazarın qısamüddətli çökməsinə səbəb ola bilməsidir.

Dördüncüsü, saxta kriptovalyutaların və tokenlərin yaranma riskləridir. Saxtakarlar çox cüzi ad dəyişikliyi ilə saxta kriptovalyutalar yarada bilərlər.

Beşincisi isə kriptovalyuta bazarı iştirakçılarının kütləvi şəkildə satışa başlayaraq bazarda böhran yaratma riskləri ilə bağlıdır.