Azərbaycanlı aktrisa "Kara sevda"nın Emiri ilə sevgili olacaq: "Onunla tanış olanda..." FOTO


Kriminal 08 Yan 2018 03:30:00 411 0

Azərbaycanlı aktrisa "Kara sevda"nın Emiri ilə sevgili olacaq: "Onunla tanış olanda..."  FOTO

Son.az tanınmış aktrisa Könül Nağıyevanın publika.az-a müsahibəsini təqdim edir.

"Başa düşürdüm ki, aktrisalıq karyeramda irəliləmək üçün..."

- Könül xanım, artıq bir neçə ildir ki, Türkiyədə yaşayırsınız. İstərdim ki, ordakı fəaliyyətiniz haqqında danışasınız.

- Türkiyə macəram "Tərk edilmiş" filmindən sonra başladı. Bakıdakı rahat həyatımı qoyub Türkiyəyə köçməyə qərar vermək asan deyildi. Lakin başa düşürdüm ki, aktrisalıq karyeramda irəliləmək üçün kino sektorunun daha yaxşı inkişaf etdiyi yerə getməliyəm. Odur ki, köçməyə qərar verdim.

Növbəti layihəm "Kızkaçıran" komediya filmi oldu. Orada azərbaycanlı xanımı oynayırdım. Həyatımda ilk dəfə komediya filmində rol aldım, ona qədər çəkildiyim rollar əsasən dram janrında idi.

Hansısa türk layihəsində türk rolunu almaq üçün bu dildə təmiz danışa bilməyiniz vacib şərtdir. Bu səbəbdən də boş vaxtlarımı türk dilini öyrənməyə sərf etdim. Birinci, diksiya dərslərinə yazıldım, sonra isə bir neçə yerdə aktyorluq kursları aldım. Türkcəmi o səviyyəyə gətirdim ki, heç kim mənim yad olduğumu bilmir. Artıq mənə türk qadın rolları təklif edirlər. Məsələn, "Merhaba Hoşcakal"da türk qadınını canlandırmışam. Eləcə də "Dönüş" qısametrajlı filmində çəkilmişəm.

"Yüzme öyreniyorum" həyatımda ən uğurlu layihələrdən biri oldu. Qısa film olmasına baxmayaraq, noyabrda İzmirdə keçirilən 18-ci Beynəlxalq Qısa Film Festivalında izləyicilər tərəfindən "Ən Yaxşı Film" seçildi və gənclik mükafatına layiq görüldü. Bu yaxınlarda isə Setem Akademiyasının İpək Yolu Film Festivalında münsiflər heyətinin özəl mükafatına layiq görüldük.

- Türkiyə bizimçün doğma və qardaş ölkə olsa da, oranın öz qayda-qanunları var. Siz başqa bir ölkəyə köçüb orada yaşamağa hazır idiniz?

- Hazır deyildim, hər şey bir anda baş verdi. Azərbaycanda aktryorluqla bərabər "Nargis" jurnalında redaktor vəzifəsində çalışırdım. "Tərk edilmiş"də çəkildikdən sonra başa düşdüm ki, başqa işdə çalışmaq istəmirəm. Bu, arzularımın dalınca getmək üçün sanki siqnal oldu. Heç peşman deyiləm. Çünki uşaqlıq arzum olub, sadəcə bəzi ailə məsələlərinə görə aktrisalığa gec başlamışam. İkinci film təklifi gələndə özümə "Könül, sən iki ölkə arasında qala bilməzsən, nəyisə qurban verməlisən" deyə düşündüm. Mən də burdakı rahat həyatmı qurban verdim. Heç peşman deyiləm, bir müddət oğlumdan ayrı qalsam da, çox şükür ki, indi o da mənimlə yaşayır. Təhsilini Türkiyədə davam etdirir.

Orada heç vaxt ögeylik hiss etməmişəm, 4 il Moskvada, bir il Londonda yaşamışam. Bakı mənim üçün doğmadır, lakin böyük şəhər həyatını daha çox sevirəm. Özgür insanam, meqapolisdə yaşamaq mənim üçün daha yaxın və rahatdır. Azərbaycanda da kino sahəsi getdikcə inkişaf edir, Türkiyə isə bu mərhələni çoxdan keçib. Fəaliyyətimi orada davam etdirmək bir addım öndə olmaq demək idi.

- Bəs türk həmkarlarınızın və rejissorların sizə qarşı münasibəti necə oldu?

- Hər şey insanın özündən asılıdır. İstər Rusiya, istər Türkiyə, istərsə də digər ölkəyə köçüb orada iş qurmaq istəyirsənsə, ilk növbədə o yerin dilini mükəmməl səviyyədə bilməlisən. Universiteti rus dilində bitirmişəm, özüm rus dilliyəm, odur ki, türk dilində sərbəst danışmaq asan deyildi. Dili öyrəndim ki, bu maneəni aşım. Soyadımı biləndə "Aa sən türk deyilsən?" deyə soruşurlar. Belə sözlər çox xoş təsir bağışlayır.

