Bakı Ali Neft Məktəbinin rektoru: “2018-ci ildə daha çox tələbə qəbul etməyə tam hazırıq” - MÜSAHİBƏ


Sosial 29 Dek 2017 17:44:05 288 0

Bakı Ali Neft Məktəbinin rektoru: “2018-ci ildə daha çox tələbə qəbul etməyə tam hazırıq” - MÜSAHİBƏ

“2017-ci il gözlədiyimizdən də uğurlu keçdi”

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov 2017-ci ilin yekunu ilə bağlı müsahibə verib. "Report" həmin müsahibəni təqdim edir.

- 2017-ci ili Azərbaycan üçün necə dəyərləndirə bilərsiz?

- Düşünürəm ki, bu il hər birimiz üçün yaddaqalan oldu, çünki Azərbaycan tarixi hadisələrə imza atdı. Bu, xüsusilə neft-qaz sənayesində özünü daha çox büruzə verdi. Bu il Azərbaycan Xəzər dənizinin Azəri-Çıraq-Günəşli yataqlarınin işlənməsi üzrə yeni tərtib olunmuş neft hasilatına dair saziş imzaladı, Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin açılışını etdi və nəhayət, ölkəmiz bu il 2 milyard ton neft hasilatına nail olaraq bütün dünyada bu sahə üzrə öz sözünü deməyi bacardı. Bütün bu hadisələr hər bir azərbaycanlı üçün qürurvericidir.

- Bəs Bakı Ali Neft Məktəbi üçün bu il necə keçdi?

- Bu il Bakı Ali Neft Məktəbi üçün böyük nailiyyətlərlə yadda qaldı. İlin ilk uğuru bizim üçün ən önəmli hadisə - may ayının 1-də Prezident İlham Əliyevin iştirakı ilə möhtəşəm kampusumuzun açılışı ilə başladı. Biz daha sonra iyul ayında ilk məzunlarımızı yola saldıq. Eyni zamanda biz 2017-2018-ci tədris ili üçün magistr pilləsinə ilk tələbələrimizi qəbul etdik.

Biz təhsil üzrə builki statistik göstəricilərimizlə nəinki digər ali təhsil müəssisələrini, hətta özümüzün ötən illərdəki göstəricilərimizi üstələdik. Belə ki, bu il Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən ali məktəblər üzrə qəbulun nəticələrinə görə ən yüksək keçid balı – 679 bal məhz BANM-a məxsus olub və buradakı 3 ixtisas üzrə ilk turdan qəbul həyata keçirilib. Qeyd edim ki, Azərbaycanın hazırda ən yüksək keçid balına malik ixtisası BANM-ın Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasıdır ki, qəbul imtahanının nəticələrinə görə minimal bal – 685 bal olub. Bildiyiniz kimi, bu ixtisas bütün göstəricilər üzrə ölkədə “İlin ixtisası” olub.

BANM-ın builki göstəricilərini saymaqla bitmir. Məsələn qeyd edə bilərəm ki, bu ilki nəticələrə əsasən, I qrup üzrə imtahan verən abituriyentlərdən 7 nəfər 700 bal toplayıb və onların hamısı BANM-ı seçiblər. I qrup üzrə 25 Prezident təqaüdçüsündən 24 nəfəri yenə BANM-ı seçib.

Mənim üçün hər zaman nəticə önəmlidir. BANM-ın builki nəticəsindən isə bu gün çox razıyam. Bayaq qeyd etdiyim kimi, bu il BANM-də ilk dəfə məzun buraxılışı olub, lakin onların 94%-i artıq işlə təmin olunub. BANM bu gün Azərbaycanda neft-qaz sənayesi üçün yüksək ixtisaslı və ingilisdilli mühəndis hazırlayan yeganə ali təhsil müəssisəsidir. Məhz bunun nəticəsidir ki, bizim builki məzunlar hazırda SOCAR, BP, "Schlumberger", "Halliburton", "Maire Tecnimont" və s. kimi transmilli şirkətlərdə çalışırlar. Qalan 6% isə ABŞ, Avropa, eləcə də Azərbaycanın aparıcı universitetlərində magistratura və PhD pilləsində təhsillərini davam etdirirlər. Bax, bu göstəricilər mənim üçün nəticə və böyük fəxrdir.

- Elmar müəllim, 2018-ci ildə Bakı Ali Neft Məktəbi nələr planlaşdırır? Yeni il də bu il olduğu kimi yüksək nailiyyətlər vəd edirmi?

- Biz 2018-ci ilin də, ən azından, bu il qədər məhsuldar olacağını gözləyirik. Növbəti il yeni ixtisasların açılması üçün böyük işlər görməyi planlaşdırırıq. Həmçinin 2018-ci ildə daha çox tələbə qəbul etməyə tam hazırıq. Artıq bizim maddi-texniki bazamız, sosial infrastrukturumuz və peşəkar professor-müəllim heyətimiz buna tam imkan verir. Əvvəlcədən bütün planları açıqlamaq istəmirəm. Növbəti ildə özünüz yeniliklərin şahidi olacaqsınız.

Bu arada fürsətdən istifadə edib bütün Azərbaycan xalqını qarşıdan gələn Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edirəm. Bayramlarınız mübarək!