DİN və AMADA arasında əməkdaşlıq haqqında memorandum imzalandı


İdman 30 Dek 2017 11:00:00 301 0

DİN və AMADA arasında əməkdaşlıq haqqında memorandum imzalandı

Daxili İşlər Nazirliyi (DİN) və Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

Goal.az xəbər verir ki, bu gün DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsində AMADA heyəti ilə görüş keçirilib.

Görüşdə ölkə ərazisində dopinq vasitələrinin qanunsuz dövriyyəsinin qarşısının alınma məsələləri müzakirə edilib. Qeyd edilib ki, təmiz idmana ciddi ziyan vuran güclü təsir edən maddələrin idmançılar arasında istifadə edilməsinin qarşısını almaq məqsədilə iki qurum arasında sıx əməkdaşlıq həyata keçiriləcək. Bu əməkdaşlığın antidopinq siyasətinin gücləndirilməsi üçün mühüm rol oynadığı bildirilib.

Dopinqlə mübarizə çərçivəsində antidopinq qaydalarına əsasən, araşdırmalar üzrə idmançılar və idmançılara dəstək heyəti barədə onların ölkəyə giriş-çıxışı və digər məlumatların, həmçinin güclü təsir edən maddələrin qanunsuz dövriyyəsi ilə əlaqəli şəxslər barədə məlumat mübadiləsinin aparılması razılaşdırılıb.

Daha sonra DİN tərəfindən Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanov və AMADA-nın direktoru Şəfəq Hüseynli arasında əməkdaşlıq memorandumu imzalanıb.