Prezident Torpaq Məcəlləsinə edilən dəyişiklikləri təsdiqləyib


Siyasət 29 Dek 2017 15:56:42 347 0

Prezident Torpaq Məcəlləsinə edilən dəyişiklikləri təsdiqləyib

Məcəllənin 45-ci maddəsinə yeni bənd əlavə edilib

Azərbaycan Prezidenti İlham Əliyev Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu imzalayıb.

“Report”un xəbərinə görə, burada torpaq qanunvericiliyinin pozulmasına görə toplanan cərimələrin bir hissəsinin müvafiq icra hakimiyyəti orqanlarının işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə müvafiq icra hakimiyyəti orqanlarının hesablarına köçürülməsi nəzərdə tutulur

Məcəllənin 45-ci (Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətini həyata keçirən orqanlar) maddəsinə yeni bənd əlavə edilib.

Bu maddəyə əsasən, torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətini müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər. Bu orqanların torpaqlardan istifadə və onların mühafizəsi üzrə səlahiyyətləri dairəsində göstərişləri bütün torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri üçün məcburidir. Torpaqdan istifadəyə və onun mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi qaydaları müvafiq normativ-hüquqi aktlarla müəyyən edilir.

Yeni bəndə əsasən, bu məcəllənin tələblərininpozulmasına görə İnzibati Xətalar Məcəlləsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən edilən cərimələrdən (o cümlədən onun tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilən inzibati xətalar haqqında işlər üzrə tətbiq edilən cərimələrdən) toplanan vəsaitin 25 faizi müvafiq icra hakimiyyəti orqanlarının işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədi ilə müvafiq icra hakimiyyəti orqanlarının hesablarına köçürülür. Bu vəsaitlərin bölgüsü və onlardan istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Qanun yanvarın 1-də qüvvəyə minəcək.