"Yoldaşım istədiyi yerə gedib istirahət edirdi, amma məni bircə dəfə McDonaldsa apardı"


Digərləri 28 Dek 2017 23:46:00 315 0

"Yoldaşım istədiyi yerə gedib istirahət edirdi, amma məni bircə dəfə McDonaldsa apardı"

Yoldaşımdan soruşdum: "Bu kimdir ki, sənə gecə vaxtı yazır, o, bilmir ki, sən ailəlisən? "

Son.az BBC Azərbaycan-a istinadən Vəfa Zeynalovanın yazısını təqdim edir

Şəhərin mərkəzində balaca bir türk kafesində görüş təyin edirik. Məni iki gənc yaraşıqlı qız gözləyir.

O, dərsdən çıxmış və rəfiqəsi ilə nahar üçün tələbələrin adət etdiyi kafeyə gələn qızı xatırladır. Uzun saçı kürəyini örtüb, sifətində makiyaj var. Və görünüşündən bu tələbəyə bənzər qızın arxasında bir bədbəxt nikah hekayəsi olması heç bilinmir.

"Uşaqlıqda müəllimə olmaq istəyirdim. Ali təhsil ala bilmədim, amma kurs keçib tibb bacısı işini öyrəndim. Düzdür, işləmədim. Ailəmizdə çox qısqanclıq səbəblərindən icazə verilmədi.

Ailədə üç uşağıq, mən ən kiçiyiyəm. Həm mənə qarşı qayğı çox idi, həm qardaşım çox ciddi idi. Atam tez - cəmi 52 yaşında rəhmətə getdi.

Onunla münasibətim yaxşı idi. Dünyagörüşü daha geniş idi. Onu itirəndən sonra qardaşımı atam kimi görmüşəm, o özümdən 8 yaş böyükdür.

Demək olar ki, həmişə onun sözü ilə oturub-durmuşam. İstəmirdim onun sözündən kanara çıxım, mənə nə məsləhət görürdü, yerinə yetirirdim.

Qardaşımda ailəyə olan məsuliyyət, qısqanclıq atamla müqayisədə daha qabardıcı olub.

Ailəmiz çox qapalı ailədir. İşləmirdim, evdən kənara çıxmırdım. Özümü təkmilləşdirməyi çox istəyirdim, istəyirdim ki, ali təhsilim olsun. Müəyyən səbəblərdən alınmadı.

Birinci dəfə imtahanları verəndə kəsildim, növbəti dəfə atam rəhmətə getdi, ali təhsil planları da kənara atıldı, işlərim yarımçıq qaldı.

Qardaşım işləməyə icazə vermədi, deyirdi: "Mənim xoşum gəlmir ki, bacım getsin, işləsin", ehtiyaclarımı ödədiyinə görə istəmədi ki, işləyim.

Artıq 23 yaşım var idi. İstəyənlərim çox olsa da, ailə qurmaq düşünmürdüm, istəmirdim heç...

İlk tanışlıq

Anamın bir tanışı var idi, onunla yaxın idi. O, dedi: "Mənim bacımın oğlu var, qızını görüb, onun xoşuna gəlib".

Əvvəl imtina etdim. 1-2 il xalası get-gəl elədi ki, razılaşım. Deyirdim: "İstəmirəm, hələ tezdir". Düşünürdüm, bəlkə işə daxil olaram, başım qarışar. Lakin gördüm ki, vaxt ötüb-keçir, heç nə dəyişmir.

Bir gün anam mənə dedi: "Mən istəmirəm səndən narahat dünyadan gedim, - anamın səhhətində problemlər var idi, hərdən özünü pis hiss edirdi, - atan səndən narahat getdi, mən isə istəyirəm sənin ailə qurduğunu görüm".

Bu səbəbdən mən öz razılığımı verdim. Həm oğlanın qohumları gedib-gəlməyə davam edirdilər. Bu oğlan olmasaydı, bəlkə başqa qarşıma çıxana da razılığımı verərdim.

Sadəcə fikirləşdim: "Mən nəyi gözləyirəm? Kimi gözləyirəm? İşləmirəm, oxumuram, eləcə evdə oturmuşam, anamın, qardaşımın himayəsində".

Özümü bu fikrə yavaş-yavaş hazırlaşdırdım, dedim, bəlkə həqiqətən də vaxtıdır - 23 yaşım var. Baxırdım ətrafdakı yaşıdlarıma - onlar da ailə qurublar, nişanlıdırlar.

