"Moody's": Bu il neftin qiyməti 40-60 dollar/barel diapazonunda dalğalanacaq


İqtisadiyyat 04 Yan 2018 10:49:16 247 0

"Moody's": Bu il neftin qiyməti 40-60 dollar/barel diapazonunda dalğalanacaq

Qlobal neft şirkətləri təbii qaza keçidlə bağlı investisiyalarını artıracaq

Bu il dünya neft sənayesində canlanma davam edəcək və neft hasilatı artacaq. "Report" xəbər verir ki, bu barədə "Moody's" beynəlxalq reytinq agentliyinin 2018-ci il üçün qlobal neft sənayesinə dair icmal hesabatında bildirilir.

Hesabatda qeyd olunub ki, OPEC-in neft hasilatının azaldılması ilə bağlı anlaşmanı 2018-ci ilin sonuna qədər uzatmasına baxmayaraq, il ərzində neft qiymətləri 40-60 dollar/barel diapazonunda dalğalanacaq. Həmçinin, neft qiymətlərinin bu diapazonda qalması və ya onu ötməsi durumunda neft ölkələrinin hasilatı artırması və ABŞ-da şist neft hasilatının yüksəlməsi proqnozlaşdırılır.

"Moody's"in ekspertləri hesab edirlər ki, Şimali Amerikada 2017-ci ildə neft sənayesinə investisiya qoyuluşları güclənib və nəticədə, bu il hasilatın artacağı ehtimal edilir. Hesabatda qeyd olunub ki, 2018-ci ildə minik avtomobillərinin sayının artması səbəbi ilə neftə tələbat yüksələcək. Minik avtomobillərinin sayının artması səbəbindən neftə tələbatın 2030-cu ildə rekord həddə çatması və bu göstəricinin 2040-cı ildə yenilənməsi gözlənilir.

Bununla yanaşı "Moody's" bildirib ki, 2018-ci ildə qlobal neft şirkətlərinin bərpa olunan və alternativ enerji texnologiyaları ilə uzunmüddətli perspektivdə təbii qaza keçidlə bağlı investisiyalarını artıracaq.