SOCAR istiqrazlarının sahibləri 11,6 mln. dollar güzəştli kredit götürüblər


İqtisadiyyat 08 Yan 2018 11:21:01 325 0

SOCAR istiqrazlarının sahibləri 11,6 mln. dollar güzəştli kredit götürüblər

Bu günədək SOCAR istiqrazları ilə əməliyyatların ümumi həcmi 122,6 mln. dollara çatıb

Azərbaycanın qiymətli kağızlar bazarında SOCAR istiqrazları ilə əməliyyatlar 2017-ci ildə rekord həddə çatıb.

İstiqrazların market-meykeri olan “PSG Kapital” şirkətindən “Report”a verilən məlumata görə, ötən il təkrar bazarda 89 230 SOCAR istiqrazı alınıb, istiqrazlarla əməliyyatların həcmi 89,5 mln. dollar təşkil edib. 

Ümumilikdə, bu günədək SOCAR istiqrazları ilə əməliyyatların həcmi 122,6 mln. dollara çatıb.

SOCAR istiqrazları ilə əməliyyatlar (2017-ci il) Ticarət olmuş istiqrazların sayı 89 230 Həcm (mln. dollar) 89 535 626

Qeyd edək ki, 2017-ci ildə Azərbaycanın qiymətli kağızlar bazarında bütün istiqrazlar üzrə (ipoteka istiqrazları xaric) ümumilikdə 134 mln. dollarlıq əməliyyat aparılıb. Başqa sözlə, SOCAR istiqrazları bu bazarın 66,8%-ni təşkil edib.

İstiqrazların təkrar bazarı (2017-ci il), mln. dollar SOCAR 89 535 626 66,8% digər korporativ 16 972 518 12,6% Dövlət 27 516 320 20,6% Cəmi 134 024 464 100%

Şirkətdən qeyd edilib ki, 2017-ci ildə SOCAR istiqrazları təkrar bazarda ən aktiv alınıb-satılan qiymətli kağız olub: “Ötən il qiymətli kağızların alqı-satqısı üzrə bağlanan əqdlərin 86,5%-i SOCAR istiqrazlarının payına düşür. İstiqrazlara həm fiziki, həm də hüquqi şəxslərin böyük maraq göstərməsi onun bahalaşmasına səbəb olub. Ötən il istiqrazların qiyməti 1 000-1 023 dollar arasında dəyişib, ilin sonunda isə satış qiyməti 1 030 dollara yüksəlib”.

Xatırladılıb ki, ötən ilin noyabrında SOCAR istiqrazları ilə repo əməliyyatlarına start verilib.

Qeyd edək ki, repo əməliyyatı istiqraz sahiblərinə öz qiymətli kağızlarını girov qoyaraq güzəştli şərtlərlə (illik 3,5-4%) kredit götürməyə imkan verir. Nəticədə, istiqraz sahiblərinin öz qiymətli kağızlarını satmasına ehtiyac qalmır, onlar istənilən zaman repo əməliyatından istifadə edərək tələbat olan vəsaiti cəlb edə bilirlər: “Repo əməliyyatlarını cəlbedici edən digər cəhət faiz dərəcəsinin əlverişli olmasıdır. Belə ki, istiqrazın gəlirliyi illik 5% olduğuna görə, repo çərçivəsində kredit cəlb edənlər yenə də gəlir götürməkdə davam edirlər. Məhz bu üstünlük nəticəsində istiqraz sahibləri repo əməliyyatlarına böyük maraq göstəriblər. Qısa müddətdə SOCAR istiqrazları ilə repo əməliyyatlarının həcmi 11,6 mln. dolları keçib. Qiymətli kağızlar bazarındakı bütün repo əməliyyatlarının yarıdan çox hissəsi SOCAR istiqrazlarının payına düşüb. Repo əməliyyatları həm hüquqi, həm də fiziki şəxslərlə aparılıb”.

Repo bazarı (2017-ci il, dollar) SOCAR istiqrazları 13 repo müqaviləsi 11 692 646 57% Digər istiqrazlar 20 repo müqaviləsi 8 704 496 43% Cəmi 20 397 142 100%

Bildirilib ki, 2017-ci ildə SOCAR istiqrazları üzrə 4 dəfə faiz ödənilib. 17 yanvar, 17 aprel, 17 iyul və 17 oktyabr tarixlərində həyata keçirilən ödənişlər çərçivəsində istiqraz sahibləri 5 mln. dollar gəlir əldə ediblər: “Bununla da SOCAR istiqrazları Azərbaycanda öz sahiblərinə dollarla ən çox gəlir gətirən qiymətli kağız olub. 2018-ci ildə SOCAR istiqrazları sahiblərinə daha 5 mln. dollar faiz gəliri ödəniləcək. İlk faiz ödənişi yanvar ayında olacaq”.

Qeyd edək ki, nominal qiyməti 1 000 dollar olan istiqrazların illik gəlirliliyi 5% və ya hər istiqraz üzrə ildə 50 dollardır. İstiqrazlar üzrə faiz ödənişləri 3 aydan bir olmaqla, ildə 4 dəfə ödənilir.