2017-ci il təhsildə YENİLİKLƏR İLİ kimi yadda qalacaq


Digərləri 31 Dek 2017 09:00:00 421 0

2017-ci il təhsildə YENİLİKLƏR İLİ kimi yadda qalacaq

2017-ci il Azərbaycanda bir çox sahələr kimi təhsil sahəsi üçün də yeniliklərlə dolu bir il kimi yadda qalacaq.

Baki. İlhamə İsabalayeva – 2017-ci il Azərbaycanda bir çox sahələr kimi təhsil sahəsi üçün də yeniliklərlə dolu bir il kimi yadda qalacaq. Cari il ümumi təhsil müəssisələrində yaradılmış məktəbəhazırlıq qruplarının sayı artırıldı. 2017-2018-ci tədris ilində 5 yaşlıların 65 faizi məktəbəhazırlıq qruplarına cəlb olundu. 2017-2018-ci dərs ili üçün Bakı şəhərində birinci sinfə şagird qəbulu elektron sistem vasitəsilə həyata keçirildi. Bu il Bakı və Sumqayıt şəhərlərindəki orta məktəblərdə “Sağlam təhsil-sağlam millət” layihəsi çərçivəsində yaradılan “Sağlam təhsil” siniflərinin də sayı artırıldı. Hazırda Bakı və Sumqayıt şəhərlərində yerləşən 38 orta təhsil müəssisəsində 168 “Sağlam təhsil” sinfi fəaliyyət göstərir, 3748 şagird bu layihədə iştirak edir. 2017-ci ildə ilk dəfə olaraq, ölkəmizdə daha az məsrəflə başa gələn, qısa müddət ərzində istənilən relyefdə quraşdırıla bilən, asan daşınan, sinif otaqlarının sayının şagirdlərin sayına uyğun olaraq rahatlıqla azaldılıb-artırıldığı modul tipli məktəblər fəaliyyətə başladı. Modul tipli məktəblər Balakən, Sabirabad, Şəki, Quba, Qusar, Neftçala, Kürdəmir, Ağdaş, İsmayıllı, Tovuz, Göygöl, Tərtər, Göyçay və digər rayonlarda inşa olundu. Bu günədək 73 modul tipli məktəbin inşası başa çatdı, 27 məktəbdə isə bu sahədə iş davam etdirilir. Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində 24 ildən sonra bu il ilk dəfə olaraq məktəb zəngi çalındı. 2017-ci ilin ən mühüm hadisələrindən biri də müəllimlərin əməkhaqları ilə bağlı oldu. Belə ki, 2017-ci il yanvarın 1-dən dövlət ümumi təhsil müəssisələrində çalışan 38 minə yaxın müəllimin maaşı artırıldı. Bu artım 2016-cı ilin noyabr-dekabr aylarında ölkənin 26 şəhər və rayonunda diaqnostik qiymətləndirilmədən keçən müəllimlərə şamil olundu. Cari ilin əsas yeniliklərindən biri də ali və orta ixtisas məktəblərinə qəbul imtahanlarının ödənişli olması, başqa sözlə, imtahanda iştirak etmək üçün abituriyentlər tərəfindən xidmət haqqının ödənilməsi ilə bağlı qərarın verilməsi oldu. Bu qərara əsasən, orta ixtisas təhsili müəssisələrinə və ali təhsilin bakalavriat (tibb təhsili üzrə əsas təhsil) səviyyəsinə tələbə qəbulu ilə bağlı imtahanlarda ilk dəfə iştirak üçün müraciət etmiş ümumi təhsil müəssisələrini bitirən Azərbaycan vətəndaşlarının imtahanlarda iştirakı üçün tələb edilən məbləğ dövlət büdcəsi hesabına ödənilir. Abituriyent ikinci dəfə imtahan verdikdə isə ödəniş öz vəsaiti hesabına olur. Tələbə qəbulu ilə bağlı ödənişli xidmətlərin tarifləri Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli müvafiq qərarları ilə təsdiq edilən qaydalara uyğun 9 qrup üzrə təsnifatlaşdırılmaqla, imtahanın növündən asılı olaraq 10-100 manat arasında müəyyənləşdirildi.