"Öz biznesmi qurmuşam"

- Qazancınız ürəyinizcədir? Film şirkətləri sizə istədiyiniz məbləği verə bilir?

- Parlaq ulduz deyilsənsə, sənin mütləq ikinci işin olmalıdır. Aydın məsələdir ki, mən indi Türkiyənin ən parlaq kino ulduzlarından biri deyiləm. Başqa sahə üzrə təhsil aldım ki, oradan da qazanc əldə edə bilim.

Layihələrdən aldığım qonorar məni qane edir. Ehtiyac və tələblərimi ödəmək üçün Türkiyədə aktrisalıqdan savayı ikinci işlə - bizneslə məşğul oluram. Burada öz işimi qurmuşam.

- "Yüzme öyreniyorum" filmində yoxsul bir suriyalı qadını canlandırmısınız. Sizi tanıdığım qədəriylə maddi baxımdan ailədə yoxsulluq çəkməmisiniz. Kasıb qadının həyatını oynamaq sizin üçün çətin olmadı ki?

- Aktyor roluna hazırlaşanda öz həyatını tamamilə kənara qoymalıdır. Amma neqativ hadisələr bura daxil deyil. Hər hansı aktyorun həyatında nə qədər çox travması varsa, onun texnikası bir o qədər güclü olacaq, işinə yarayacaq. İstər Stvanislavski, istərsə Erik Morisin aktyorluq texnikaları aktyorun şəxsi həyatında baş verən travmaları üzərində qurulmusdu. Hansısa rola hazırlaşanda yaşadıqlarını ona yükləyə bilirsən. Bəzi insanların rollarına baxanda "Elə oynayır ki, sanki həqiqətən baş verib" deyirik. Halbuki, həmin o aktyorun nə düşündüyünü, ağlından nələr keçdiyini bilmirik.

Əlbəttə ki, heç vaxt dənizin ortasında pulsuz-parasız qalmamışam. Amma həyatımda başqa çətinliklərlə qarşılaşmışam. Onların müqayisəsini edib ortaq nöqtə tapmışam. Psixoloji araşdırmalar etmişəm, bütün dərdli məqamlarımdan istifadə etmişdim ki, ortaya gözəl iş çıxsın. Aktyorun işi ssenarini əzbərləyib kamera qarşısına keçməkdən ibarət deyil. Onda izləyici sənə inanmaz. Rola hazırlaşmalısan. Bəlkə də ona görədir ki, "Yüzme öyreniyorum" fimi bir neçə mükafata layiq görülüb. Deyilənə görə, aktyor işi yaxşı alınıb.

- Sözügedən film Azərbaycanda nümayiş ediləcək?

- Bir il festivalları gəzəcək, festivallardan sonra Azərbaycanda özəl təqdimat olacağı planlaşdırılıb.

- Mümkünsə, filmdəki ən çətin səhnələriniz barədə danışardınız...

- 3 yaşından üzməyi çox gözəl bacarıram, film isə üzməyi heç bilməyən qadından bəhs edir. Filmin baş qəhrəmanı Həsən həyat yoldaşı Rüksana üzməyi öyrədir ki, dənizlə yola çıxanda batmaq ehtimalı yaransa, həyati təhlükəsi sovuşsun.

Bu səhnə çəkiləndə bir neçə texnikadan istifadə etdim, amma inandırıcı alınmadı. Özüm-özümə inanmıramsa, izləyici necə inanacaqdı... Rolumun yaxşı alınması üçün rejissora dedim ki, özümü güvəndə hiss etməməliyəm, hər kəs ətrafımdan çəkilsin. Suyun altında yalandan çabalayanda səhnə süni alınırdı. Bilirdim ki, özümü rahatlaşdırıb sudan çıxacam. Üzümdə qorxu hissinin yaranması üçün su udmalı idim. Suyun altına girib su udmağa və boğulmağa başladım. Çəkiliş qrupu çox qorxdu. Artıqlamasıyla su udduqdan sonra o səhnəni çəkdik. Egey dənizinin ortasında düz 4 km üzmüşəm. Ətrafda da drondan başqa heç kim yox idi. Hamı narahat olsa da, nəticədən çox razı qaldılar, alqışladılar, amma "Sən xəstəsən, ölə bilərdin" dedilər.

- Sizin kimi cəsarətli aktrisalar çox azdır.

- Bu peşəni seçmisənsə, ekstrimə hazır olmalısan. "Tərkedilmiş" filmində makiyajsız çəkilmişəm. "Yüzme öyreniyorum"da da makiyajdan istifadə etməmişəm. Öz xarici görünüşünü fikirləşsən, bu roluna da təsir edəcək. Bilmirsən ki, fikrini rolun üzərində cəmləşdirəsən, ya da işığın düzgün qurulmasının. Dostlarım deyir ki, özgüvən partlayışı yaşayırsan, sıfır makiyajla kamera qarşısına çıxırsan. Əslində özgüvən məsələsi deyil. Qaçqın qadını oynayıramsa, makiyaj mənim nəyimə yaraşır? Nə qədər təbii görünsəm, bir o qədər uğurlu olar.

