ATƏT-in fəaliyyətdə olan sədri yanvarın 11-də illik prioritetlərini açıqlayacaq


Siyasət 05 Yan 2018 14:46:12 319 0

ATƏT-in fəaliyyətdə olan sədri yanvarın 11-də illik prioritetlərini açıqlayacaq

Anjelino Alfano: "Qarabağ münaqişəsinin həlli istiqamətində cəhdlərimizi davam etdirəcəyik"

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) fəaliyyətdə olan sədri, İtaliyanın xarici işlər naziri Anjelino Alfano 2018-ci ildə fəaliyyətinin prioritetlərini yanvarın 11-də Vyanada keçiriləcək Daimi Şuranın iclasında açıqlayacaq.

Bu barədə "Report"a ATƏT-in katibliyindən bildiriblər.

Xatırladaq ki, yanvarın 1-də ATƏT-ə sədrliyi Avstriyadan qəbul edən İtaliyanın regionda uzun sürən bir sıra münaqişələrin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həlli üçün səylərini davam etdirəcəyinə söz verdiyi bildirilib.

"İtaliya mövcud formatlar vasitəsilə bir sıra uzun sürən münaqişələrin həlli üzrə ATƏT-in fəaliyyətini gücləndirəcək. ATƏT məkanında olan münaqişələrin həlli üçün formatlar məlumdur. 2008-ci ildə Gürcüstanda baş verən münaqişənin nəticələrinin aradan qaldırılması məqsədilə Cenevrə beynəlxalq müzakirələr formatı yaradılıb. Moldovanın Dnestryanı bölgəsindəki münaqişənin həlli üçün "5+2" formatı mövcuddur. Həmçinin Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ATƏT-in Minsk qrupu çərçivəsində 3 həmsədr ölkə ilə birlikdə cəhdlərimizi davam etdirəcəyik", - A.Alfano vurğulayıb.