Cəlilabadda hadisə yerindən qaçan sürücü həbs edilib


Sosial 04 Yan 2018 17:30:24 250 0

Cəlilabadda hadisə yerindən qaçan sürücü həbs edilib

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir

Polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad rayonu ərazisində yol nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmış sürücü həbs edilib.

Bu barədə “Report”a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Belə ki, yanvarın 3-də saat 18 radələrində Ələt-Astara-İran sərhədi yolunun Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisindən keçən hissəsində naməlum avtomobilin sürücüsünün yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq 1969-cu il təvəllüdlü Bayramov Seymur Seyfi oğlunu vurub hadisə yerindən qaçması və sonuncunun aldığı xəsarətlərdən vəfat etməsi faktına görə Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin Yol Nəqliyyat Hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat şöbəsində Cinayət Məcəlləsinin 263-1.3 (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Aparılmış tədbirlər nəticəsində yol nəqliyyat hadisəsinin sürücülük hüququ olmadan və sərxoş vəziyyətdə “VAZ 21013” markalı 12 BA 438 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən 1980-ci il təvəllüdlü, Cəlilabad rayon sakini Məmmədov Şahin Museyib oğlu iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan olunub və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.