Azərbaycanda Stolüstü Tennisin inkişaf yolu


İdman 29 Dek 2017 17:51:00 288 0

Azərbaycanda Stolüstü Tennisin inkişaf yolu

Ötən əsrin 50-ci illərin əvvəllərində ilk dəfə olaraq Bakı stolüstü tennis bölməsi yaradılıb və sonradan respublika Stolüstü Tennis Federasiyası təsis olunub. Həmin vaxtdan etibarən respublikada bu idman növü üzrə müxtəlif yarışlar keçirilməyə başlanıb.

Bakı şəhərinin stolüstü tennis üzrə ilk çempionları V. Lazorkin və R. Yaşagina olmuşlar. O dövrün ən güclü tennisçiləri arasında M. Şeydabəyovun, K. Bağırovun, V. Lazorkinin, R. Şapayevanın, O. Spiridonovun, A. Knijnikin və başqalarının adlarını çəkmək olar. Azərbaycanda SSRİ-nin əməkdar məşqçiləri N. Novikov, R. Kotsev, Azərbaycanın əməkdar məşqçiləri Y. Oparin, İ. Mazin kimi məşqçilər yetişmişdir. Onlar M. Şeydabəyov (1961-ci ildə SSRİ çempionu), V. Popova (6 dəfə SSRİ çempionu, 1984-cü ildə Avropanın mütləq çempionu) kimi idmançıların ərsəyə gəlməsində böyük əmək sərf etmişlər.

Müvafiq idmançılar nəsli yetişəndən sonra Azərbaycan tennisçiləri bir çox respublika və beynəlxalq yarışlarda iştirak etməyə başladılar. SSRİ dağıldıqdan sonra ictimai-siyasi həyatda olduğu kimi, idman sahəsində də durğunluq dövrü yarandı. Bu stolüstü tennisə də öz mənfi təsirini göstərdi. Bir çox adlı-sanlı idmançılar və məşqçilər Azərbaycanı tərk etdilər. Yalnız ümummilli lider Heydər Əliyev ölkə rəhbərliyinə gəldikdən sonra respublikanın ictimai-siyasi həyatında, o cümlədən idmanın inkişafında əsaslı dəyişikliklər baş verdi. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və ölkənin bütün sahələrində aparılan siyasi, sosial-iqtisadi islahat proqramlar və yenidənqurma işləri bu gün də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin rəhbərliyi altında qısa müddət ərzində ölkədə güclü idman bazası yaradılmış və artıq 28 yeni, müasir Olimpiya kompleksləri istifadəyə verilmiş, daha 6 idman qurğusu isə 2011-ci ildə istismara veriləcəkdir. Azərbaycan idmançıları Avropa və dünya çempionatlarında, Olimpiya oyunlarında müvəffəqiyyətlə çıxış edir, ölkəyə yeni-yeni qızıl, gümüş və bürünc medallar gətirirlər. Respublikada stolüstü tennisin də inkişafına diqqət yetirilir. 2005-ci ilin yanvar ayında Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İsmət Abasov Stolüstü Tennis Federasiyasının yeni prezidenti seçilmiş və onun rəhbərliyi altında Federasiyanın təşkilati cəhətdən möhkəmləndirilməsi, yığma komandanın stabil maddi-texniki təminatı və bütövlükdə ölkədə bu idman növünün inkişaf etdirilməsi məqsədi ilə bir sıra tədbirlər həyata keçirilmişdir. 2006-2010-cu ullər ərzində federasiya tərəfindən Bakı və respublikanın bölgələrində fəaliyyət göstərən idman məktəblərinə və təşkilatlarına 200-ə qədər “TİBHAR” şirkətinin tennis stolları, raketlər, toplar, idman forması və digər zəruri ləvazimat təmənnasız olaraq paylanılmışdır. 2007-ci il Bakıda ilk dəfə olaraq məşqçi kadrlarının ixtisaslarının artırılması məqsədi ilə dörd günlük Beynəlxalq seminar keçirilmişdir. Seminarı ETTU-nun tövsiyəsi ilə Rusiyanın əməkdar idman ustası, dəfələrlə Avropa çempionu İrina Palina aparmışdır. Tədbirdə ölkənin 40-dan artıq məşqçi və idman mütəxəssisləri iştirak etmişdir. 2007-ci ilin noyabr ayında Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti İsmət Abasovun dəvəti ilə Avropa Stolüstü Tennis Birliyinin prezidenti Stefano Bozi tanışlıq səfəri ilə Bakıda olmuşdur. O, Azərbaycanda stolüstü tennisin inkişaf durumu ilə tanış olmuş, Bakıda və Sumqayıtda fəaliyyət göstərən idman obyektlərinin işi ilə maraqlanmış, bu idman növünün daha da populyarlaşması və genişlənməsi, eləcə də mövcud problemlərlə bağlı idman mütəxəsisləri ilə fikir mübadiləsi aparmışdır. S. Bozi Milli Məclisin sədri O. Əsədovla, gənclər və idman naziri A. Rəhimovla, MOK-un vitse-prezidenti Ç. Hüseynzadə ilə görüşmüş və respublikada stolüstü tennisin inkişafı, gənc nəslin bu idman növünə daha geniş şəkildə cəlb edilməsi və digər məsələlər barədə ətraflı söhbət aparmışdır. Azərbaycan Stolüstü Tennis Federasiyası bir çox xarici federasiyalarla, o cümlədən Rusiya Stolüstü Tennis Federasiyası ilə sıx və işgüzar münasibətlər qurmuşdur. Azərbaycan Stolüstü Tennis Federasiyası 1995-ci ildən 207 dövlətin milli federasiyalarını özündə birləşdirən Beynəlxalq Stolüstü Tennis Federasiyasının (İTTF) və 56 Avropa milli federasiyalarının daxil olduğu Avropa Stolüstü Tennis Birliyinin (ETTU) və 2007-ci ildən Şərqi Avropa Liqasının üzvüdür. Azərbaycanın stolüstü tennis üzrə yığma komandası Avropa çempionatlarında ilk dəfə olaraq 1996-cı ildən, Dünya çempionatlarında 1997-ci ildən iştirak etməyə başlamışdır. 2010-cu ildə Azərbaycan stolüstü tennis tarixində ilk dəfə olaraq 4 nəfər idman mütəxəssisi K. Mikayılova, A. Zudov, F. İsmayılov və Z. Mikayılov “Beynəlxalq dərəcəli hakim” adına layiq görülmüşlər. 2013-cü ildə Azərbaycanın İqtisadiyyat Naziri Şahin Mustafayev federasiyanın Prezidenti seçilmişdir.

