Ötən il Azərbaycanda elektrik enerjisinin istehsalı 4% azalıb


İqtisadiyyat 08 Yan 2018 13:05:08 224 0

Ötən il Azərbaycanda elektrik enerjisinin istehsalı 4% azalıb

"Azərenerji": Su elektrik stansiyalarında istehsal göstəricilərinin aşağı olması yağıntının miqdarının azlığı ilə bağlıdır

Azərbaycanda 2017-ci ildə 21,8 mlrd. kVt/saat elektrik enerjisi istehsal edilib ki, bunun 20,2 mlrd. kVt/saatı istilik elektrik stansiyaları, 1,6 mlrd.kVt/saatı isə su elektrik stansiyalarının payına düşüb. Bunu “Report”a “Azərenerji” ASC-nin ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Yəhya Babanlı deyib.

Ötən il istehsal edilən elektrik enerjisinin həcmi 2016-cı ilə nisbətən 0,9 mlrd. kVt/saat yaxud 3,97% azdır.

Y.Babanlının sözlərinə görə, təmsil etdiyi qurum tərəfindən ötən il ərzində istehlakçılar tələbatlarına uyğun olaraq elektrik enerjisi ilə təmin edilib. 

“Azərenerji” sözçüsü su elektrik stansiyalarının göstəricilərinin zəif olması məsələsinə də aydınlıq gətirib: “Azərenerji”nin infrastruktur imkanları yüksək olsa da, su elektrik stansiyalarında istehsal göstəricilərinin aşağı olması cari ildə ölkədə yağıntının miqdarının az olması ilə əlaqədardır".

Y.Babanlı “Azərenerji” tərəfindən Azərbaycanda kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsinin Tədbirlər Planı çərçivəsində elektrik enerjisinin texnoloji proseslərə uyğunluğunun təmin olunması və ötürülməsinin səmərəliliyinin yüksəldilməsi məqsədilə görülən işlərin davam etdirildiyini də açıqlayıb.

Xatırladaq ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Strateji Yol Xəritələrinin icra göstəriciləri ilə bağlı açıqladığı statistikaya görə, ilk 6 ay ərzində 75%-lik göstərici ilə “Azərenerji” dövlət qurumları arasında liderlik edib.