Ərdoğan ABŞla əlaqələri kəsəcəyi ilə hədələyir


Dünya 07 Yan 2018 20:25:00 220 0

Ərdoğan ABŞla əlaqələri kəsəcəyi ilə hədələyir

"The Independent" yazır ki, Türkiyə prezidenti Recep Tayyip Ərdoğan Amerikanın ədliyyə sistemini kəskin tənqid edərək ABŞ və öz ölkəsi arasında ikitərəfli sazişləri kəsəcəyi ilə hədələyib. Buna səbəb ABŞ-da Türkiyə bankirlərindən birini, habelə bu ölkənin rəsmilərini qiyabi olaraq ittiham edən məhkəmənin keçirilməsi olub. Manhattanda keçirilən məhkəmə Halkbank-ın menecerlərindən Mehmet Hakan Atilla ona qarşı irəli sürülmüş 6 ittihamdan beşi üzrə təqsirli bilinib. Bu məhkəmədən sonra özünün ilk ictimai şərhində cənab Ərdoğan deyib ki, bu məhkəmə prosesi Türkiyənin hökumət və iqtisadiyyatını çökdürməyə hesablanmış Amerika qəsdidir. "Əgər Amerikanın ədalətdən anladığı budursa, onda dünyanın axırı çatıb" - deyib Ərdoğan Fransaya yola düşməzdən əvvəl keçirilən mətbuat konfransında. O sözünə belə davam edib: "Bizim aramızdakı bağlar etibarını itirir. Mən bunu deməkdən kədərlənirəm, amma bundan sonra vəziyyət məhz belə olacaq". ABŞ-da keçirilən məhkəmədə münsiflər heyəti Mehmet Hakan Atillanı İrana qarşı sanksiyaları pozmaqda təqsirli bilib. Məsələ burasındadır ki, bu məhkəmədə Atilla ilə yanaşı bir sıra vəzifəli Türkiyə rəsmiləri də qiyabi olaraq mühakimə olunurlar. Ankara bu işin qondarma olduğunda israr edir. Türkiyənin Xarici İşlər Nazirliyi ötən cümə axşamı günü bu məhkəməni Türkiyənin daxili işlərinə qarışılması kimi pisləyən bəyanat verib. Bu məhkəmə Türkiyənin xarici investorlarını ölkədən hürküdüb və milli valyuta lirənin məzənnəsini kəskin salıb. Məhkəmə işi iki NATO üzvü arasındakı münasibətləri son dərəcə tarıma çəkib. Bu münasibətlər Türkiyədə 2016-cı ilin iyulunda baş vermiş çevriliş cəhdindən bəri onsuz da soyuq idi. Yalnız ötən həftə Türkiyə və ABŞ öz aralarında vizaların verilməsini tam bərpa etmişdilər. Bundan əvvəl ABŞ İstanbuldakı konsulluğununun iki yerli əməkdaşı saxlananadan sonra Türkiyədə vizaların verilməsini etiraz nümayişi kimi tam dayandırmışdı. Buna cavab olaraq Ankara da eyni addımı atmışdı. Atilla-nın işi üzrə məhkəmə İran azərbaycanlısı olan qızıl taciri Rza Zərrabın şahid ifadələri əsasında aparılırdı. Zərrab məhkəmə prosesi başlanmazdan əvvəl təqsirini etiraf etmiş, əvəzində ona şahid statusu verilmişdi. Özünün ifadələrində Zərrab prezident Ərdoğan başda olmaqla bir sıra vəzifəli Türkiyə rəsmilərinin İranın çirkli pullarının yuyulmasında iştirak etdiyini iddia edib. Öz növbəsində Türkiyə ABŞ məhkəmə rəsmilərinin bu ölkədə yaşayan müsəlman vaiz və Ərdoğanın keçmiş yaxın müttəfiqi, hazırda isə qatı düşməni Fethullah Gülenin təsiri altında olduğunu bildirir. Türkiyə bankı hər hansı qanunsuzluğa yol vermədiyində və beynəlxalq qanunları pozmadığında israr edir. "Birləşmiş Ştatlar Türkiyəyə qarşı qəsd həyata keçirir...Bu təkcə hüquqi qəsd yox, həm də iqtisadi qəsddir" - deyib Ərdoğan.