Tanışlar arasında da öz seçimi ilə də ailə quranlar var, normal da yaşayırlar. Onsuz da sərbəst həyatım olmayıb, bəlkə, ailə quraram, yoldaşım yaxşı olar? Bəlkə başqaları kimi biz də xoşbəxt olarıq?

Şans vermək qərarına gəldim.

Mən onu kasetlərdən görmüşəm. Baxırdım, elə o qədər də ürəyimcə deyildi. Xarici görünüşünə önəm vermədim, halbuki həmişə vermişəm.

Amma onu mənə çox təriflədilər. Deyirdilər: "İşləyir, ailə saxlamaq qabiliyyəti var, mehribandır, gülərüzdür, insanlarla yaxşı rəftar etməyi bacarır, özünü sevdirməyə bacarır".

Mən də fikirləşdim: "Mənə nə lazımdır? Bu iki ildə o qədər adam məni istədi ki, hamıya "yox" dedim, amma hərlənib yenə də əl çəkmədi. Bəlkə elə budur qismətim?"

3-4 ay telefonla danışdıq. Pis deyildi, mənimlə maraqlanırdı, yaxşı rəftar edirdi. Görüşmürdük, çünki qardaşım icazə verməzdi, ümumiyyətlə nişana kimi bilmədi ki, mənim danışdığım bir kəs var.

Oğlan qardaşıma özü zəng etdi və görüş təklif etdi: "Mənim sənə deyiləsi sözüm var".

Görüşdülər, dedi ki, sənin bacına talibəm, onunla ailə qurmaq istəyirəm, heç bir narahatçılığın olmasın ki, sabah bir problemimiz ola bilər.

Qardaşım belə asan-asan qız verəsi şəxs deyil. Dəfələrlə oğlanı sınadı, araşdırdı, amma şübhə doğuran heç bir məqamla qarşlaşmadı. Düşündü ki, demək, yaxşı oğlandır ki, bu qədər irəli gəlib.

Gözəllik salonuna getmişdim. Qohumları elə şərait yaratdılar ki, oğlan gəlib məni görsün. Yaxşı idi, mənimlə danışırdı, heç nəyi gizlətmirdi, evdən işə, işdən evə gedəndə kimlə görüşdüyü haqqında mənə məlumat verirdi.

İnanırdım, güvənirdim, arxayın oldum.

Nişanlandıq. Nişandan sonra belə aramızda o qədər də görüş yox idi. Məni görmək istəyəndə, mən bacımgilə gedəndə, gəlirdi ora, qapıdan olsa belə görürdü.

Bir-birimizə isindik. Bəlkə aramızda sevgi olmasa da, bağlılıq var idi, bir-birimizin xasiyyətlərimizi bilirdik, başa düşürdük, öyrəşmişdik.

6 ay nişanlı olduq. Bu vaxtda onlardan heç nə tələb etməmişəm, deməmişəm: "Mənə filan əşyaları gətirin", çünki mən elə bir ailədə böyümüşəm ki, belə sözü dilimə gətirmərəm.

Cehiz qalmaqalı

Toy ərəfəsi - bir ay qalmış - cehiz məsələsi ortaya çıxdı və mən burada onların əsl sifətlərini gördüm. Məndən evin bütün əşyalarını, mebeldən tutmuş bütün məişət əşyalarına kimi gətirmək boynuma qoyuldu.

Heç fikirləşmədilər ki, mənim buna imkanım çatır, yoxsa yox.

Mənə təsir edən o idi ki, mən onların o qədər də yaxşı olmayan vəziyyətlərini bilərək özüm üçün heç nə tələb etmədim, amma onlar heç çəkinmirdilər.

Düşünün ki, heç nişan üzüyümü belə mən seçməmişdim, mənə özləri aldılar. Artıq soyudum.

Oğlandan soruşdum: "Sən məni cehiz xətrinəmi alırsan, yoxsa məni sevdiyinə görə? Elədirsə, öncədən ayrılaq. Nə olsun, çoxu nişanlı olub ayrılır".

Dedi ki, yox, "səndən əvvəl də mənə çox qız göstərmişdilər, amma ürəyimə sən yatdın. Evlənmək istədiyim qız sənsən".

