Azərbaycanda suvarma suyu üzrə itki normasının müəyyənləşdirilməsi təklif olunur


İqtisadiyyat 04 Yan 2018 11:40:46 349 0

Azərbaycanda suvarma suyu üzrə itki normasının müəyyənləşdirilməsi təklif olunur

Kənd təsərrüfatı istehsalçılarına çatdırılanadək itkinin səviyyəsi texniki-iqtisadi göstəricilərlə əsaslandırılmayıb

Azərbaycanda suvarma suyu üzrə itki normasının müəyyənləşdirilməməsi nəzarət üçün və fəaliyyətin qiymətləndirilməsi baxımından büdcə xərclərinin səmərəliliyini və nəticəliliyini qiymətləndirməyə imkan vermir.

“Report” bu barədə Hesablama Palatasının “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin meliorasiya, mexaniki suvarma və qış otlaqlarının su təminatı sistemlərinin istismarı idarələrinin fəaliyyətinin təhlilinə istinadən xəbər verir.

Bildirlir ki, enerji sektorundan, içməli su üzrə satışdan fərqli olaraq “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin tabeli suvarma idarələri üzrə suvarma suyunun itkisini (beton kanalları və torpaq kanalları üzrə ayrı-ayrılıqda) müəyyənləşdirən normativ sənəd mövcud deyil və Cəmiyyət tərəfindən bu məsələni tənzimləyən normativ sənədin hazırlanaraq təsdiq edilməsi üçün aidiyyəti üzrə təqdim olunması təmin edilməyib.

Aparılmış auditin nəticələrinə əsasən, suvarma suyu üzrə itkinin miqdarı və səviyyəsi Pirəzə mexaniki suvarma İdarəsi üzrə 2015-ci ildə 45 815 min kubmetr və ya 42,5%, 2016-cı ildə 66 544 min kubmetr və ya 50,1%, Sabirabad mexaniki suvarma İdarəsi üzrə 2015-ci ildə 166 426 min kubmetr və ya 44,1%, 2016-cı ildə 170 030 min kubmetr və ya 44,1%, Ağdam mexaniki suvarma İdarəsi üzrə 2015-ci ildə 69 835 min kubmetr və ya 22,8%, 2016-cı ildə 77 696 min kubmetr və ya 24,3%, Mollakənd mexaniki suvarma İdarəsi üzrə 2015-ci ildə 40 451 min kubmetr və ya 32,0%, 2016-cı ildə 41 951 min kubmetr və ya 33,2% rəsmiləşdirilib, ölkədə suvarma suyunun mənbədən götürüləndən kənd təsərrüfatı məhsulları istehsalçılarına çatdırılanadək itkinin səviyyəsi texniki-iqtisadi göstəricilərlə əsaslandırılmayıb, bu məsələyə zəif nəzarət edilib. Cəmiyyətin mexaniki suvarma idarələri üzrə ən yüksək itki səviyyəsi Pirəzə mexaniki suvarma İdarəsi üzrə olub.

Bildirək ki, cəmiyyətin mexaniki suvarma idarələrinin saxlanılması, fəaliyyətinin təşkili və suvarma kanallarının istismarı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Suvarma suyunun istehlakçılara çatdırılmasınadək yüksək itkilərin qarşısının alınması və itkilərin optimal səviyyəyə endirilməsi bilavasitə Cəmiyyətin mexaniki suvarma idarələrinin büdcədənkənar vəsaitləri üzrə daxilolmalarının artmasına və dövlət büdcəsinin yükünün qismən azalmasına gətirib çıxaran əsas amillərdən biridir.

Məlumata əsasən, Sudan İstifadə edənlər Birliklərinin (SİB) kənd təsərrüfatı məhsulları istehsalçılarına satdığı suvarma suyunun orta illik satış tarifi mexaniki suvarma idarələrindən suyun alış qiymətindən dəfələrlə yüksək olmaqla orta hesabla 1 000 kubmetr üçün 0,80-2,47 manat arasında dəyişıb.

Ümumilikdə, SİB-lər tərəfindən suvarma suyunun qiymətinin müəyyənləşdirilməsinə dair konkret nəzarət mexanizmi və vahid yanaşma müəyyən edilmədiyindən SİB-lərin qiymət müəyyənləşdirilməsi bir çox hallarda əsaslı olmayıb. Belə ki, “Meliorasiya və irriqasiya haqqında” qanuna görə, SİB-lərin ümumi yığıncağı tərəfindən təsdiq edilən suyun qiymətinin əsaslandırılmasına dövlət nəzarət orqanı - “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC tərəfindən nəzarət edilməsi müəyyənləşdirilsə də həmin nəzarətin mexanizmi hazırkı vaxtadək konkret müəyyən edilməyib, bu nəzarət mexaniki suvarma idarələri tərəfindən ümumi formada həyata keçirilib.