Bakıda daha bir nəqliyyat mübadilə mərkəzi istifadəyə verilir


Digərləri 04 Yan 2018 15:58:00 262 0

Bakıda daha bir nəqliyyat mübadilə mərkəzi istifadəyə verilir

"Dərnəgül" Nəqliyyat Mübadilə Mərkəzinin yaradılması istiqamətində işlər yekunlaşıb.

Bakı Nəqliyyat Agentliyindən Son.az-a verilən məlumata görə, metronun "Dərnəgül" stansiyasının ətrafında yaradılan mübadilə mərkəzinin ərazisində asfalt örtüyü və piyada səkiləri təmir olunub, yol nişanları və nişanlanması təşkil edilib, 5 ədəd yeni avtobus dayanacaq pavilyonu quraşdırılıb. Mərkəz istifadəyə verildikdən sonra burada gün ərzində 11 marşrut xətti üzrə 112 avtobusun sərnişinlərə xidmət göstərəcəyi planlaşdırılır. Ərazidə eyni zamanda taksi minik avtomobilləri üçün də duracaqlar müəyyənləşdirilərək nişanlanıb.

Yaxın vaxtlarda istifadəyə veriləcək "Dərnəgül" Nəqliyyat Mübadilə Mərkəzinin fəaliyyətə başlaması ilə əsasən ətraf kənd və qəsəbələrdən "Azadlıq prospekti" metro stansiyasına gələn marşrut xətlərinin son dayanacaq məntəqəsi dəyişdirilərək yeni mərkəzə köçürüləcək. Məqsəd günün pik saatlarında metronun "Azadlıq prospekti" stansiyası ətrafında nəqliyyatın xaotik hərəkətinin qarşısını almaq və sıxlığı aradan qaldırmaqdır.