Həqiqəti söyləyərək yalan danışmaq mümkündürmü?


Digərləri 01 Yan 2018 21:15:00 327 0

Həqiqəti söyləyərək yalan danışmaq mümkündürmü?

Yalanla həqiqətin arasındakı sərhəd getdikcə daha çox dumanlı olmağa başlayır, Melissa Hogenboom belə hesab edir. Belə fərqli yalançılığın hətta yeni adı da var.

Sirr deyil ki, siyasətçilər tez-tez yalan danışırlar, lakin onlar bunu həqiqəti deməklə də edə bilərlər. Çaşbaş qaldınız?

Nəzərə alanda ki, bəlkə də hamımız bu cür etmişik, məsələ aydın olur.

Buna ən yaxşı misal o olardı ki, ananız ev tapşırığını edib-etmədiyinizi soruşanda sizin cavabınız belə olur: "Mən İngilis dili dərsi üçün Tennessee Williams haqqında inşa yazmışam".

Bu həqiqət ola bilər, lakin ev tapşırığını etmisinizmi sualına cavab vermir.

Ola bilsin ki, inşa çoxdan yazılıb və siz bu həqiqəti söyləməklə yazıq ananızı çaşdırırsınız. Bəlkə də heç ev tapşırığına başlamamısınız.

"Doğrunu deməklə" insanı aldatmaq gündəlik həyatda o qədər geniş yayılıb ki, bunu belə də izah etmək olar: həqiqətdən yayınmaq.

Bu halın cəmiyyətdə çox geniş yayılması bəlkə də bizim ümumiyyətlə niyə yalan danışdığımıza aydınlıq gətirir.

Biz həmişə yalan danışırıq, baxmaraq ki, əslində yalan danışmaq həqiqəti deməkdən daha çətindir.

ABŞ prezidenti Abraham Lincoln deyib ki, "heç kim yaxşı yalançı olacaq qədər güclü yaddaşa malik deyil".

1996-cı ildə araşdırmaçı Bella DePaulo hətta o nəticəyə gəlib ki, hər birimiz gündə bir və ya iki dəfə yalan danışırıq.

O, iştirakçılardan bir həftə ərzində hər dəfə yalan danışarkən qeydə almağı xahiş edib, hətta bu yaxşı niyyətli yalan olsa belə.

147 iştirakçıdan yalnız yeddisi heç vaxt yalan danışmadığını deyib - onların da bunu yalan deyib-demədiyi məlum deyil.

Yalanların bir çoxu günahsız, hətta xoşniyyətlidir, məsələn: "Onun eybəcər olduğunu düşünsəm də, qəşəng göründüyünü dedim".

Californiya Santa Barbara Universitetinin psixoloqu DePaulo deyir ki, onun tədqiqatında iştirak edən insanlar nə qədər yalan danışdıqlarını bilmirdilər, xüsusən də ona görə ki, yalanların əksəriyyəti "o qədər adi və gözləniləndir ki, onlar diqqətdən qaçır".

Yalnız insanlar başqalarını manipulyasiya etmək və ya bilərəkdən yayındırmaq məqsədilə yalan danışırlarsa, bu, təhlükəlidir. Bu isə düşündüyünüzdən də tez-tez baş verir.

Todd Rogers və əməkdaşları siyasətçilərin debatlar zamanı suallardan necə yayındığına nəzər yetiriblər və aydın olub ki, onlar başqa bir həqiqəti bəyan etməklə, suala cavab verməkdən yayına bilirlər.

Siyasətçilər bunu həmişə edirlər, Harvard Kennedy Məktəbində insan davranışları üzrə alim olan Rogers deyir.

Buna görə də o və əməkdaşları bu məsələni anlamağa çalışıblar.

Onlar aşkar ediblər ki, suallardan yayınmaq danışıqlar zamanı çox geniş yayılmış taktikadır. Araşdırmaya qatılmış 184 sahibkarın yarıdan çoxu bu taktikadan yararlandığını qəbul edib.

Tədqiqat zamanı o da aydın olub ki, belə taktikadan istifadə edən şəxs inanır ki, bu cür həqiqətdən yayınmaq, açıq yalan danışmaqdan daha etikdir.

Lakin aldanmış şəxslər bu iki davranış arasında fərq görmürlər. "Həqiqətdən o qədər çox yayınma halları baş verir ki, çıxış edənlər bunun etik olduğunu düşünürlər, lakin dinləyicilər bunun yalan olduğunu anlayırlar ", Rogers deyir.

Bir şey həqiqət kimi səsləndiyi zaman yanıldıcı "faktı" sezmək də çətinləşir.

Misal üçün, Britaniyanın Leyboristlər Partiyasının seçici yaşını azaltmaqla bağlı video kampaniyasında belə deyilir: "Sənin 16 yaşın var. İndi sən evlənə, əsgərliyə gedə və tam ştat işləyə bilərsən".

BBC-də aşkar ediblər ki, bu faktlar tam həqiqəti əks etdirmir.

"16 və ya 17 yaşlı şəxslər valideynlərinin icazəsilə orduya qoşula bilərlər", mütəxəssislər bildirib.