Həsən Ruhani kimdir?


Dünya 04 Yan 2018 20:07:00 261 0

Həsən Ruhani kimdir?

69 yaşlı Həsən Ruhani ilk prezidentlik müddətinə İran İslam Respublikasının siyasi spektrinin mərkəzindən başlayıb. Lakin artıq Həsən Fereydun Ruhani sola dönərək İranda islahatçı qüvvələrə yaxınlığı ilə tanınır.

İkinci prezidentlik müddəti uğrunda keçən ilin iyun ayında keçirdiyi seçki kampaniyası zamanı, o, əsas mühafizəkar rəqibi, din xadimi və hakim İbrahim Raisidən fərqli olaraq daha müasir və gələcəyə baxan bir İran yaratmağa vəd edib.

O, kampaniya vaxtı seçicilərə xəbərdarlıq etmişdi ki, gələcək prezidentin bircə səhv qərarı bütün ölkəni müharibəyə bürüyə bilər.

Ölkədə müharibənin ehtimalını azaltmasına baxmayaraq, cənab Raisi prezident Ruhaninin ABŞ-ın Obama administrasiyası və digər aparıcı dövlətlərlə əldə etdiyi nüvə sazişindən razı deyildi.

Yeni ABŞ prezidenti Donald Trump hədələri və sazişin ABŞ konqresindəki fəal rəqiblərindən asılı olmayaraq, prezident Ruhani nüvə sazişinin qüvvədə qalmasını istəyir.

Seçki vaxtı cənab Ruhani, həmçinin İranın durğun iqtisadiyyatını canlandırmağa, fərdi hüquqları və siyasi azadlıqları möhkəmləndirməyə və ölkəni mühafizəkar qüvvələrin ifratçı fikirlərindən uzaqlaşdırmağa vəd etmişdi. O, kişi və qadınlar arasında bərabərliyə, internetə girişi genişləndirməyə və ümumiyyətlə, İranın xaricə açılmasına səy göstərəcəyini demişdi.

O, dəfələrlə İranın islahat hərəkatını tərifləyərək özünü mühafizəkar qüvvələrinin hədəfinə çevirib. Lakin o, 2017-ci ilin may ayında topladığı böyük səs çoxluğu ilə ikinci prezidentlik müddətinə başlayıb.

İlk prezidentlik müddəti

2013-cü ildə prezidentliyə namizədliyini ilk dəfə irəli sürəndə, cənab Ruhani onun niyyətlərindən şübhələnən mühafizəkar siyasətçilərin böyük çoxluq təşkil etdiyi hakimiyyət qurumlarına qarşı çıxacağını anlayırdı.

Prezident Mahmud Əhmədinejadın hakimiyyəti dövründə öz yaşam tərzlərinin pisləşməsinə və ölkənin nüfuzuna dəyən xəsarətə şahid olan iranlıların çoxu Ruhaninin - "mötədillik və ehtiyatlılıq" kampaniya sloqanını müsbət qarşılamışdılar.

Həsən Ruhaninin ABŞ-la dialoqa hazırlığı iki ölkənin xarici işləri nazirləri arasında çoxsaylı görüşlərlə nəticələndi

İqtidarın üzvü kimi tanınsa da, cənab Ruhani seçki kampaniyasında keçirdiyi toplantılarda böyük izdihamlar yaranmışdı. Buna səbəblərdən biri, onun İrana qarşı sanksiyaları yüngülləşdirməyə, vətəndaş hüquqlarını möhkəmləndirməyə və "ölkənini şərəfini" bərpa etməyə verdiyi vədlər olub.

Çoxları onun Ayətullah Əli Xameneyinin ilk seçimi olmadığını düşünürlər. Lakin İranın nüvə proqramına görə dünya gücləri ilə təhlükəli qarşıdurması, bu vəziyyətdən çıxışı ölkə üçün əsas prioritetə çevirmişdi və bu səbəbdən Ayətullah Xameneyi sonda dəstəyini cənab Ruhaniyə vermişdi.

2013-cü ildə prezidentlik dövrünə başlamasından bir neçə həftə sonra Həsən Ruhani ABŞ prezidenti Barack Obama ilə telefonla danışaraq 1979-cu il İran İslam İnqilabından bəri ilk dəfə iki ölkə arasında ən yüksək səviyyədə əlaqəni yaratdı.

Cənab Ruhaninin prezident Obama ilə bu söhbəti İran - ABŞ və digər dünya qüvvələri ilə nüvə danışıqlarına yolu açdı.

Hakimiyyətə gəldikdən sonra, Həsən Ruhani Ayətullah Xameneyidən icazə alaraq nüvə danışıqlarında İranı Milli Təhlükəsizlik Şurası əvəzinə Xarici İşlər Nazirliyinin təmsil etməsinə qərar verdi və Xarici İşlər naziri Cavad Zərifi danışıqlarda İranın əsas nümayəndəsi təyin etdi.

Cənab Zərif və ABŞ Dövlət Katibi John Kerry-nin Cenevrə gölü sahili ətrafında gəzərək zarafatcıl söhbətləri baş vermədən əvvəl bunun mümkün olduğuna yəqin ki, çox az adam inanardı.

Lakin danışıqlar davam etdikcə bu adi bir səhnəyə çevrildi.

Gələcəkdəki çətinliklər

Həsən Ruhani əvvəldən xəbərdarlıq verib ki, İranın müxtəlif problemlərinin "bir günlük həlləri yoxdur".

Nüvə sazişi İrana qarşı iqtisadi sanksiyaların qaldırılmasına səbəb olub. Lakin bunun müsbət nəticələri bir çox iranlı üçün hiss olunmur. İranlıların əksəriyyəti həyatlarına böyük dəyişiklik hiss etmədiklərini deyirlər.

İqtisadiyyat hələ də durğun vəziyyətdədir və böyük ehtiyaclar olmasına baxmayaraq, İran hələ də özünə kifayət qədər xarici investisiya cəlb edə bilməyib.

Cənab Ruhani 2011-ci ildən bəri ev dustaqlığında olan islahatçı siyasi liderləri azad etməyə söz versə də, bu məsələdə mühafizəkarların inadkarlığı onların vəziyyətində dəyişikliyə imkan verməyib.