Təbii ki, hər rolun öz tələbləri var. "Kız kaçıran"da üzümdə 3 kq makiyaj var idi, çünki zəngin və özündənrazı qadını oynamışdım.

"Problemi həll etmək üçün bahalı əşyalarımı da satmışam"

- Dediniz ki, bəzi rolları oynayanda həyatımda olan çətinlikləri düşünürəm. Maraqlıdır ki, Könül Nağıyevanın ən böyük çətinliyi nə olub?

- Oğlum xəstələnib, hətta pula ehtiyacım olub, maddi və mənəvi problemlərlə üzləşmişəm. Amma bunları problem kimi qəbul etməmişəm, dərd içində oturmamışam. Fikirləşib çıxış yolu axtarmışam, nə qədər tez çıxış yolu tapsan, problem bir o qədər tez həll olunar. Heç vaxt özümü "Bu, mənə yaraşmaz" deyib dartmamışam. Lazım gələndə problemi həll etmək üçün bahalı əşyalarımı da satmışam. Bunlar mənə neqativ təsir etməyib, çünki başa düşmüşəm ki, həyatda hər şey ola bilər.

- Əvvəllər ailənizin sizə aktrisa olmağa icazə vermədiyini demişdiniz. İndi münasibətləri necədir?

- İndi tam əksidir, atam "Tərk edilmiş"in qalasına gələndə dedi ki, "Kaş ki, vaxtında icazə verəydim". Mən kaş ki, demirəm, hər şeyin öz zamanı var. Taleyimdə nə yazılıbsa, o da olacaq.

- Taleyiniz sizi həmişə lazım olan anda, lazım olan insanlarla qarşılaşdırıbmı?

- Bu, çox maraqlı sualdır. Özümü şanslı insan hesab edirəm. Möcüzələrə inanıram və qarşıma çıxan hər bir insan mənim üçün möcüzədir. Çünki heç gözləmədiyim insanlardan yaxşılıq görmüşəm. O insanlarla yolumun nə vaxtsa kəsişəcəyindən, ən azı dost olacağıma inanmazdım. Hamının səhvləri olur, mənfi tərəflərini görsəm də, onları sevməyə davam edirəm və dəyər verirəm.

- Onda belə demək olar ki, həyat sizin üçün bumeranqdır?

- 100 faiz. Biz həmişə işlərimiz düz gətirməyəndə başqalarını günahlandırırıq, məsuliyyətdən qaçırıq. Halbuki, "Mən nəyi səhv etmişəm?" sualına dürüstcə cavab versəniz, onda heç kimi günahlandırmazsınız.

"Bəzən güclü olmaq istəmirəm"

- İnsanların əsl xarakteri əlinə güc keçdiyi zaman üzə çıxır. Siz nə zaman anladınız ki, güclü qadınsınız? Və gücləndikdən sonra özünüzdə hansı dəyişikliyin baş verdiyini müşahidə etdiniz?

- Bu suala dostlarım daha düzgün cavab verər. Uzun müddət gözəl yerlərdə çalışmışam və rəhbərlik etmişəm. Son 3 ildir Türkiyədəyəm və özümə görə müəyyən uğurlarım var. Bu illər ərzində dəyişməmişəm, həmişə özüm olmuşam. Rəhbərlik etmək və hər kəsdə qorxu yaratmaq mənimçün güclü olmağı ifadə etmir. Yaxşı günümdə də, pis günümdə də eyni adamam.

Hesab edirəm ki, güc insanın daxili dünyasından qaynaqlanır. Bəzən güclü olmaq istəmirəm, deyirəm ki, mən də bir az istirahət edim, çabalamayım. Amma nə etmək olar, Allah-Təala belə yaradıbsa, qəbul etməliyəm. Zəif ola bilmərəm, hər mənada güclü olmalıyam. Oğul anasıyam, məsuliyyətim çoxdur.

- Monika Belluççi bir müsahibəsində demişdi ki, "Mən çox yaxşı anayam, amma yaxşı qız deyiləm". Bəs Könül Nağıyeva necə qadındır?

- Oğlum iki il Bakıda qalanda özümü pis hiss edirdim. Sonra bir gün bütün elədiklərimi gözümün önünə gətirdim. Anladım ki, onları oğlumun gələcəyi üçün edirəm. Oğlum İstanbula köçəndə və "Barselona"nın məktəbinə qəbul olanda anladım ki, lap əla anayam. Əziyyətlər çəkməsəydim, hazırda oğlum "Barselona"nın rəsmi futbol klubunun məktəbində necə təhsil alacaqdı? (Gülür)

"Bədəminin bir parçasını göstərərək özümə nəsə qazandırmaq fikrim yoxdur"


Xəbərə aid fotolar