Azərbaycanda idmanın inkişafına yüksək səviyyədə dövlət dəstəyinin olması hər bir yarış zamanı aydın hiss olunur. Prezident İlham Əliyev Avropa Stolüstü Tennis Birliyinin prezidenti Ronald Krameri qəbul edib.

Görüşdə ölkəmizdə bütün idman növlərinin inkişafına dövlət səviyyəsində göstərilən diqqətdən danışıldı, paytaxtda və regionlarda müasir idman infrastrukturunun yaradılması istiqamətində həyata keçirilən ardıcıl işlərin önəmi vurğulandı.

Azərbaycan Stolüstü Tennis Federasiyası və Avropa Stolüstü Tennis Birliyinin birgə təşkilatçılığı ilə ölkəmizdə stolüstü tennis üzrə Avropa “TOP-16” Kuboku uğrunda yarışların yüksək səviyyədə keçirildiyi vaxt Avropa Stolüstü Tennis Birliyinin prezidenti Ronald Kramer ölkəmizə gəlmişdi. Həmin vaxt Prezident İlham Əliyev Ronald Krammeri qəbul etmişdi. Bu, ölkə başçısının idmanın inkişafına göstərdiyi diqqət və qayğıdan irəli gəlirdi, çünki beynəlxalq əməkdaşlığın daha da genişləndirilməsi idmanın inkişafına gözəl töhfələr verir.

Tennis federasiyası son bir neçə ildir demək ki, sürətlə inkişaf edir. 2014-cü ildən artıq yüksəlişə  doğru dönüş başlayıb. Tennis Federasiyasının maddi-texniki bazası gücləndirilib,  idmançıların daimi məşq etmələri üçün zal icarəyə götürülüb, 6-9 yaşında uşaqlarla məşğul olmaq üçün 23 məşqçi-müəllimlə  müqavilələr bağlanıb. Sumqayıt şəhərinin dənizkənarı parkında müasir idman kompleksinin tikintisi yekunlaşıb. Yığma komandanın hər il rəsmi Dünya və Avropa Çempionatlarında, gənclərin Avropa birinciliklərində iştirakı təmin olunur. Bu dövrdə 18  beynəlxalq yarışda,  Bakı, Polşa və Çin XR-da  keçirilən 10 təlim-məşq toplanışlarında iştirak ediblər. Stolüstü tennis üzrə  idmançılarımız  2016-ci il ərzində Beynəlxalq yarışlarda 2 gümüş və 3 bürünc medal qazanıblar .

Dünya üzrə komanda reytinqində Azərbaycanın qadınlardan ibarət komandası - 2014-cü ilin yanvar ayında 82-ci pillədən,  2017-ci ilin yanvar ayına 39 pillə irəliləyərək,  43-cü yerdə yeniyetmə qızlardan ibarət komanda isə 71-dən 55 pillə irəliləyərək 16-cı yerə yüksəlib ki, bu da aparılan məqsədyönlü işin parlaq nəticəsidir.

Stolüstü tennisin inkişafını daha da genişləndirmək üçün  mütəxəssislərin  rəyi ilə respublikamıza legionerlər dəvət olunub. Yığma komandaya legionerlərin cəlb olunması komandanın tərkibini gücləndirmək, təcrübə mübadiləsi və qarşıda keşiriləcək yarışlara hazırlıq məqsədi daşıyır.

Stolüstü tennis istənilən yaş qrupları bu idman növü ilə məşğul ola bilər, məşğul olur da.  Hər il keçirilən Veteranlar turnirlərini buna misaldır.

Qadın idmançılarımızdan Məryam İmanova, Şərmin Şirinova, Nəzrin Əhmədova, Nəzakət  Qarayeva və Fatimə Məmmədli, kişi idmançılarımızdan isə Sənan Əliyev, Nurlan Həsənov, Yusif Qafarlı, Vəzir Allahverdiyev, Sadıq Sadiqov və başqaları səylə məşq edərək yarıçlara ciddi hazırlaşırlar.

Azərbaycan Stolüstü Tennis Federasiyası (ASTF) peşəkar mütəxəssislərin hazırlanması, yığma komandanın peşəkarlıq səviyyələrinin artırılması və daim gücləndirilməsi istiqamətində mühüm işlər görülür. Bu məqsədlə federasiya Çinin Hebei Cendinq Milli Stolüstü Tennis Təlim Akademiyası ilə müqavilə imzalayıb.

Beynəlxalq səviyyəli idmançıların və mütəxəssislərin hazırlanması, təlim-məşq proseslərinin daha səmərəli təşkili, peşəkarlıq səviyyələrinin artırılması, yığma komandanın gücləndirilməsi məqsədilə dəvət olunan məşqçi yeniyetmələrlə, o cümlədən yığma komandanın üzvləri ilə artıq məşqlərə başlayıb.

N.NOVRUZ

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən maliyyələşdirilir