AMB: Xarici və daxili risklərin idarə olunması üçün manevr potensialı mövcuddur


İqtisadiyyat 29 Dek 2017 11:03:54 296 0

AMB: Xarici və daxili risklərin idarə olunması üçün manevr potensialı mövcuddur

İnflyasiyanın hədəflənməsi rejiminə keçid məqsədi ilə AMB təhlil və proqnozlaşdırma potensialını artıracaq

Xarici və daxili risklər Azərbaycan hökumətinin və Mərkəzi Bankın (AMB) diqqət mərkəzindədir və onların idarə olunması üçün makroiqtisadi manevr potensialı mövcuddur.

“Report” bu barədə AMB-nin 2018-ci il və ortamüddətli dövr üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatına istinadən xəbər verir.

Bəyanatda deyilir ki, növbəti ildə də Maliyyə Sabitliyi Şurası makroiqtisadi siyasət qərarlarının sıx koordinasiyasını təmin edəcək.

"Bir sıra xarici və daxili amillər makroiqtisadi sabitlik hədəflərinə nail olmağa problemlər yarada bilər. Bura ilk növbədə neftin dünya qiymətinin proqnozlaşdırılandan əhəmiyyətli aşağı olması və iqtisadi tərəfdaş ölkələrdə iqtisadi aktivliyin azalması nəticəsində tədiyyə balansı göstəricilərinin pisləşməsi aiddir. Dünya ərzaq qiymətlərində bahalaşmanın davam etməsi əlavə inflyasiya idxalına səbəb ola bilər. Yüksək və qeyri-simmetrik inflyasiya və məzənnə gözləntiləri (yəni, iqtisadi subyektlərin milli valyutanın ucuzlaşmasına və qiymət qalxmasına daha kəskin reaksiya verməsi), habelə fiskal kəsirin formalaşması makroiqtisadi sabitliyə təsir edə bilər. Maliyyə vasitəçiliyinin bərpa olunmaması və izafi likvidliyin akkumulyasiyasının davam etməsi, pis borclar probleminin dərinləşməsi, sektorda vəziyyətin mürəkkəbləşməsi, habelə iri dövlət şirkətlərinin maliyyə vəziyyəti ilə bağlı risklər də makroiqtisadi sabitlik və iqtisadi artım üçün təhdidlər yarada bilər", - deyə bəyanatda qeyd olunub. 

Bəyanatda bildirilir ki, xarici şoka adekvat olaraq həyata keçirilmiş siyasət tədbirləri nəticəsində 2017-ci ildə yeni makroiqtisadi sabitlik çərçivəsi formalaşdırılıb, ölkənin xarici və daxili balansı yaxşılaşmağa başlayıb.

Həmçinin, AMB iqtisadi subyektlər tərəfindən adekvat gözləntilərin formalaşmasını təmin etmək, rasional iqtisadi qərarların qəbuluna şərait yaratmaq və pul siyasətinə etimadı artırmaq üçün effektiv kommunikasiyanı diqqətdə saxlayacaq. İnflyasiyanın hədəflənməsi rejiminə keçidin vacib şərtlərindən biri kimi AMB özünün təhlil və proqnozlaşdırma potensialının yüksəldilməsi istiqamətində tədbirlərini davam etdirəcək.

"Ortamüddətli xərc çərçivəsinin tətbiqinə keçid, iri dövlət şirkətlərində maliyyə intizamının gücləndirilməsi və korporativ idarəetmə standartlarının tətbiqi işləri də davam etdiriləcək", - deyə bəyantda qeyd olunub.