"MİDA" Yasamalda ilk 12 yaşayış binasının tikintisini yekunlaşdırdı
Digərləri 29 Dek 2017 14:04:00 306 0
Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən "MİDA" Məhdud Məsuliyyətli Cəmiyyətinin birinci layihəsi olan Yasamal Yaşayış Kompleksinin ilk 12 yaşayış binasının tikinti-quraşdırma işləri başa çatdırılıb.
Son.az xəbər verir ki, "MİDA"-dan Trend-ə verilən məlumata görə, 1843 ailəni mənzil ilə təmin edəcək Yasamal Yaşayış Kompleksi 29 yaşayış binasından ibarət olacaq.
Kompleksin ilk 12 yaşayış binasının və 960 şagird yerlik ümumtəhsil məktəb binasının tikinti-quraşdırma işləri artıq yekunlaşıb, tamamlama-bəzək işləri davam etdirilir. Paralel olaraq digər çoxmənzilli yaşayış binalarının hər birinin tikintisi sürətlə davam etdirilir, həmçinin ərazinin müvafiq mühəndis-kommunikasiya sistemi ilə təchiz edilməsi işləri həyata keçirilir.
Yasamal Yaşayış Kompleksi layihəsinin reallaşdırılması ilə bağlı 3 investisiya müsabiqəsi nəticəsində 18 milyon manata yaxın özəl sərmayə cəlb olunub. Bu vəsait 3 yaşayış binasının tikintisinə, ərazidə telekommunikasiya infrastrukturunun yaradılmasına, habelə ticarət mərkəzinin layihələndirilməsi, tikintisi və idarə olunmasına yönləndiriləcək.