İnanıram ki, 2018ci ildə Azərbaycan bayrağı daha da yüksəklərə qalxacaq


Digərləri 01 Yan 2018 13:43:00 284 0

İnanıram ki, 2018ci ildə Azərbaycan bayrağı daha da yüksəklərə qalxacaq

İnanıram ki, 2018-ci il Azərbaycan xalqı üçün daha uğurlu olacaq, bayrağımız daha yüksəklərə qalxacaq.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü, Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədri, elektronika sahəsində tanınmış alim Xəlil Kələntər deyib.

Həmvətənlərimizi, xarici ölkələrdə yaşayan soydaşlarımızı uzaq Yaponiyadan salamlayan Xəlil Kələntər onların hər birini Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib və ən xoş arzularını çatdırıb.

"Düşünürəm ki, yola saldığımız 2017-ci il Azərbaycanımız, xalqımız üçün uğurlu oldu. Əvvəla, ötən il Azərbaycan neftinin dünya bazarlarına çıxarılmasında mühüm rol oynayan "Əsrin müqaviləsi"nin müddətinin 2050-ci ilə qədər uzadılması ölkəmizin ciddi beynəlxalq uğurudur. İkincisi, Azərbaycan bütün dünyaya İslam dininin humanitar, insansevər və sülhsevər din olduğunu nümayiş etdirdi. Azərbaycan Prezidenti tərəfindən "İslam Həmrəyliyi İli" elan edilən 2017-ci ildə ölkəmizdə IV İslam Həmrəyliyi Oyunları yüksək səviyyədə təşkil olundu. Bununla yanaşı, Azərbaycan Formula-1 yarışlarına növbəti dəfə uğurla ev sahibliyi etdi. Bu yarışlar bütün dünyanın diqqətini bir daha Bakıya, Azərbaycana yönəltdi. Yola saldığımız 2017-ci ildə qazanılan ən böyük uğurlar sırasında siyasi və iqtisadi əhəmiyyəti ilə seçilən Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsini xüsusi qeyd etmək istəyirəm. Bu, Azərbaycanın Asiya ilə Avropa arasında körpü rolunu daha da artırdı, sıx dostluq əlaqələrinə malik olan Yaponiya ilə münasibətlərə də mühüm təsir göstərdi" -, deyə Xəlil Kələntər bildirib.