Sumqayıtda evindən külli miqdarda narkotik çıxan keçmiş məhkumun cəzası azaldılıb


Sosial 06 Yan 2018 17:25:00 285 0

Sumqayıtda evindən külli miqdarda narkotik çıxan keçmiş məhkumun cəzası azaldılıb

Birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib

Sumqayıt Apellyasiya Məhkəməsində qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etməkdə təqsirləndirilən Cabir Qayıbovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, C.Qayıbovun apellyasiya şikayəti təmin edilib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib.

Belə ki, onun 11 il müddətinə azadlıqdan məhrum etmə cəzası 10 ilə endirilib. Hökmün qalan hissələri dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş C.Qayıbov ötən ilin martında Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. Onun üzərində 0,965 qram heroin aşkar edilib. Əməliyyat tədbirlərinin davamı olaraq onun yaşadığı evin həyətyanı sahəsinə baxış zamanı isə əlavə olaraq 2 kiloqram 45 qram heroin və 3 kiloqram 170 qram marixuana aşkar edilərək götürülüb.

C.Qayıbov saxlanılan zaman törətdiyi əməli etiraf edib.

O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. O, cəzasının yüngülləşdirilməsini istəyib.