Robot kuryer sınaqdan keçirilib


Digərləri 31 Dek 2017 08:18:00 302 0

Robot kuryer sınaqdan keçirilib

İtaliyanın "e-nova" şirkəti tərəfindən hazırlanmış iki təkərli "YAPE" dron-kuryerinin ilk sınaqları keçirilib. Qurğunun 2018-ci ilin yanvar ayında "CES" sərgisində təqdim olunması planlaşdırılır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, "YAPE" şəhərin küçələrində avtonom hərəkət etmək üçün GPS, videokameralar və məsafəölçən lazerlərdən istifadə edir. Kuryer, həmçinin müxtəlif parametrləri, xüsusilə işıqforların işini və nəqliyyat axınını izləmək üçün naqilsiz üsulla bütün şəhər üzrə yerləşdirilmiş tənzimləyicilərə qoşulur.

İstifadəçilər dronu mobil proqramın köməyi ilə çağıra biləcəklər. Qurğu sifarişçinin olduğu yerə çatdıqda sifarişçi xüsusi qapaqlı bölməyə 70 kiloqrama qədər yük yerləşdirə və proqramda lazımi təyinat nöqtəsini daxil edə bilər. "YAPE" bir yükləmədə 80 kilometrə qədər məsafə qət etməyə imkan verən elektromotorlar və batareya bloku ilə təchiz edilib. Qurğu saatda 6-20 km sürətlə əsasən səkilər və velosiped yolları üzrə hərəkət edir.