Azərbaycanlı aktrisanın ürəkləri PARÇALAYAN həyatı: "Atam anama xəyanət etdi, mənim də şəxsi həyatım uğursuz oldu" FOTO


Kriminal 29 Dek 2017 21:05:00 560 0

Azərbaycanlı aktrisanın ürəkləri PARÇALAYAN həyatı: "Atam anama xəyanət etdi, mənim də şəxsi həyatım uğursuz oldu"  FOTO

"Müəmmalı ayrılığın səbəbini özüm də bilmirəm"

Əməkdar artist Naibə Allahverdiyevanın Son.az-a müsahibəsi.

- Naibə xanım, son illərdə sizi serial və filmlərdən daha çox, şikayət edib, qalmaqallı müsahibə verərkən görürük. Əslində, aktrisanın işi rollara çəkilməkdir. Olmaya bu boşluqdan da xeyrinizə istifadə edirsiniz?

- Deməzdim ki, bu bir şikayətdir. Mən aktrisayam, işim rollar oynamaqdır. Şikayətlənmirəm, sadəcə olaraq mən o sözləri deməyə vadar oluram. Küçəyə çıxanda da, mağazaya gedəndə də insanlar həmişə mənə sual verirlər ki, sizi niyə çəkilən ekran işlərində görmürük? Artıq bu tip suallara nə cavab verəcəyimi bilmirəm. Mən hər halda dünən sənətə ayaq basmamışam. 25 ildən çoxdur ki, sənət təcrübəm var. Hər janrda oynaya biləcək bir aktrisayam. Mən bundan sonra da neçə il efirə çıxmasam, rol oynamasam, məni sevən və dəyər verən tamaşaçılarım var. Onlar heç vaxt məni unutmurlar. Bizim sənətimiz asılı bir sənətdir. Əslində, normalda belə olmamalıdır. Rejissor aktyor-aktrisadan asılı olmalıdır, onun arxasınca düşməlidir ki, həmin aktrisanı öz filminə çəkib uğur qazansın. Ağıllı rejissor bunu edir. Yeni-yeni serial çəkməyə başlayanda küçədən kimi gəldi tutub çəkirdilər. Amma indi artıq bölgələrdən də sənətçiləri seriallara cəlb edirlər. Bu, bizim işimizdir, hər kəs öz işi ilə məşğul olmalıdır. Özünə, sənətinə hörmət edən rejissor, təbii ki, professionallardan istifadə edəcək.

- Son çəkildiyiniz "Qardaşlar" serialından müəmmalı şəkildə ayrıldınız. Buna səbəb nə idi?

- Mən hələ də bu ayrılığın səbəbini bilmirəm. Bu, insana, həqiqətən, pis təsir edir ki, sənin heç bir günahın olmadan səni serialdan uzaqlaşdırırlar. Mən çox gözəl bir komanda ilə işləyirdim. Layihənin rəhbəri Elməddin Cəfərov, rejissorumuz isə Ramin Hacıyev idi. Mən 100-lərlə bu cür rol oynamışdım, söhbət roldan getmir. Axı nə idi mənim günahım? Axı mən kimə nə etmişdim? Sonradan mənə aydın oldu ki, burada kiminsə "barmağı" var idi. Canları sağ olsun. Həyat bumeranqdır, kim nə pislik edirsə, qarşısına çıxır.

- Elməddindən serialdan müəmmalı gedişinizin səbəbini soruşmadınız?

- Siz bu sualı Elməddinə versəniz, daha doğru cavab alarsınız.

- Bəlkə günah sizdə olub?

- Mənim günahım nə ola bilər ki? Mən öz rolumun öhdəsindən ustalıqla gəlmişəm. Rejissor mənə nə tapşırığı veribsə, onu da etmişəm.

- Bildiyimə görə, sizin serialda oynadığınız obraz milli mentalitetə zidd idi. Bəlkə elə serialdan getməyinizin səbəbi bu idi?

- "Qardaşlar" serialının ssenarisini mən yazmamışam ki. Hər-halda ssenari yazılanda bunu təsdiq edən insanlar olub. Orda milli mentalitetə yad olan hansı səhnə var idi ki? Bu komediya janrında çəkilən bir serialdır. Komediyada isə cəmiyyətdə çatışmayan mənfilikləri göstəririk. Burada erotik bir səhnə yox idi ki.

