Ehtiyatda olan polkovnik: “Horadiz döyüşləri Azərbaycan xalqının qürur mənbəyidir”


Siyasət 05 Yan 2018 16:03:00 271 0

Ehtiyatda olan polkovnik: “Horadiz döyüşləri Azərbaycan xalqının qürur mənbəyidir”

Horadizin erməni işğalından azad edilməsinin 24-cü ildönümü qeyd olunub

 “1994-cü ilin qışında baş verən Horadiz döyüşləri Azərbaycan xalqının qürur mənbəyidir”.

“Report”un məlumatına görə, bunu uğurlu Horadiz əməliyyatlarına komandirlik etmiş ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib. 

Polkovnik bildirib ki, bu döyüşlər Azərbaycan xalqının qürur mənbəyidir: "Bu uğurlu əməliyyatın banisi ümummili lider Heydər Əliyev idi. Ulu öndərin çağırışından sonra heyət səfərbər oldu və hücum əməliyyatları həyata keçirildi".

Ş.Ramaldanov qeyd edib ki, atəşkəsin elan olunması müharibənin bitməsi deyil: "2016-cı ilin aprel ayında Azərbaycan ordusu bir daha qəhrəmanlığını göstərdi. Bu zərbədən sonra düşmən hələ də özünə gəlməyib. Azərbaycan əsgərinin gücünü bütün dünya, o cümlədən düşmən Ermənistan da bilir. Artıq Ermənistan rəhbərliyi müharibə başlayacağı halda, onları nə gözlədiyini bilir. Artıq onlar öz narahatlıqlarını bildirirlər. Əgər Azərbaycan öz torpaqlarını hərb yolu ilə işğaldan azad edərsə, erməni analarının gözü yaşlı olacaq".

Ehtiyatda olan polkovnik vurğulayıb ki, Horadiz əməliyyatı bu uğurların başlanğıcı idi: "Aprel döyüşləri isə bunun davamı idi. İnanıram ki, bundan sonra da bizim belə qələbələrimiz olacaq. Şəhidlərimizin qanı yerdə qalmayacaq".

Qeyd edək ki, bu gün Azərbaycan ordusunun Ermənistanın işğal etdiyi Füzuli rayonunun Horadiz qəsəbəsinin azad olunması üçün keçirdiyi uğurlu əməliyyatlardan 24 il ötür. Bu münasibətlə 704 saylı Hərbi hissəsinin keçmiş komandirləri və döyüşçüləri Fəxri və Şəhidlər xiyabanlarını ziyarət ediblər. Keçmiş döyüşçülər Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarı üzərinə əklil qoyublar. 

Sonra görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül dəstələri qoyublar.

Keçmiş döyüşçülər Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət ediblər, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.