"Şəhərdə yeni insanlar peyda olmağa başladı..."


Digərləri 01 Yan 2018 22:15:00 266 0

"Şəhərdə yeni insanlar peyda olmağa başladı..."

Son 20 il ərzində Rusiyada yüzlərlə kiçik şəhər və qəsəbə sakinlər tərəfindən tərk edilərək başsız qalıb, atılıb. Bunun səbəbi həmin şəhərləri yaşadan istehsal müəssisələrin bağlanması. iflası olub. Hazırda daha 300-ə yaxın bu cür şəhərin taleyi tükdən asılı vəziyyətdədir, nəticədə, 14 milyona yaxın rusiyalıların yaşayışı, dolanışığı təhlükə altındadır. BBC Rus Xidməti Rusiyanın Uzaq Şərqində yerləşən şaxtaçılar üçün vaxtilə salınmış, lakin hazırda atılmış şəhərə baş çəkib. Bu şəhərin taleyi bənzər problemlə üzləşən digər ölkələr üçün də aktualdır.

İsti bir avqust günündə Vladimir Voskresenski 50-ci Oktyabr küçəsi ilə addımlayaraq, həyatının ən gözəl günlərini keçirdiyi kiçik şəhərin tanış yerlərini nümayiş etdirir.

"Fasilələrdə imkan tapıb bu çörəkçidən bulka alardım", - o deyir.

"Bu dərzidə ən son dəblər nümayiş etdirilərdi. İşdən sonra isə bu idman salonuna gedərdim".

Biz tərk edilmiş Sovet binalarının yanından keçirik - pəncərələr aralıdır, damlar əyilib. Hava sakitdir və qorxunc bir sükut var.

Lakin Vladimir tanış yerləri göstərdikcə və keçmişi xatırladıqca sanki tilsimlənir və kabus şəhər Kadıkçan elə bil ki, yenidən canlanır.

Vladimir bütün ömrü boyu Rusiyanın uzaq şərqindəki Maqadan regionunda yaşayıb. Onun ailə hekayəti də bu ucsuz-bucaqsız ərazilərlə səsləşir.

Bu ərazilər o qədər uzaqdır ki, buradakı insanlar Rusiyanın digər hissələrinə "materik" deyirlər.

Vladimir gənc yaşlarında kinomexanik kimi işləyib.

Onun Moskva ətrafından olan atası Mixail 1938-ci ildə kiçik cinayət törətməkdə ittiham edilərək beş illik buraya sürgün edilib.

"O, heç vaxt bu barədə çox danışmayıb, lakin onu bilirəm ki, yaxşı işçi olduğuna görə iki dəfə güllələnməkdən yayına bilib".

Onun anası Yevtaliya Cənubi Uralda yerləşən Ufa şəhərindəndir və 1946-cı ildə bura Kommunist Gənclər Təşkilatı ilə könüllü gəlib.

"Həmin vaxtlar gənclər fərqli idi. Onlar nə isə tikmək və ölkə üçün yaxşı işlər görmək istəyirdilər".

Onun hər iki valideyni elektrik olub və bir çox elektrik stansiyalarında işləyiblər. 1974-cü ildə ailə kiçik mədən şəhəri olan Kadıkçana köçüb.

Rusiyanın bu hissəsindəki hər kəs kimi Kadıkçan şəhəri də həbs düşərgəsi kimi tikilib.

Bütün bu region bölgədən axan çayın adı ilə Kolıma adlanır. Onun adı hələ də bir çox rusların ürəyinə qorxu salır.

Bura 1930-cu illərdə Stalin tərəfindən qurulub. O, SSRİ-nin sürətli sənayeləşməsinə dəstək üçün buranın mineral, metal və qızıl ehtiyatlarını emal etmək istəyirdi.

Kolımanın təbii ehtiyatlarından istifadənin ən asan yolu məcburi əməkdən keçirdi.

Yazıçı Varlam Şalamov ömrünün 20 ilə yaxınını Kolımadakı düşərgədə keçirib.

Buradakı düşərgənin fəaliyyətə başlamasından sonrakı iki onillik ərzində təxminən bir milyon dustaq Kolımaya gəlib.

Onlardan təxminən 200 000 nəfəri pis şəraitə görə - pis yediklərinə və mənfi 50 dərəcəyədək olan soyuqlara görə həlak olub.

Rusiyanın ən görkəmli yazıçılarından olan Varlam Şalamov ömrünün 20 ilə yaxınını buradakı düşərgədə keçirib. O, iki il Kadıkçanda yeni açılmış kömür mədənində də işləyib.

Şalamov 1940-cı ildə, Vladimirin atasının düşərgəyə gəlməsindən iki il sonra Kadıkçana göndərilib.

Kolıma əhvalatları adlı qısa hekayələrində o, mədəndəki məhbusların həyatından bəhs edir.

"Qan, aclıq və döyülmələr. Kadıkçan bizi belə qarşıladı".

"Ən pis zaman", misalını da o çəkib.

Vladimir və valideynləri Kadıkçana köçəndə düşərgə artıq çoxdan bağlanmışdı və şəhərin iki kömür mədənində mülki şəxslər işləyirdi.

Buradakı mədənçilər SSRİ-nin digər kömür mədənlərindən yeni mənzil və yaxşı maaş ardınca gəlmişdilər.

Növbəti onillikdə şəhərin əhalisi artır və təxminən 6000 nəfərə çatır.

1970-ci illərdə Kadıkçanda həyat yaxşı idi. Sovet İttifaqı sənaye işçilərinə yaxşı baxırdı, xüsusən də Kolıma kimi ucqarda işləyən işçilərə.

Yerli dükanlar ərzaqla yaxşı təchiz edilmişdi və Qütb restoranında həmişə şərab və canlı musiqi olardı.

Burada xəstəxana və iki məktəb də var idi. Uzun şimal yayında yerli mədəniyyət mərkəzi "Bəyaz gecələr" adlı musiqi festivalı keçirərdi və yeni açılmış Mədənçilər kinoteatrında Alain Delon-un filmləri nümayiş etdirilirdi.

Vladimir yeddi il burada kinomexanik kimi işləyib.

Vladimir Kadıkçanda keçirdiyi yaxşı günləri xatırlayır.

Şəhərdəki hər şey mədənin ətrafında baş verirdi, kino nümayişləri də daxil olmaqla.

Vladimir kinoteatrda keçirdikləri xoşbəxt günləri, ad günü və bayramları necə qeyd etdiklərini xatırlayır.

"Biz həmişə qurutmaq üçün balıq asardıq və bufetdə Tanya xalanın soyuq pivəsi əksik olmazdı".