- Gəlin etiraf edək ki, siz həmin o aktrisalardansınız ki, sırf bu tip rolları ustalıqla oynayırsınız.

- Çox sağ olun. Mənim üçün rolun hansı ampluada olmasının heç bir fərqi yoxdur. Bu gün komediya oynayıramsa, sabah faciə oynaya bilərəm. Mənim teatrda rollarım fərqlidir. Sırf film və seriallarda dediyiniz tipdə rollar oynasam da, teatrda daha çox ana rolları oynayıram.

- Amma sizə daha çox komik rollar yaraşır.

- Bəlkə də əvvələr hə, amma indi dramatik rolları daha yaxşı oynayıram.

- Olmaya içinizdə də bir dramatiklik var?

- Mənim teatrda rollarıma gəlib baxan insanlar deyir ki, siz dramatik rolları daha yaxşı oynayırsınız. Hər kəsin bir zövqü, seçimi var. Ola bilər, siz mənim ifamda komediyanı daha çox bəyənirsiniz. İçimdə dramatiklik, yəqin ki, həyatda rastlaşdığım haqsızlıqlardandır. Biz axı dəmirdən deyilik, biz insanıq. İnsan bəzən bezir. Dünən sevdiyi bir şeyə bu gün nifrət edir. Dünya divanələşib, insanlar tamam başqalaşıb.

- Naibə xanım, deyirlər insanın bəxti əvvəl gündən gətirməlidir. Sizdə nədənsə həyatınızda hər şey yarımçıq qalıb. Bir üzünüz gülsə də, biz üzünüz ağlayıb.

- Mənim üçün bu dünyada yaşamaq həddindən artıq çətindir. Mən, ümumiyyətlə, həyatı sevən biriyəm, həyatdan zövq almağı bacarıram. Adi bir yarpağın tərpənişindən də zövq alıram. Amma o qədər ətrafımda olaylar dolaşır ki, bu, mənə pis təsir edir. Mənə elə gəlir ki, insan dünyaya gələndə artıq onun taleyi, bəxti yazılır. Mən dünyaya gələndə atamla anam ayrılıb, məni bibim böyüdüb. Uşaqlıq, gənclik illərimi doyunca yaşaya bilməmişəm. Bunların hamısı zərif bir qadın üçün çətin deyil ki? Sənət aləmində də haqsızlıqlarla qarşılşamışam. Bu haqsızlıqlar hələ də davam edir. Mənə hərdən deyirlər ki, sən çox güclü qadınsan. Amma mən bütün bunlara baxmayaraq insanları sevirəm. Biri mənə bir xoş söz deyəndə, onun əvəzini qaytarmaq istəyirəm.

- Atanızla ananızın ayrılığına səbəb nə idi?

- Anam çox gözəl qadın olub. Atamı çox sevib.

- Belə başa düşdüm ki, atanız qısqanc olub.

- Xeyr, anam. Anam həmişə deyirdi ki, atan mənə xəyanət edib. Mən də həmişə anamı qınayırdım ki, niyə ayrıldınız? Məgər xəyanət etməyən kişi var? Sonralar başa düşdüm ki, xəyanəti həzm etmək olmur.

- Atanız, həqiqətən, ananıza xəyanət etmişdi?

- Bəli, etmişdi. Bir çox kişilər kimi...

- Hər şeyə rəğmən siz atanızın yanında oldunuz, yoxsa ananızın?

- Mən uşaq idim, heç nə yadımda qalmayıb. Özümü tanıyandan bibimi ana bilmişəm, məndən anamın kim olmasını gizlədirdilər. Anam deyirdi ki, xəstə olduğuma görə səni atana verdim. Bacımı çox sevirdim, amma bilmirdim ki, bacımdır. Elə bilirdim ki, dayımın qızıdır. Amma içimdə ona qarşı başqa bir sevgi var idi, qan çəkirdi. Bacımı hətta məktəbdə bir qız var idi, ona oxşadırdım. Hər gün bibimin mənə verdiyi məktəb pulundan ona bulka alırdım ki, mənimlə oynasın. O da hər tənəffüs gəlirdi ki, acmışam.