Sosial şəbəkələrdə cinsi təcavüz xəbərləri yayan


Digərləri 01 Yan 2018 11:27:00 246 0

Sosial şəbəkələrdə cinsi təcavüz xəbərləri yayan

Zərif cinsin nümayəndələrinə qarşı təcavüz hallarının sayı günbəgün artmaqdadır. Hər nə qədər bu məsələ müzakirə edilsə, tənqid olunsa da, qarşısını almaq nəinki mümkün olmayıb, əksinə bu prosesi daha da gücləndirib. Demək olar ki, hər gün belə xəbərlərlə azı 3-4 dəfə qarşılaşırıq. Məsələnin daha faciəvi hissəsi ondan ibarətdir ki, bu tip xəbərlər sosial şəbəkələrdə bəzi səhifə adminlərinin əlində "oyuncaq"a çevrilib. İnsanların bu tip xəbərlərə olan marağını nəzərə alıb, reytinq xatirinə bəzilərinin psixikasına təsir edirlər.

Son dövrlərdə azyaşlı qızlara da təcavüz halları çoxalıb. Təəssüf ki, ölkəmizdə də bu hal artmaqdadır. Sosial şəbəkələrdə səhifə adminlərinin bəzisi qəsdən, bəzisi isə bilməyərəkdən bu məsələni qabardaraq, insanların psixologiyasını korlamaqla məşğuldurlar.

Son.az modern.az-a istinadən bildirir ki, psixoloq Elnur Rüstəmovun dediyinə görə, artıq sosial şəbəkələrdə bu problem pik səviyyədə kütləviləşib, amma real həyatda bu hal deyilənlər qədər çox deyil: "Azyaşlı qızlara qarşı təcavüz halları əvvəlki illərə nisbətən artıb. Amma bu o demək deyil ki, belə hallar əvvəllər olmayıb. Narahatedici məqam ondan ibarətdir ki, bu məsələnin sosial şəbəkələrdə yayılması halları həddindən artıq çoxalıb. Bəzən olmayan bir "hadisə"ni elə təqdim edirlər ki, insanlar dəhşətə gəlir".

Elnur Rüstəmovun sözlərinə görə, sadəcə Azərbaycanda yox, xarici dövlətlərdə baş verən təcavüz halları tez-tez işıqlandırılır: "Hələ araşdırılma davam edir, heç nə məlum deyil, fakt təsdiqini tapmayıb, amma sosial şəbəkələrdə bunu yalan informasiya kimi yayanlar olur. Əsl təhlükə budur. İnformasiya dəqiq olmadığı təqdirdə həmin məlumatın yayılması insanların psixologiyasına mənfi təsir göstərir. Hətta həmin xəbər təsdiqini taparsa belə, xüsusi şəkildə işıqlandırılmasına ehtiyac yoxdur".

Psixoloq qeyd edib ki, bu xəbərləri paylaşarkən məktəbli qızların valideynlərini də nəzərə almaq lazımdır. Bu cür xəbərlər oxuyan bir ana övladını qorxu içində məktəbə yola salır. Ətrafa qarşı inamı azalır: "Eyni zamanda psixikasında hər hansı bir pozuntu olan insanların təhrik edilməsinə səbəb olur. Bu informasiyanın özü belə təhrik etmə mesajları biruzə verir. Nəzərə almaq lazımdır ki, bir məlumatı neqativ hal belə olsa, nə qədər verirsənsə, o hal artır, azalmır".

Elnur Rüstəmovun fikrincə, əgər bu hallara qarşı qanunvericilikdə sərtləşmə olsa, maarifləşmə işi aparılsa və yaxud uşaq bilsə ki, bu halda kimə müraciət etmək lazımdır, belə hallar azalacaq: "Sosial şəbəkələrdə belə xəbərləri yayımlayanlara üz tutub deyirəm ki, belə xəbərləri paylaşarkən, son dərəcə diqqətli olun! Mümkün qədər az istifadə edin".