İrandakı iğtişaşların səbəbləri,


Siyasət 06 Yan 2018 07:00:00 258 0

İrandakı iğtişaşların səbəbləri,

İrandakı iğtişaşlarda kənar qüvvələrin əli varmı?

"İrandakı iğtişaşlarla bağlı yayılan məlumatlar məsələ ilə yaxından maraqlananlar üçün orada baş verənlərin dolğun mənzərəsini yaratmağa kifayət etmir. Lakin çox güman ki, sonrakı dövrdə İranda hadisələrin gedişi səngiyəcək, kütləvi narazılığın dərəcəsi azalacaq. Amma sosial-iqtisadi problemlər yenə də qalacaq. Ona görə də hakimiyyətdəkilər onları həll etmək üçün tez və qəti addımlar atmalıdırlar. Güman ki, onların həlli üçün antiböhran platforması, proqram da hazırlanacaq və məncə, yaxın gələcəkdə biz bunları görə biləcəyik".

Bunu dekabrın 28-dən etibarən İranda baş verən kütləvi etiraz aksiyaları və iğtişaşların səbəblərini və təsirlərini Son.az-a şərh edən beynəlxalq məsələlər üzrə ekspert, "Cənubi Qafqaz politoloqlar klubu"nun rəhbəri İlqar Vəlizadə bildirib.

Politoloqun fikrincə, İranda gedən proseslərin uzunmüddətli müşahidəsi göstərir ki, orada sosial partlayış çoxdan yetişib, sadəcə indi üzə çıxmağa başlayıb: "Hələ prezident Mahmud Əhmədinejadın dövründə İranda sosial-iqtisadi gərginlik müşahidə olunmağa başlamışdı. Bu məsələ hakimiyyət dairələrində müxtəlif ziddiyyətlərə gətirib çıxarırdı. Hətta vəziyyət o yerə çatmışdı ki, parlament çoxlu qüsurlar aşkar olunduğundan Əhmədinejadın iqtisadi siyasətini, konkret olaraq isə büdcə layihəsini qəbul etməmişdi və işə ali dini lider qarışmalı olmuşdu. Nəticədə büdcə layihəsi yenidən işləndi və yalnız bundan sonra qəbul olundu. Bu isə iqtisadi məsələlərin hələ o dövrdən bəri İranda ağrılı problemə çevrilməsindən xəbər verir. Məhz elə buna görə də ondan sonra seçilən Həsən Ruhaninin seçkiqabağı platformasında iqtisadi problemlərin həlli məsələsinə böyük yer ayrılmışdı. Ona görə də Ruhani üçün sanksiyaların yumşaldılması, nüvə proqramında uğurların əldə olunması siyasəti prioritet təşkil edirdi.

İranda kütləvi nümayişlər - 5 suala cavabda İndi üstündən illər keçib. Düzdür, sanksiyalar müəyyən dərəcədə yumşalıb, nüvə proqramı ilə bağlı yeni saziş imzalanıb, lakin gözləntilər özünü tam doğrultmayıb. Sanksiyaların böyük qismi hələ də qüvvədədir, İran iqtisadiyyatında neftin dünya bazarında qiymətinin kəskin düşməsi ilə əlaqədar çətinliklər yaranıb. Bütün bunlar iqtisadi artımın sürətlə aşağı düşməsinə gətirib çıxarıb. Belə ki, 2015-ci ildə BVF-nin hesablamalarına görə bu artım 0 (sıfır) faiz təşkil edirdi. İdxal ixracı üstələyib, bir çox sənaye sahələrində durğunluq müşahidə olunur, investisiya layihələri dayandırılıb, amma bununla belə paradoksal da olsa, investisiyaya yönələ biləcək xərclər ehtiyat fondlara keçirilib və İranın valyuta ehtiyatları artıb. Çox güman ki, hakimiyyət özünü bununla növbəti qeyri-stabil siyasi konyukturadan sığortalamağa çalışır. Ona görə də onlar gücü valyuta ehtiyatlarının xərclənməsinə yox, artmasına yönəldiblər. Bu isə iqtisadiyyatın bəzi sahələrində tənəzzülə gətirib çıxarıb. Nəticədə işsizlik çoxalıb. Dövriyyədə olan pul kütləsi artıb, bu isə inflyasiya ilə nəticələnib. Aydındır ki, yoxsul təbəqə, adi insanlar bundan böyük əziyyət çəkir. Ona görə də yürüdülən bu siyasətdən narahatlığını bildirməyə çalışıblar. Görünür, hazırkı siyasəti kəskin tənqid edən konservativ qüvvələr də bu məsələdə onlara dəstək veriblər. Məncə, dekabrın 28-də Məşhəddə baş verən iğtişaşların əsas səbəbi də məhz sosial-iqtisadi problemlər olub. Lakin yerli hakimiyyət orqanları bu iğtişaşların qarşısını ənənəvi üsullarla almağa çalışıblar. Həbslər və zərərçəkənlərlə bağlı informasiyaların tez yayılması isə Məşhəddən sonra digər şəhərlərdə, bölgələrdə də aksiyalara səbəb olub və iqtisadi şüarlar siyasi xarakter almağa başlayıb". 