Amma cehiz məsələsi ilə bağlı istəkləri özü mənə çatdırırdı, mən isə bilmirdim, məsələni necə ört-basdır edim, axı ailəmə bu tələbləri necə çatdıracağımı bilmirdim.

Onlarda o şüur yox idi ki, bütün bunları mənim ailəmin və eləcə də öz ailəsinin yeganə kişisi, qardaşım etməli idi.

Artıq beynimdə fikirlər yaranmağa başladı: "Görəsən, mən bunlarla yola gedə biləcəm?"

Axı, ilk dəfə idi mən belə halları yaşayırdım. Oğlanla artıq danışmırdım, danışanda da dalaşırdım. Sözümüz düz gəlmirdi; o, birini deyirdi, mən o birisini. Sonra söhbət fırlanıb yenə əvvəlki nöqtəyə gəlib çatırdı.

Deyirdim: "Siz bizimlə elə indidən əşya mübahisəsinə çıxırsınızsa, bəlkə, ayrılaq?" Deyirdi: "Yox, nə danışırsan! Mən səninlə evlənəcəm! Biz xoşbəxt olacayıq". Amma öz mövqeyindən də dönmürdü.

Bir kəlmə dedi: "Mənə sənin heç nəyin lazım deyıl, təkcə sən lazımsan. Amma gohum-əqrabanı deyə bilmərəm". Oğlan nə qədər onların səsini kəsmək istəsə də, o səslər mənə yenə də çatırdı.

Mənim yeganə bir şərtim, "nazım" o oldu ki, mənə gətiriləcək qızıl zinət əşyalarının sarı qızıldan yox, ağ qızıldan olmasını istədim. Dedim, müasir dövrdə yaşayırıq, indi heç kəs toya sarı qızıl taxmır.

Əslində heç bunları da deməyəcəkdim, sadəcə boğaza yığılmışdım. Oğlan anasının xəbəri olmadan mənə zinət əşyaları aldı, anası bilib çox hirslənmişdi ki, oğlum məndən gizlin gəlininə ağ qızıl alıb.

Artıq bezirdim. Anama dedim ki, mən belə bir ailəyə gedə bilmərəm. Bunlar indidən mənə qarşı bu cür tələblər irəli sürürsə, sonrası nə olacaq?

Amma oğlan məni fikrimdən yayındırdı.

Həm də toya hazırlıq gedirdi: dəvətnamələr paylanıb, şadlıq evi və gözəllik salonu ilə danışılıb, ayrılmaq da düzgün olmazdı.

Toyumuz yaxşı keçdi. Cehizim də çox gözəl və bahalı idi, qardaşım mənə dedi: "Mən səni bacım gözü ilə görmürəm, elə bilirəm ki, sən mənim qızımsan. Heç kim deyə bilməz ki, sən cehiz gətirməmisən".

Qayınana

Evlərində demək olar ki heç nə olmayan insanların evini qardaşım elə doldurdu ki, sanki başqa ev idi. Sonda qaynanam mənə dedi: "Bu mebellər bizim evə çox böyükdür!".

Toyun səhəri günü qaynanam məni öz qarşısında otuzdurdu və danışdı: "Bu evin böyüyü mənəm! Mənim sözüm keçəcək. Baxma ki, sənin yoldaşın var, mən nə desəm, o olacaq!".

Halbuki toydan əvvəl öz qızı olmadığına görə mənə "qızım" deyirdi; özüm də "mən sizə gəlin yox, qız kimi gəlirəm, fikirləşmə ki, mən o biri gəlinlər kimi ola bilərəm" deyirdim.

Evdə belə bir tərbiyə alıb, hər sözü yerinə yetirən, hər sözə boy əyən, hər sözlə razılaşan mən, başqa necə ola bilərdim ki?

Aramızda söz-söhbət oldu. Toydan sonra da cehiz məsələsindən soyumamışdı: "Paltaryuyan maşın gətirməmisən, soyuducu gətirməmisən", evlərində həmin əşyalar ola-ola məndən onları gətirmələri tələb edirdilər.

Məntiqlə düşünsək, fikirləşirdim: bu sənin evində varsa, niyə yenisini gətirim? Onun yerinə başqa, daha lazımlı əşyaya pulumu sərf edərəm. Fikirləşmirdilər ki, mənim atam yoxdur, qardaşımın əlinə baxıram, onun da öz ailəsi var.