İrqlər yox, mədəni fərqliliklər var


Digərləri 01 Yan 2018 17:10:00 1655 0

İrqlər yox, mədəni fərqliliklər var

Müəyyən dövrlərdə təbii təsirlərlə Homo Sapiens Sapiensin gen hovuzu daralıb, ondan sonra keçən müddət də irqlərin formalaşması üçün bəs etməyib.

Son.az yasilelm.com-a istinadən bildirir ki, anatomik mənada müasir insanlar əvvəlki əcdadlardan fərqliləşmiş halda təxminən 200 min il əvvəl Şərqi Afrikada formalaşıb. İlk əvvəl sayları çox az idi, amma, getdikcə çoxaldılar və daha geniş ərazilərə yayılmağa başladılar. Təxmini hesablamalara görə bu həmişə belə getməyib. Müəyyən dövrlərdə insanların sayında azalmalar olub. Təxminən, 70 min il əvvəl İndoneziyadakı Toba vulkanının partlaması nəticəsində qlobal fəlakət baş vermişdi. Bu dövr də insanların saylarının kütləvi azaldığı dövrlərdən biri hesab olunur. ABŞ-lı antropoloq Ceferson Fiş (Jefferson Fish) "İrq Mifi" adlı kitabında bu mövzuya toxunaraq qeyd edirdi ki: "Tarixdəki qeyd olunan bu son hadisə nəticəsində genetik müxtəlifliyin böyük hissəsi də onu daşıyan insanların yox olması səbəbi ilə həmin dövrdə itmişdi. Yeni tədqiqatlar nəticəsində Afrikadan ilk insanların nə vaxt çıxması ilə bağlı müxtəlif fikirlər yaranıb. Lakin, əsas qəbul olunan fikirlərə görə bu çıxış həmin fəlakətdən daha əvvəl olmayıb. Ayrılan qrup da əsas gen hovuzunun çox kiçik hissəsini alaraq buradan ayrılıb. Bu səbəbdən daha az dəyişikliyə sahib olan Avrasiyalılar bu genetik müxtəlifliyi artırmaq üçün 200 min ilin 1/3-indən də az vaxta sahib idilərsə, Afrikalı populyasiyalar insan genetik müxtəlifliyinin bütün 200 min ilini əhatə edən müxtəlifliyə sahibdirlər."

Amerikanın yerli əhalisinə də eyni perspektivdən baxdıqda əvvəlcə bu faktı xatrılamaq lazımdır ki, təxminən 15 min il əvvəlki buzlaşma dövründə dünyadakı su ehtiyatının böyük hissəsi buz halında idi və Okean səviyyələri çox aşağı idi. Bunun nəticəsində, bu gün Alyaskanı Sibirdən ayıran Berinq boğazı keçid üçün körpü funksiyasını yerinə yetirə bilmişdi. Buradan keçən insan qruplarının sayının da çox az olduğunu nəzərə alsaq, deməli oraya gedən insanlar da Avrasiyada onsuz da az olan genetik müxtəlifliyin daha kiçik hissəsini oraya aparmışdılar.

Beləliklə, qitələr üzərində fərqli irqlər kimi göstərilən qrupların müxtəlifləşmək üçün fərqli müddətlərə sahib olduqlarını görə bilərik. İnsan müxtəlifliyinin əsas hissəsi müxtəlifləşmənin 200 min ildir getdiyi Afrikadadır. Avrasiya, orada bu proses 70 min ildən daha az müddətdə getdiyi üçün nisbətən az, Amerikada isə, cəmi 15 min ildir getdiyi üçün çox az variasiyaya sahibdir.

Ceferson Fiş də bunları nəzərə alaraq qeyd edir ki, bütün dünyada irqlərin formalaşması üçün lazımı müddət olmayıb. Əgər irqlərdən danışsaq belə bunlar ilk növbədə Afrikanın daxilində olmalıdır. Məsələn, Mbunti piqmeyləri çox qısa, Masayilər çox hündür boyludurlar. Halbuki, irqi təsnifat verənlər dəri rənginə əsaslanaraq onları demək olar ki həmişə bir böyük qrupda qruplaşdırırlar.

İrqlər haqqında yazının əvvəlindən bəri deyilənləri ümumiləşdirərək bunlar demək olar. İrq anlayışı elmə daxil olduğu gündən bəri üzərində müxtəlif mübahisələrin getdiyi bir termin olub. Amma, müasir dövrdə fəaliyyət göstərən bioloq və antropoloqların əksəriyyəti insanları qruplaşdırmaq üçün istifadə olunan irq anlayışını, xüsusilə də bioloji irq anlayışını rədd edirlər. Amma, bu insanlar arasındakı müxtəlifliyin rədd olunması demək deyil. İnsanlar arasındakı müxtəliflik bu mövqedən mühitəuyğunlaşma kimi izah olunur. İrqlərin əvvəlki dövrdə var olub-olmamalarını müzakirə etmədən belə bu hamıya məlumdur ki, insanlar arasında uzun müddətdir davam edən qlobal qarışmalar var, bu qarışmalar müasir texnoloji inkişaf səviyyəsində ən pik səviyyəsinə çatıb. Bu da irqi fərqlərin aradan götürülməsi deməkdir. Həmçinin müasir dövrdə genetikada insanların genlərinin irqlərə görə ayrılması da çox və həmişə mümkün olmayan proses olduğu üçün, iqlərin elmi dəyərini şübhə altına alır. 1960-cı illərdən başlayan bu axının bütün tədqiqatçıları əhatə etdiyini isə demək mümkün deyil. Antropologiyada hələ də irqləri müdafiə etməyə çalışan tədqiqatçılar var. Bu da irqlər haqqında son nöqtəni qoymağa imkan vermir. Amma, irqlərə müxalif cəbhənin daha üstün mövqedə olduğunu demək olar. Jablonskinin də dediyi kimi: "İrq məsələsi elmdə hər gün daha da zəifləsə də insanlar arasında bir anlayış kimi qalmaqda davam edir." Jablonski bunu da əlavə edir ki: "Bir çox xəstəliyin oxşar təbii şəraitdə eyni nəticə verdiyi bir şəraitdə irqlərdən danışmaq absurddur."

Məşhur paleontoloq Stefan Cey Quldun (Stephen Jay Gould) dedikləri də burada yerinə düşür: "Elm dəqiq faktlarla silahlanmış və köhnə mənasız inancları yıxaraq reallığa doğru istiqamətlənən yürüş deyil. Elm adamları da sıravi insanlardır və bəzən onlar özləri də hiss etmədən dövrlərinin sosial və siyasi limitlərini nəzəriyyələrində əks etdirirlər. Bəzən də, yerləşmiş sosial qruplaşmaları bioloji əsaslarla əsaslandırmaq istəyir və buna oxşar fikirləri müdafiə edirlər."

Buna baxmayaraq bioloji əsaslı irq məsələsi siyasi arenada hələ də istifadə edilməkdədir. Cənubi Afrikadakı Aparteid rejimi buna nümunə kimi göstərilə bilər. 1993-cü ildə Cənubi Afrikada insanlar ağ, qara və rəngli kimi qruplaşdırılmışdı.