Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə bağlı Abu Dabidə beynəlxalq festivalda "Azərbaycan gecəsi" keçirilib - FOTO


Sosial 31 Dek 2017 16:19:09 351 0

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə bağlı Abu Dabidə beynəlxalq festivalda "Azərbaycan gecəsi" keçirilib - FOTO

Hər il iki milyondan çox ziyarətçisi olan festivalda Azərbaycan pavilyonu böyük maraqla qarşılanıb

Dünya Azərbaycanlılarının Həmrəylik Günü Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilən Şeyx Zayed İrsi Beynəlxalq Festivalı çərçivəsində geniş qeyd olunub. Bu barədə “Report”a Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfirliyindən bildiriblər.

Məlumatda qeyd olunur ki, yanvarın 27-dək davam edəcək 24 ölkənin qatıldığı festivalda Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfirliyinin təşəbbüsü ilə ölkəmizin məhsul və xidmətlərindən ibarət pavilyonu qurulub. 

Pavilyonda Azərbaycan istehsalı olan sərinləşdirici içkilər, çaylar, konservləşdirilmiş ərzaq məhsulları, mürəbbələr, quru meyvələr və çərəzlər, halal standartlara uyğun olaraq orqanik istehsal olunan kosmetika məhsulları, turizm xidmətlərinin satışı həyata keçirilir. Bayram ərəfəsində səfirlik tərəfindən festivalın mədəni hissəsində Birləşmiş Ərəb Əmirlərində yaşayan azərbaycanlı uşaqların iştirakı ilə Azərbaycan milli rəqslərinin nümayişi təşkil edilib.

Tədbir çərçivəsində pavilyonumuzun iştirakçıları milli paltarlarda Azərbaycanın dövlət bayrağını festival ərazisində gəzdirib, ziyarətçilərlə şəkillər çəkdirib, Azərbaycan barədə geniş məlumat veriblər.

Daha sonra festivalın səhnəsində səfirliyin nəzdində fəaliyyət göstərən “Qarabağ İnciləri” özfəaliyyət qrupunun ifasında Azərbaycan rəqsləri nümayiş etdirilib. Azərbaycan rəqsləri bütün gecə ərzində festivalın bir neçə müxtəlif səhnəsində fasilələrlə nümayiş etdirilib. Rəqslərin tədbirin sonunadək bir neçə dəfə təşkili planlaşdırılır.

Sözügedən tədbir BƏƏ-nin aparıcı televiziya kanalları tərəfindən nümayiş etdirilib, həmçinin tədbir haqqında geniş reportaj ölkənin bütün elektron mediası tərəfindən geniş yayımlanıb.

Hər il iki milyondan çox ziyarətçisi olan və bir çox dünya ölkələrinin dövlət və hökumət başçıları, yüksək vəzifəli rəsmiləri, ictimai, siyasi, mədəniyyət və incəsənət xadimləri, jurnalistlər və blogerlərin ziyarət etdiyi festivalda Azərbaycan pavilyonu yüksək maraqla qarşılanıb.