Ekspert: "Yeni gömrük rüsumları avtomobil bazarında qiymətləri 20% artıracaq"


İqtisadiyyat 05 Yan 2018 16:46:41 343 0

Ekspert: "Yeni gömrük rüsumları avtomobil bazarında qiymətləri 20% artıracaq"

Bəzi avtomobil dilerləri isə daxili bazarda qiymət artımının 5-10% olacağını düşünürlər

Bu ilin əvvəlindən Azərbaycana idxal olunan avtomobillər üzrə gömrük rüsumlarının artırılması bütövlükdə daxil bazardakı cari qiymətlərə təsirsiz ötüşməyəcək.

Bunu "Report"a açıqlamasında Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı deyib: "Təbii ki, bu, əsasən mühərrik həcmi daha iri olan avtomobillərin qiymətində özünü göstərəcək". 

Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı

R.Osmanlının fikrincə, yeni qaydalar avtomobillərin qiymətinin 20% bahalaşmasına səbəb olacaq: “Gömrük rüsumunun artırılması bir tərəfdən idxalı azaldacaq. Bu isə bilavasitə təklifin daralmasına və qiymət artımına gətirib çıxaran amildir. Eyni zamanda, mühərrikin hər 1 kubsantimetrinə görə 1,5 manat rüsum hesablanacaq ki, bu da kifayət qədər yüksək rəqəmdir. Nəticədə, avtomobillərin qiymətinin ən azı 15-20% artmasına təsir edəcək”.

“Sirena Motors” şirkətinin (Çin avtomobil brendlərinin rəsmi dileri) marketinq meneceri Əyyub Əliyev isə “Report”a açıqlamasında bildirib ki, rüsumların artırılmasının yeni gələn maşınların satış qiymətinə təsiri olacaq: "Lakin əvvəldən gətirilənlərə təsiri yoxdur".

“Sirena Motors” şirkətinin marketinq meneceri Əyyub Əliyev

Onun sözlərinə görə, yeni maşınlar fevralın əvvəlində ölkəyə gətiriləcək: “Hazırda endirim üçün zavodlarla danışıqlar gedir. Çalışırıq ki, zavod bizə endirim etsin ki, yeni rüsumlara uyğun olaraq əlavəni də cüzi edək. Hazırda maşını həmişəkindən daha ucuz almağa çalışırıq. Əgər əvvəl hansısa maşını 18 min manata alıb 21 min manata satırdıqsa, indi çalışırıq ki, 17 min manata alıb heç olmasa 21 500 manata sataq”.

Toyota Bakı Mərkəzin PR mütəxəssisi Eldəniz Cəfərov isə “Report”a yeni gömrük idxal rüsumlarının qiymətlərə təsirinin 10%-i ötməyəcəyini qeyd edib: “Bu, 2018-ci ildə gətirilən avtomobillərin qiymətinə təsir edəcək və həmin təsir o qədər də yüksək deyil, təxminən, 5-6% olacaq. Dövlət rüsumunun 80% yüksəlməsi o demək deyil ki, avtomobilin qiyməti 80% artacaq”.

Toyota Bakı Mərkəzin PR mütəxəssisi Eldəniz Cəfərov

Qeyd edək ki, Nazirlər Kabinetinin 17 noyabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilən “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətinin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nə görə, ölkəyə idxal edilən minik avtomobillərinə tətbiq edilən gömrük rüsumu 2018-ci il yanvarın 1-dən dəyişib və orta hesabla təxminən 70% artırılıb.