Azərbaycanın beynəlxalq aləmdə nüfuzu daha da yüksəlib VİDEO


Digərləri 31 Dek 2017 21:43:00 262 0

Azərbaycanın beynəlxalq aləmdə nüfuzu daha da yüksəlib  VİDEO

Bu il Azərbaycanın beynəlxalq aləmdə prinsipial mövqeyini və strateji maraqlarını təmin edərək öz mövqeyini daha da möhkəmləndirib.

Son.az bildirir ki, ölkəmiz beynəlxalq və regional təşkilatlarda təmsil­çilik kimi məsələlərdə milli maraqların prioritetliyini maksimum səviyyədə təmin edib. Ölkəmizin müstəqil, çoxşaxəli fəal xarici siyasətinin yekunlarını əks etdirən reportaji sizə təqdim edirik.

Ötən bir il ərzində Prezident İlham Əliyev Qətər, Polşa, Latviyaya rəsmi, Rusiyaya rəsmi və işgüzar, Fransa, Belçika, Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı, Qazaxıstan, ABŞ və İsveçrəyə işgüzar səfərlər edib. Bununla bərabər, Prezident İlham Əliyevin beynəlxalq tədbirlər çərçivəsində digər ölkələrin dövlət və hökumət başçıları ilə keçirdiyi çoxsaylı görüşləri, Azərbaycana səfər edən digər yüksək vəzifəli nümayəndə heyətlərinin qəbulu və apardığı danışıqlar ikitərəfli əlaqələrimizin inkişafına xüsusi təkan verib. Ölkə başçısı, həmçinin bölgələrimizə 23 dəfə səfər edərək, regionlarda görülən işlərlə şəxsən tanış olub. Bu il həmçinin Azərbaycan ilə 70-ə yaxın ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi qeyd olunub. Geridə qoyduğumuz il Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin inkişafı baxımından əlamətdar olub. Prezident İlham Əliyevin bu ilin fevralında Brüsselə səfəri və Avropa İttifaqının rəhbərliyi ilə keçirdiyi görüşləri əlaqələrimizin inkişafına xüsusi təkan verib və rəsmi olaraq Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlığa dair yeni saziş layihəsi üzrə danışıqlar başlayıb.

Ötən ay dövlət başçısının qətiyyəti və prinsipallıgı sayəsində Brüsseldə Şərq Tərəfdaşlığı Sammitinin yekun Birgə Bəyannaməsində Azərbaycan da daxil olmaqla Şərq Tərəfdaşlığı ölkələrinin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinin dəstəklənməsinə dair sənəd qəbul olunub. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının yaradılmasının 25 illiyi ilə əlaqədar qəbul olunmuş bəyanatında da quruma daxil olan ölkələrin beynəlxalq sərhədləri daxilində ərazi bütövlüyünün bərpa edilməsinin vacibliyi vurğulanıb. Əlbəttə ki, bu və digər sənəddə yer alan məsələlər Ermənistanala gələcək danışıqlarda əsas arqumentlərdən biri olacaq.

Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2017-ci ilin Azərbaycanda "İslam Həmrəyliyi İli" elan edilməsi və ölkəmizdə İslam Həmrəyliyi Oyunlarının keçirilməsi İslam dünyası ölkələri ilə əlaqələrin inkişafına xüsusi təkan verib. İl ərzində dövlət başçısı BMT, İƏT , Ərəb-İslam-Amerika sammiti və digər beynəlxalq platformalarda İslam dünyası ölkələrini narahat edən problemlərin müzakirəsində yaxından iştirak edib.

Prezident İlham Əliyev ilin sonunda İslam Əməkdaşlıq Təşkilatının Qüds məsələsinə dair fövqəladə Zirvə toplantısında çıxış edərək müsəlman ölkələrinə dəstəyini bir daha ifadə edib.

Ötən il Ermənistan-Azərbaycan, Daglıq Qarabag münaqişəsinin tənzimlənməsi ilə baglı danışıqlar davam etdirilib. Oktyabr ayında Cenevrədə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirilib.

Prezident İlham Əliyev bu görüşdə də bir daha Azərbaycanın prinsipal və dəyişməz mövqeyini bəyan edib. Beləliklə, intensiv və substantiv əsasda danışıqların davam etdirilməsi üçün xarici işlər nazirləri qarşısında tapşırıqlar qoyulub.