Onlar yeni ili harada və kiminlə keçirəcəklər?


Digərləri 29 Dek 2017 08:59:00 273 0

Onlar yeni ili harada və kiminlə keçirəcəklər?

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Yeni ilin gəlməsinə artıq sayılı günlər qalıb. Hər kəs bayram günlərini səmərəli keçirmək üçün müxtəlif planlar qurur. Kimisi xarici ölkələrə üz tutmağı, kimisi Azərbaycanın bölgələrinə səfər etməyi planlaşdırır. Bəs görəsən, həmişə siyasi, sosial-iqtisadi mövzularla bağlı danışdırdığımız millət vəkilləri və politoloqlar yeni ili harada və kimlərlə keçirəcəklər? 

Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Azər Badamov bayram tətilini Qusarda seçiciləri ilə birlikdə keçirəcəyini deyir: "İlk olaraq qarşıdan gələn bayramlar münasibətilə xalqımızı təbrik edir, hər kəsə can sağlığı və uzun ömür arzulayıram. Bizim bir vətənimiz var, o, da Azərbaycandır. İstərdim ki, harada olmağımızdan asılı olmayaraq, hər kəs ölkəni düşünsün. Hamı çalışır ki, təzə ili öz evində ailəsi ilə birlikdə qarşılasın. Təbii ki, mən də bayramı ailəmlə birlikdə, evimdə qeyd edəcəyəm. Amma 15 günlük məzuniyyət müddətində ailəlikcə Qusara getməyi planlaşdırmışıq. Qusarda seçicilərimlə görüşəcəyəm. Onu da deyim ki, Qusar turizm baxımından da kifayət qədər inkişaf etmiş bölgələrimizdəndir".

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə bildirdi ki, müalicə almaq üçün ölkə xaricinə getməyi düşünür: "Ümid edirəm ki, növbəti il ölkəmiz üçün daha uğurlu olacaq. Arzum budur ki, xalqımız yeni ili ruzili, bərəkətli süfrə arxasında qeyd etsin. Bayramı həmişə olduğu kimi evdə, ailəmlə birlikdə keçirəcəyəm. Ola bilsin ki, səhhətimlə bağlı müalicə almaq üçün Yessentukiyə getdim. Bu səfərin reallaşıb-reallaşmayacağı  maddi vəziyyətimdən və işlərimdən asılı olacaq".   Politoloq Fikrət Sadıxovbayram günlərində Şamaxıya gedəcəyini deyir: "Qarşıdan gələn bayram günləri xalqımız üçün çox böyük önəm kəsb edir. Xüsusilə də dünya azərbaycanlılarının həmrəylik günü. Mən bu bayramları həmişə ailə üzvlərimlə birlikdə qeyd etmişəm. İlin axırında bir-birimizə arzularımızı, xoş sözlərimizi çatdırırıq. Bayram günlərini paytaxtdan kənarda keçirməyi düşünürəm. Bəlkə Şamaxıya üz tutduq. Orada bəzi qohumlarımız, tanışlarımız var. Onlarla da, bayramlaşmaq istəyirik".

Millət vəkili Araz Əlizadədə bayramı ailəsi ilə birlikdə, evində qeyd etməyi düşünür: "Bayram günlərini Bakıda keçirəcəyəm. Harasa getmək üçün maddi vəsait lazımdır. Mənimsə maddi vəziyyətim bayramı ailəmlə birlikdə Bakıda qeyd etməyə çatır. Mən şikayətlənmirəm ki, imkanım yoxdur. Sadəcə, qazancım  bayramı ailəmlə birgə evdə keçirməyə kifayət edir. Bakını çox sevirəm, mənim üçün ən doğma şəhərdir. Yeni ili nəvələrimlə qarşılayacağam". 

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bayram günləri ilə əlaqəli xüsusi bir planının olmadığını deyir: "Bu cür bayramları adətən, evdə ailəvi şəkildə keçirdirik. Çünki evdə daha rahat olur. Bundan başqa, siyasi proseslər elə sürətlə inkişaf edir ki, politoloji təhlil aparmaq üçün daim onları izləməliyəm. Ona görə də, şəhərdən uzaqlaşmaq istəmirəm. Uşaqları  əyləncə mərkəzlərinə, teatrlara aparacağam. Hər tətildə qızım "Megafun"a getmək istəyir. Çox güman ki, tətil günlərində yenə də ora baş çəkəcəyik. Fəsildən asılı olaraq şəhər kənarına çıxmağı məqsədəuyğun saymıram. Daha çox yayda, tətil günlərinin çox olduğu vaxt başqa bir şəhərə gedirik".   Millət vəkili Aqiyə Naxçıvanlıda bayram günlərində övladları və nəvələri ilə birlikdə olacağını deyir: "Həmişə olduğu kimi  bu dəfə də bayramı ailəmizlə birlikdə ya şəhərdəki, ya da bağdakı evdə qeyd edəcəyik. Bayram günləri ya Oğuza, ya da Qəbələyə getməyi də planlaşdırmışıq. Yeni ili övladlarımla, nəvələrimlə birgə keçirmək mənim üçün əvəzedilməz duyğudur. Bayramlarda həmişə onları yanımda görmək məni çox sevindirir".