SOCAR-dan Kompleks Qazma İşləri Trestində qanunsuzluqlarla bağlı iddialara münasibət


Digərləri 05 Yan 2018 14:54:00 194 0

SOCAR-dan Kompleks Qazma İşləri Trestində qanunsuzluqlarla bağlı iddialara münasibət

SOCAR Kompleks Qazma İşləri Trestində qanunsuzluqlarla bağlı iddialara münasibət bildirib.

Bakı. SOCAR Kompleks Qazma İşləri Trestində qanunsuzluqlarla bağlı iddialara münasibət bildirib. SOCAR-dan Trend-ə bildiriblər ki, şirkətdə korporativ standartlardan kənarlaşma ehtimalı olan struktur çərçivələri və davranışlarla bağlı daimi araşdırmalar aparılır, şirkətin nüfuz və mənafeyinə ziyan vura bilən özbaşınalıq və qayda pozuntuları haqqında alınmış bütün siqnallar ciddi şəkildə yoxlanılır: "Məhz bu səbəbdəndir ki, hələ 2012-ci ildə, şirkətin müasir korporativ fəaliyyət tərzinə keçid prosesinin bir hissəsi olaraq, SOCAR-ın daxili antikorrupsiya siyasəti qəbul olunub və onun həyata keçirilməsi üçün Risklərin İdarəedilmə Komitəsi yaradılıb, nüfuzlu beynəlxalq məsləhətçi şirkətlərin cəlb edilməsi ilə praktiki mexanizmlər müəyyən edilib. Bu tədbirlər çərçivəsində şirkət üzrə vahid “qaynar xətt” yaradılıb. SOCAR-ın rəsmi veb-saytı, e-poçt və digər əlaqə vasitələri ilə əməkdaşlar, eləcə də başqa maraqlı şəxslər müşahidə etdikləri qanunsuzluq, korrupsiya və buna bənzər hallarla bağlı anonim və ya açıq formada məlumatlarını araşdırılması üçün göndərə bilirlər və daxil olan müraciətlər yaradılmış xüsusi komissiya tərəfindən araşdırılır". Qeyd olunub ki, Trestdə işə qəbul prosesi ilə bağlı yayılan məlumatlar müvafiq yoxlama zamanı şirkət daxilində araşdırılıb, yekun nəticələr əldə edilib: “Bununla bağlı bildiririk ki, 2017-ci il ərzində Kompleks Qazma İşləri Trestində Əmək Məcəllləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (işçilərin sayı və ştatların ixtisarı ilə əlaqədar olaraq), qeyd edilənlərdən fərqli olaraq, yalnız iki nəfər işdən azad edilib. Onlardan biri səhhətində problem olduğu üçün əməkhaqqının 5 misli məbləğində müavinət alaraq əmək müqaviləsinə xitam verilməsini özü istəyib. Digəri - Arif Qəmbərov isə ştat ixtisarı ilə əlaqədar ona təklif olunan müxtəlif vəzifələrdən imtina edib, Trest qarşısında qanunsuz şərtlər irəli sürüb, ona edilən təkliflərdən bir neçə dəfə imtina etdiyi üçün onunla bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin tələblərinə ciddi əməl olunmaqla ləğv edilib. Həmin şəxsin müvafiq məhkəməyə təqdim etdiyi iddia da qanunsuz olduğu üçün rədd edilib”.