2017ci ildə Azərbaycan teatrı mütəxəssislərin gözü ilə


Kriminal 03 Yan 2018 19:02:00 281 0

2017ci ildə Azərbaycan teatrı mütəxəssislərin gözü ilə

Son.az artkaspi.az-a istinadən məqaləni təqdim edir.

Bir ili də beləcə başa vururuq. 2017-ci il teatr aləmində heç də az hadisələrlə yadda qalmadı. Bu bir ildə teatr aləmində bir çox hadisələrin - premyeraların, yaradıclıq mübadilələrinin və qastrol səfərlərinin şahidinə çevrildik. Qənaətimiz budur ki, canlı sənət növü olan teatrda yaradıcılıq işləri dayanmayıb. Teatrlarımız mövsüm boyu yeni tamaşalarla seyrçilərin görüşünə gəlib...

Biz də ilin son günlərində sözü teatrşünaslara verdik. Onlardan 2017-ci ildə hansı tamaşanı ilin ən yaxşı tamaşası hesab etdiklərini xəbər aldıq. Fürsətdən istifadə edib, onların hansı aktyor və aktrisanı ilin aktyoru seçdiklərini də soruşduq. Aldığımız cavablar isə müxtəlif oldu. Teatr prosesinə peşəkar müstəvidən yanaşan teatr mütəxəssislərinin fikirləri üst-üstə düşmədi.     Əməkdar incəsənət xadimi, ADMİU-nun elmi işlər üzrə prorektoru,  professor, teatrşünas Məryəm Əlizadəisə hesab edir ki, geridə qoyduğumuz ilin ən yaxşı tamaşası Elçinin "Cəhənnəm sakinləri" tamaşasıdır. Çünki əsərin özü çox aktual və güclüdür: "Əsərin hekayəsi maraqlı, oxunaqlıdır, bədii səviyyəsi yüksəkdir. Əsər səhnədə öz bədii həllini tapıb. Bundan başqa, maraqlı aktyor oyunu və peşəkar rejissor işi ilə bu tamaşanı ilin ən yaxşı tamaşası hesab edirəm. Azər Paşa Nemətovun quruluşunda hazırlanan tamaşanın səhnə tərtibatı da çox möhtəşəmdir".

O ki qaldı ilin ən yaxşı aktyoruna, Məryəm Əlizadə dedi ki, Xalq artisti  Nurəddin Mehdixanlı bütün illərdə oynadığı obrazları ilə tamaşaçıları özünə valeh edir. Tək bu səbəbdən deyil, 2017-ci ildə oynadığı tamaşalarından dolayı, onu ilin aktyoru elan etməkdə heç bir qüsur görmür. İlin aktrisasına gəlincə isə, teatrşünas YUĞ teatrında hazırlanan "Medeya" tamaşasındakı obrazına görə, Gülzar xanım Qurbanovanın adını çəkdi. 

Əməkdar incəsənət xadimi, professor, teatrşünas İsrafil İsrafilov 2017-ci ilin ən uğurlu teatr hadisəsi kimi Rus Dram Teatrında Ərşad Ələkbərovun E.İoneskonun əsəri əsasında hazırladığı "Mərasim" tamaşasının adını çəkdi. Teatrşünasın fikrinə görə, Xalq artisti Fəxrəddin Manafov, Əməkdar artist Mehriban Zəki, aktyorlar Oleq Əmirbəyov, Mariya Dubovitskayanın ifasında tamaşa öz mükəmməl həllini tapıb.

Əməkdar incəsənət xadimi, professor, teatrşünas Aydın Talıbzadəyə görə, ilin ən yaxşı tamaşası "Zəfər" yaradıcılıq studiyasında gənc rejissor Asiman Ağayevin Rövşən Ağayevin əsəri əsasında qurduğu "Sonluğun sonu" monotamaşasıdır. "Tamaşa ahıl bir qadının öz tənhalığının son həddində yaşantı və münasibətlər mozaikasını reflektiv (öz içinə və idrakına yönəlik) tərzdə sərgiləyir. Bu yaşantılar qadının divarlar arxasından səslərini eşitdiyi qonşularına, piano çalğısına, tavandan daman suya, keçmişinə, həsrət qaldığı övladlarına, qapı dışında gerçəkləşən olaylara və məişətinin predmetlərinə, mühitə emosional ovqat reaksiyasıdır. Qısacası, onu deyim ki, mən ilin tamaşasını məhz bu tamaşa hesab edirəm".

ADMİU-nun "Teatrşünaslıq" kafedrasının müəllimi, teatrşünas Elçin Cəfərovgeridə qoyduğumuz ildə ən maraqlı teatr hadisəsinin YARAT Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə keçirilən MAP Beynəlxalq İncəsənət Festivalı və bu festival çərçivəsində nümayiş olunan Gürcüstanın Kral Məhəlləsindəki Teatr adlı kollektivinin "Troya zövcələri" (əslində, qadınları olmalı idi) tamaşası olduğunu bildirdi. "Kral Məhəlləsindəki Teatr", əsasən, müasir dramaturgiyaya meyllidir. Onların əsas prinsipi Gürcüstanda müraciət olunmamış əsərləri səhnəyə gətirməkdir. 28 yaşlı rejissor Data Tavadzenin Evripidin əsərinin motivləri əsasında quruluş verdiyi "Troya zövcələri" adlı tamaşada çağdaş dövrdə müharibədən əziyyət çəkmiş qadınların gerçək hekayələri və müsahibələri də öz əksini tapıb. Fiziki teatr üslubunda olan tamaşada hərəkət sözdən daha təsirli, daha kəskindir, söz başqa şeydən danışır, hərəkət başqa şeyi anlatmağa çalışır. Tamaşada konkret süjet xətti yoxdur, burada baş verənlər gürcü qadınlarının timsalında müharibə görmüş, müharibə acısı dadmış qadınların başına gələnlərdir, ona görə də verbatim janrında olan tamaşada Evripidin dövrü ilə çağdaş zamanımız arasında heç bir sərhəd duyulmur.