İllər əvvəl itən Bitcoinlər milyonlarla dollar dəyərində


Digərləri 02 Yan 2018 21:45:00 323 0

İllər əvvəl itən Bitcoinlər milyonlarla dollar dəyərində

2013-cü ilin yazında Uelsdən olan Ceyms Hovels adlı şəxs xarab olmuş "Dell" markalı kompüterinin sabit diskini tullayır. O, bu hadisədən bir neçə ay sonra diskdə 2009-cu ildə 7500 ədəd Bitcoin saxladığını xatırlayır. Həmin vaxtlar Bitcoin-in dəyəri tədricən 1000 dolları keçirdi. Bu isə o deməkdir ki, Hovels təxminən 7 milyon dollar dəyərində Bitcoin-ə sahib olmaq imkanını itirib.

Son.az kripto.az-a istinadən bildirir ki, sözügedən hekayə həmin vaxt investorlar arasında xüsusi populyarlıq qazanmışdı. Bitcoin özünün "körpəlik" dövrünü yaşayarkən investorlar onu bir növ hobbi kimi istifadə edirdilər. Bitcoin-lərini itirmək onları çox da təəssüfləndirmirdi.

7 milyon dollardan artıq dəyəri olan Bitcoin-lərin olduğu diski zibilliyə atan Hovels bundan çox təsirlənmiş və xəyal qırıqlığına uğramışdı. Bitcoin-in getdikcə dəyərinin artması isə onun yaralarına bir növ duz səpirmiş kimi təsir göstərirdi. Günümüzlə müqayisə etsək, Hovels təxminən 80 milyon dollar itirib.

"Pis münasibət" Dövriyyəyə buraxıldığı ilk dönəmlərdə Bitcoin texnologiyaya maraq göstərənlər üçün əsl hobbi idi. Hovels də bu münasibətdən dolayı 7500 Bitcoin toplamışdı. O, "bəzən zibilliyə nəsə atarkən peşman olursunuz, mən də məhz bunu yaşadım", - deyə qeyd edib.

Hovelsin bu fəaliyyətini dayandırma səbəbi isə dizüstü kompüterinin çıxardığı səs-küydən qız dostunun narahat olması idi. Kompüterinin üzərinə limonad tökən Hovels bundan sonra onu hissələrə ayırır. Sabit diski bir neçə il saxladıqdan sonra zibilliyə atır.

2013-cü ildə Hovels bu fikirləri səsləndirib:

"İndiki vəziyyətdə gülməli, yaxud ağlamalı durumda olduğumu ayırd edə bilmirəm. Bəlkə də əlimə bel götürüb həmin diski qazıb axtarmağım gərəkdir. Fikrimcə, o diski əbədi itirmək taleyimdə var".

"Həyat yoldaşıma söyləməyin" Bu cür itki yaşayan tək şəxs Hovels deyil. Arvadının ona qəzəblənəcəyindən qorxduğu üçün adını gizli saxlayan Avstraliyalı bir şəxs də minlərlə Bitcoin itirdiyini bildirib. Aleks olaraq çağırılmasını xahiş edən şəxs 2009-cu ildə minlərlə Bitcoin qazandığını söyləyib. Bir müddət sonra istifadə etdiyi proqramda ağırlaşma yaranıb və o fəaliyyətini dayandırıb, proqramı silib. Öz Bitcoin-lərini keyfiyyətsiz bir USB-yə atıb.

"Kompüterimdə problem yarandığı və hesabımın ələ keçirilmə təhlükəsinin olduğu üçün bu addımı atdım", -deyə o, qeyd edib. 2013-cü ildə Bitcoin-in dəyəri 1000 dollarlıq həddi keçdikdən sonra Aleks cüzdanını xatırlayır:

"USB-dəki fayla daxil olmaq üçün çalışdım, amma yaddaş yararsız hala düşmüşdü. Cihaz Çində istehsal olunan keyfiyyətsiz mallardan idi". Hovels kimi Aleks də Bitcoin-in qiymətinin artmasını göz yaşları ilə müşahidə edirdi. Hər iki talesiz şəxs milyonçu olmaq şansını itirdi.