2017ci ildə Azərbaycan səhiyyəsinin UĞURLARI


Digərləri 03 Yan 2018 08:16:00 277 0

2017ci ildə Azərbaycan səhiyyəsinin UĞURLARI

2017-ci ildə Azərbaycan səhiyyəsində əsas hadisə uzun müddətdir gözlənilən icbari tibbi sığortanın tətbiqi oldu. Bu məqsədlə həyata keçirilən ilk pilot layihənin icrası üçün məkan olaraq Mingəçevir şəhəri və Yevlax rayonu seçildi.

Son.az Trend-ə istinadən bildirir ki, 2017-ci il yanvarın 1-dən Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Mingəçevir şəhəri və Yevlax rayonunda pilot layihənin icrasına başladı.

Pilot ərazilərdə sığorta olunanların ümumi sayı 256 401 nəfər təşkil edib. Layihə çərçivəsində 1829 sayda tibbi xidmətə təminat verilir ki, bunlardan 480-ni ambulator, 677-si stasionar, 6-sı təcili və təxirəsalınmaz, 18-i ilkin səhiyyə, 23-ü isə fizioterapevtik tibbi xidmətlərə aiddir. Həmçinin 459 laborator müayinəyə və 166 həyati vacib, dəyəri yüksək xidmətlərə təminat verilir.

Qeyd edək ki, baza zərfinə daxil olan tibbi xidmətlərdən bəzilərinin, xüsusilə həyati vacib, dəyəri yüksək əməliyyatların pilot ərazilərdə fəaliyyət göstərən tibb müəssisələrində müvafiq maddi-texniki bazanın və ixtisaslı mütəxəssislərin olmaması səbəbindən icra edilməsi mümkün deyil. Bu səbəbdən sözügedən xidmətlər Agentliklə müqavilə bağlamış 4 tibb müəssisəsi tərəfindən göstərilib.

Səhiyyə sahəsində 2017-ci ilin ən mühüm hadisələrindən biri də yeni əczaçılıq zavodlarının təməlinin qoyulması oldu.

"Scandens Pharmaceuticals Industries Ltd" tərəfindən bərk formalı dərman vasitələri - kardiologiya, nefrologiya, qastroenterologiya və diabet xəstələri üçün əczaçılıq məhsulları, o cümlədən Azərbaycan bazarı üçün mühüm olan digər dərman preparatları hazırlanacaq.

Yeni əczaçılıq zavodunun məhsulları Avropanın GMP standartlarına cavab verəcək. Bu isə daxili tələbatı ödəmək üçün yüksək keyfiyyətli dərman vasitələrinin hazırlanmasına imkan yaradacaq. Müəssisənin məhsullarının, həmçinin MDB və digər xarici ölkələrə ixracı da nəzərdə tutulur. Zavodun gücünün 200 milyon tablet, 40 milyon kapsul və 20 milyon ampulaya qədər artırılması planlaşdırılır. Zavod gələn ilin sonunda fəaliyyətə başlayacaq.

İlk 3 il ərzində müəssisədə istehsalat xarici menecer və texnoloqlar tərəfindən idarə ediləcək. Bu müddət ərzində yerli mütəxəssislər müstəqil iş rejimində işləməyə hazırlanacaq. Zavodda istehsalat prosesi yüksək texnologiyalar tətbiq edilməklə tam olaraq avtomatlaşdırılacaq. GMP qaydalarına uyğun olaraq, istehsalat hər il əczaçılıq istehsalı üzrə beynəlxalq səviyyəli nüfuzlu ekspertlər tərəfindən yoxlanılacaq ki, bu da müəssisənin məhsullarının xarici bazarlara çıxışına yol açacaq.

2017-ci ildə, eyni zamanda, Azərbaycan-İran birgə müəssisəsi olan "Caspian Pharmed" əczaçılıq zavodunun təməli qoyuldu. Zavoda ilkin mərhələdə 20,6 milyon dollar invesisiya qoyulacaq və müəssisədə ağrıkəsici, ürək-damar xəstəlikləri, qeyri-steroid iltihab əleyhinə vasitə, antihistamin kateqoriyalı dərman vasitələri, həmçinin vitaminlər və qida əlavələri istehsal ediləcək. İlkin olaraq zavodda 54 təsiredici maddə üzrə 84 çeşiddə dərman vasitəsi istehsal olunacaq. Zavodun illik istehsal gücü birinci mərhələdə 201 milyon ədəd həb və kapsul təşkil edəcək. Avropanın aparıcı şirkətlərinin mühəndis-layihələndirmə işlərindən, qabaqcıl texnologiya və avadanlıqlardan istifadə olunacaq. "Caspian Pharmed" zavodunun tikintisi 2018-ci ildə başa çatdırılacaq.