"Balamın balası balamı əvəz edə bilməz"


Kriminal 03 Yan 2018 19:25:00 253 0

"Balamın balası balamı əvəz edə bilməz"

Son.az kaspi.az-a istinadən müsahibəni təqdim edir.

"Valideyn olmaq ülvi hissdir, ancaq nənə olmaq bambaşqa duyğudur" - bu sözləri bizə əməkdar incəsənət xadimi, tanınmış xanəndə Gülüstan Əliyeva deyir. "Mənim nəvəm" rubrikamızın qonağı olan sevilən sənətçinin yaradıcılığına bələd olsaq da, bu dəfə onu nənə kimi tanımağa çalışdıq.

Yəqin ki, çoxunuz heç onun nənə olmasından da xəbərdar deyilsiniz. Xanəndə o qədər gənc görünür ki, bu yaxınlara qədər biz də onun bu statusundan xəbərdar deyildik. Məsələdən xəbər tutar-tutmaz, ifaçının təəssüratlarını öyrəndik:   - Nəvəm Banuçiçək mənim üçün çox şirin və dəyərlidir. Ondan enerji alıram, ilhamlanıram. Nəvəmlə birlikdə olanda zaman sürətlə keçir. Nəvə sahibi olmaq insana fərqli hisslər aşılayır.

- Nəvənizi övladınız qədərmi istəyirsiniz?

- ...Deməzdim. Nəvə övladdan fərqlidir. Mənə görə, nəvə heç zaman övladın yerini verə bilməz. Düzdür, nəvə şirindir, sevimlidir, ancaq hər nə qədər sevilsə də, övladı əvəzləməz. Övladın yeri tamam başqadır. Banuçiçək gözümüzün işığı, canımız, ciyərimizdir. O mənim balamın balasıdır.

- Hətta bir mahnının sözlərində deyilir ki, "övladdan da şirindir, şirindir nəvə".

- Əlbəttə, şirindir, mən demirəm ki, elə deyil. Ancaq insan gənc yaşlarında övlad sahibi olur, onun qayğısına qalır, bu hisslərin nə qədər müqəddəs olduğunu bir qədər hiss etmir. Övladına olan o sevgini, o diqqəti bəlkə də o dərəcədə vermək iqtidarında olmur. Nəvə olduğu zaman nənələr, babalar kamil yaşda olurlar, müəyyən bir səviyyəyə qədər gəlib çatırlar. Belə olan halda, onlar nəvəni başqa cür kəşf edirlər. Nəvələrinin timsalında sanki öz övladlarının yenidən uşaqlığını görürlər. Övladlarına edə bilmədiklərini, istəyirlər ki, nəvələr üçün etsinlər. Bax budur nənə olmaq.

- Nəvənizə mahnı həsr etmisinizmi?

- Xeyr. Mən nəvəmə gözəl bir ad qoymuşam - Banuçiçək. Elə bilirəm ki, bu mənim üçün dünyadır. Banuçiçək qədim Azərbaycan adıdır. Gənc xanım, gənc xatun deməkdir. Çiçək kimi, gül kimi xanım mənasını verir.

- Nəvənizə olan sevginizi görən oğlunuz sizi qısqanırmı?

- Əsla. Hərdən mən övladımı qısqanıram. Belə ki, o, qızına "qurban olum sənə" deyəndə, pis oluram. Onda deyirəm ki, elə deməsin. Oğlum deyir, Banuçiçək mənim balamdır. Amma axı o da mənim balamdır. Bir misal var, deyir "qurbanam balama, balam da balasına". 

- Yəni deyirsiniz ki, nəvəniz övladınızın yerini verə bilməz?

- Övladlarımız bizim üçün çoxlu nəvələr dünyaya gətirə bilərlər. Ancaq biz bundan sonra övlad dünyaya gətirə bilməyəcəyik. Ona görə övladım mənim üçün qiymətlidir. Bundan sonra 10 nəvəm də olsa, övladımın yerini heç kim verə bilməz. Onun yeri əvəzolunmazdır. Yenə də deyirəm, bu, mənim subyektiv fikrimdir. Bəlkə başqa nənələr mənim fikrimlə razılaşmaya bilərlər.   - İstərdinizmi ki, nəvəniz sənətinizi davam etdirsin?

- Əgər qeyri-adi, parlaq istedad sahibi olarsa, əlbəttə, onu dəstəkləyərəm. Ancaq yenə də bu məsələdə əsas məsələ valideynlərin üzərinə düşür. Onların fikri daha önəmlidir, nəinki mənim. Görsəm ki fitri istedad sahibidir, hər zaman onu dəstəkləyərəm, arxasında dayanaram. Nə olur-olsun, elə hesab edirəm ki, ailədə bütün uşaqlar musiqi ilə məşğul olmalıdır. Bu, onların dünyagörüşünə, istedadına müsbət təsir göstərir. Əlbəttə ki, bu mütləq lazımdır.


Xəbərə aid fotolar