Qlobal borcun həcmi rekord səviyyəyə çatıb


İqtisadiyyat 05 Yan 2018 12:05:53 253 0

Qlobal borcun həcmi rekord səviyyəyə çatıb

Ötən ilin ilk 9 ayında borcun həcmi 16 trln. dollar artıb

Qlobal borc miqdarı 2017-ci ilin III rübünün yekununda 233 trln. dollara yüksələrək rekord səviyyəyə çatıb. "Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Maliyyə İnstitutu (IIF) məlumat yayıb.

Məlumatda bildirilir ki, 2017-ci ilin yanvar-sentyabr aylarında qlobal borcun həcmi 16 trln. dollar və ya 7,37% artım göstərib. Maliyyə sektoru istisna olmaqla, özəl sektorun borcu Kanada, Fransa, Honq-Konq, C.Koreya, İsveçrə və Türkiyədə tarixi rekord həddə çatıb.

Buna baxmayaraq, qlobal borcun ÜDM-ə nisbəti əmsalı II rübün yekununda, qlobal iqtisadi artımın sürətlənməsi fonunda son 4 rübdə geriləmə nümayiş etdirərək illik müqayisədə 3 faiz bəndi azalaraq 318%-ə düşüb.

IIF analitiklərinin fikrincə, "sinxron şəkildə potensialdan daha artıq artım göstərən dünya iqtisadiyyatı Çin və Kanadada borc səviyyəsinin artımındakı qeyri-sabitliyi aradan qaldıraraq borclanma əmsalının azalmasına səbəb olub".

IIF-in analitikləri həmçinin bildiriblər ki, qlobal korporativ borcun yüksək səviyyədə olması mərkəzi bankların uçot dərəcəsini artırmasını əngəlləyə bilər.