İ.Vəlizadə İrandakı aksiyalarda Qərbin, hansısa xarici qüvvələrin kəskin rolu olduğunu da düşünmür: "Dolayısı ilə bəli, Qərbin rolu ola bilər, çünki məhz onların sanksiyaları nəticəsində İran bu vəziyyətə düşüb, amma birbaşa müdaxilə izi görünmür. Çünki İran kifayət qədər qapalı ölkədir və kənar qurumlar, şəxslər burada fəaliyyət göstərə bilməzlər. Burada hər şey nəzarət altındadır. Belə vəziyyətdə kənar qüvvələrin mütəşəkkil surətdə hansısa müdaxiləsi real görünmür".

Azərbaycan XİN İrandakı son hadisələr haqda Ekspert hesab edir ki, etiraz aksiyaları yerli siyasi təşkilatlar, həmçinin etnik qruplarla da birbaşa bağlı deyil: "Yerli radikal siyasi müxalifətin liderləri isə ya həbsdə, ya da güclü nəzarət altındadırlar. Onların da bu məsələdə böyük rolu olduğunu demək olmaz.

İğtişaşlara etnik don geyindirmək də, ümumiyyətlə, düzgün olmazdı. Çünki əsas iğtişaşlar heç də azərbaycanlıların, ərəblərin yaşadığı bölgələrdə baş verməyib. Onlar, əsasən, Məşhəddə, İsfahanda, Qumda, Tehranda və farsların çoxluq təşkil etdiyi şəhərlərdə olub. Ona görə də burada etnik faktora söykənmək doğru deyil".

Politoloqlar klubunun rəhbərinin qənaətincə, bu iğtişaşlar İranda rejimin devrilməsinə, hakimiyyət dəyişikliyinə də gətirib çıxarmayacaq:

#613393## "Çünki bu iğtişaşların başında vahid siyasi lider və ya hərəkat dayanmır. Həbs olunanlar arasında da İran siyasəti üçün önəmli rola malik şəxslər yoxdur. Burada daha çox tələbələr, yoxsul təbəqələrin nümayəndələri yer alır. Sadəcə, narazı kütlə real proseslərdən kənarda qaldığından və gedişata təsir etmək üçün artıq başqa çıxış yolu görmədiyindən bu cür addım atmağa məcbur olub. Əgər burda xarici qüvvələrin, ölkələrin açıq rolu olsaydı, biz bunun əlamətlərini hansısa formada görərdik. Hətta aksiyalardakı plakatlar belə əllə, özü də tələm-tələsik yazılıb, nümayişlər mütəşəkkil qaydada keçməyib, kimsə çıxış edib hansısa platforma irəli sürməyib. Ona görə də burada kənar qüvvələrin dəst-xətti görünmür.

Etirazçıların arasında islam idarəçilik üsuluna qarşı çıxanlar da çox olmayıb. Onlar daha çox konkret fərdlərin əleyhinə çıxış ediblər, rejimdaxili proseslərin gedişatından narazılığını bildiriblər, amma islam inqilabının nəticələrini ya ümumiyyətlə təftiş etməyiblər, ya da rejim əleyhinə şüarlar çox az olub. Əks tədbirlər, eləcə də iqtidar tərəfdarlarının izdihamlı nümayişləri isə göstərir ki, bu müqavimətin sosial bazası kifayət qədər geniş və mütəşəkkil deyil".

Qeyd edək ki, dekabrın 28-də İranın Məşhəd şəhərində sosil tələblərlə başlayan etiraz aksiyaları daha sonra Kirmanşah, Həmədan, Qum, İsfahan, Rəşt və digər şəhərlərə, eləcə də Təbriz və paytaxt Tehranadək yayılıb. Bu günlər ərzində təhlükəsizlik qüvvələri, dinc sakinlər və iğtişaşçılar da olmaqla etiraz aksiyası zamanı ölənlərin sayının 20-30 nəfər arası olduğu bildirilir.

Xatırladaq ki, İran prezidenti Həsən Ruhani bildirib ki, etiraz aksiyaları ölkə daxilindəki problemlərlə bağlıdır və etiraz etmək vətəndaşların konstitusion hüququdur. Lakin aksiyaların süni şəkildə başqa istiqamətə yönəldilməsi və bəzi yerlərdə iğtişaşlara çevrilməsi digər dövlətlərin müdaxiləsi ilə əlaqələndirildi. "İranda fitnəni törədənlər çox sərt cəzalandırılacaqlar" İranın Təhlükəsizlik Nazirliyi  (Ettelaat) məlumat yayaraq bildirib ki, son  hadisələrin təhrikedicilərindən, təxribatçılar və iğtişaşçılardan bəziləri  müəyyən edilib və həbs olunub. Həbs olunanların sayı isə yüzlərlədir.

İran İslam Respublikasının Keşikçilər Korpusunun (SEPAH) baş komandanı general-leytnant  Məhəmmədəli Cəfəri deyib ki, baş verən fitnə artıq sona çatıb və fitnəkarlar məğlubiyyətə uğrayıblar. Onun sözlərinə görə, ABŞ, İsraildəki sionistlər və Səudiyyə Ərəbistanı "İŞİD" terror təşkilarına göstəriş verib və onların bəzi qrupları iğtişaşlar və partlayışlar törətmək məqsədilə İrana girib.

İlkin İzzət Son.az

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində