Donald Trampın prezidentliyi dövründə ABŞ cəmi 29 min 22 nəfər qaçqın qəbul edib


Dünya 04 Yan 2018 11:08:34 263 0

Donald Trampın prezidentliyi dövründə ABŞ cəmi 29 min 22 nəfər qaçqın qəbul edib

Bu, son 15 ildə qeydə alınan ən aşağı göstəricidir

Donald Trampın prezidentliyi dövründə ABŞ cəmi 29 min 22 nəfər qaçqın qəbul edib. 

"Report" TASS-a istinadən xəbər verir ki, bunu "USA Today" qəzeti yazıb.

Qəzetin Dövlət Departamentinin məlumatları əsasında hazırladığı məqalədə bildirilib ki, bu, son 15 ildə qeydə alınan ən aşağı göstəricidir.

Məqalədə vurğulanıb ki, ABŞ-da sığınacaq axtaranların ölkəyə girişinə belə az sayda icazə sonuncu dəfə 2002-ci ildə - "Əl-Qaidə" terror qruplaşmasının 11 sentyabr 2001-ci il tarixində Nyu-York və Vaşinqtonda hücumlar həyata keçirməsindən sonra qanuni immiqrasiya axınının azaldıldığı dövrdə verilib.

Qəzetin yazdığına görə, sonradan kiçik Corc Buş və Barak Obamanın prezidentlikləri dövründə bu kvota 70-80 min civarında dəyişib. 2016-cı ildə ABŞ-a bu proqram çərçivəsində ölkələrində siyasi, milli, dini və digər səbəblərə görə təqib edən 94,8 min adam gəlib.

Qeyd olunub ki, D.Tramp hələ seçki kampaniyası zamanı ölkənin immiqrasiya siyasətini sərtləşdirəcəyinə söz vermişdi. 2017-ci il yanvarın 20-də vəzifəyə gəldikdən cəmi bir həftə sonra Tramp ABŞ-da ictimai təhlükəsizliyin gücləndirilməsi məqsədilə sənəd imzalayıb. Ağ ev iddia edib ki, bu, ölkənin təhlükəsizliyini gücləndirməyə yönəlib. Oktyabr ayında isə D.Tramp 2018-ci maliyyə ilində (1 oktyabr 2017-ci ildən başlayıb) qaçqınların qəbul kvotasının maksimum 45 min nəfər müəyyən edilməsi ilə bağlı sərəncam imzalayıb.

"USA Today" vurğulayıb ki, bütün bunlarla yanaşı, 11 ölkənin - Misir, İran, İraq, Liviya, Mali, Şimali Koreya, Somali, Sudan, Cənubi Sudan, Suriya və Yəmənin vətəndaşlarının qaçqınlarla bağlı proqram çərçivəsində ABŞ-a girişi imkanını faktiki əlindən alan məhdudiyyətlər tətbiq edilib.