Atası ilə Fransanı heyran qoyan azərbaycanlının MÜSAHİBƏSİ VİDEO FOTO


Kriminal 28 Dek 2017 12:55:00 237 0

Atası ilə Fransanı heyran qoyan azərbaycanlının MÜSAHİBƏSİ  VİDEO  FOTO

Fransada caz akademiyasına qəbul olmuş yeganə azərbaycanlı cazmen, bəstəkar və pianoçu, virtuoz Etibar Əsədli ilklərə imza atmaqda davam edir. O, Azərbaycanda ilk dəfə bütün milli alətləri "Kontakt" virtual alətlər üzərinə yazıb proqramlaşdırıb. Onun bu əməyi nəticəsində artıq hər kəs canlı çıxışlarında, film musiqilərində və aranjimanlarında milli alətlərimizdən istifadə edə biləcək. Etibar eyni zamanda dünyada ilk dəfə pianonu Azərbaycan muğam musiqisinə uyğun olaraq kökləyərək əsərlərimizi fərqli bir formada təqdim edir.

Son.az xəbər verir ki, ölkəmizi xaricdə uğurla təmsil edən Etibar Əsədli publika.az-ın suallarını cavablandırıb:

- Etibar bəy, yad ölkədə özünüzü necə hiss edirsiniz?

- Hər şey qaydasındadır. Orada magistr təhsili alıram. Bu məktəbdə ilk və yeganə təhsil alan azərbaycanlı mənəm.

- Bildiyim qədərilə klassik musiqi üzrə təhsil almısınız, caza maraq haradan yaranıb?

- 11 il Bülbül adına Orta İxtisas Musiqi Məktəbində Zərifə Məmmədyarovadan dərs almışam. Onun üzərimdə əziyyəti böyükdür. Caz və bəstəkarlığa olan həvəsimi hiss edən kimi məni bu istiqamətə yönləndirdi. Daha sonra Bakı Musiqi Akademiyasına həm bəstəkarlıq, həm də piano üzrə daxil olmuşam. Ancaq bəstəkarlığı seçib Arif Məlikov, Ceyhun Allahverdiyevin təcrübəsindən yararlanmışam. Dörd il ərzində sırf klassik bəstəkarlıq təhsili almışam. Həmin illərdə simfonik orkestr üçün əsərlər, sonatalar yazmışam. Diplom işim də simfonik orkestr üçün uvertüra olub. Əsgərliyə gedib qayıtdıqdan sonra isə Parisə köçdüm.

- Səhv etmirəmsə, sonuncu dəfə Emin Kərimi ilə Röya Ayxanın konsertində çıxış etmişdiniz...

- Bəli, elədir. O konsertdən bir neçə ay sonra buraya gəldim. Fransaya gəlməmişdən öncə fransız dilim sıfır idi. Qərar verdim ki, Parisə gedib bir il ərzində dil öyrənib, musiqi akademiyasına qəbul olunmalıyam. 2015-2016-cı illərdə ancaq dil öyrəndim. Eyni zamanda Fransadakı festivallarda konsert verirdim. 2016-cı ildə "Centre Des Musiques Didier Lockwood" caz akademiyasına daxil oldum. Oraya hər il cəmi iki ifaçı piano üzrə daxil ola bilər. O yerdən birini mən qazandım. Bu, mənim üçün çox çətin oldu...

- Belə bir deyim var: "Qələbəyə gedən yolda çəkilən əziyyət müqəddəsdir". Bəs siz belə bir uğurunuz üçün hansı mərhələlərdən keçdiniz, əziyyətləriniz nə oldu?

- Oraya Fransa üzrə bütün pianoçular gəlir. İlk olaraq sən öz işlərindən ibarət albomunu təqdim edirsən. İkinci mərhələni keçəndən sonra səni canlı ifaya çağırırlar. Üç saat ərzində həm ifa etməli, həm bütün musiqi biliklərini nümayiş etdirməlisən. Caz tarixindən tutmuş musiqi ilə bağlı ən kiçik detallara qədər suallar verirlər. Bu mərhələləri keçib, həmin yeri qazandım. Bundan öncə təhsil aldığım məktəblərdə caz fakültəsi olmadığına görə mənə çox çətin idi. Bu arada, fransız dilindən də imtahan verib, keçdim. İndi ikinci kursdayam. Gələn ilin mayında təhsilimi bitirirəm. Buna baxmayaraq dövlət tədbirlərində iştirak edirəm, öz konsertlərimi verirəm.

- Bildiyim qədərilə, Fransa xaricində də konsertlər verirsiniz...

- Bəli, İtaliyada, İsveçrədə, Koreyada, Türkiyədə, Litvada, Almaniyada konsertlərim olub. Bakıdan başqa hər yerdə konsert vermişəm (gülür).

- Bəs Bakıda niyə konsert vermirsiniz?

- Bunun üçün mənə təklif gəlməlidir. Bizdə elədir ki, müğənni konserti özü edir. Bir nəfər çıxıb demir ki, gəl sənə konsert təşkil edim. Mən ora gəlib, cibimdən bütün xərcləri çəkib konsert vermək istəmirəm. Çünki burada onu etmirəm. Təklif olsa ki, filan qədər qonorar var, komanda ilə işləyəcəksən, gələrəm. Amma gəlim bilet paylayım, əziyyət çəkim. Hansı ki, bu tamaşaçı mənə dəyər verməyəcək. Götürək Yaşıl Teatrı, yaxud Heydər Əliyev sarayını ora kimlər yığışıb gələcək? Caz musiqisi hələ o bazarı əldə etməyib.

- Dediniz kurslara gedirsiniz, dərslər alırsınız. Bunlar hamısı maddiyyat tələb edir. Sizə çətin olmur ki? Konsertlərdən qazandıqlarınızla keçinə bilirsiniz?

- Paris dünyanın ən bahalı şəhərlərindən biridir. Təzə gələndə çox çətinlik çəkdim. Dili bilmirdim, ətrafım yox idi. Dil öyrənəndən sonra musiqiçilərlə münasibət qurdum. Məktəbə daxil olandan sonra orada xeyli insanla tanış oldum. Burada belə bir şey var ki, yaxşı musiqiçi deyilsənsə, heç kim sənlə münasibət qurmaq istəmir. Xoşbəxtlikdən musiqi səviyyəm onlarla ünsiyyət yaratmağıma imkan verir. Mən də müxtəlif musiqi biliklərimi həmin insanlarla bölüşür, fərqli sintezlər edirəm. Burada fransız musiqiçilərdən ibarət öz triomu yaratmışam. Atam da - Sahib Əsədli xanəndədir. Onun muğamı ilə cazı sintez edirik. Atamın burada olması mənim üçün göydəndüşmədir. Bütün konsertlərdə trio şəklində - bass gitarada Linley Mart, zərb alətlərində Tilo Bertolo ilə birgə ifa edirik. İkinci hissədə atamla muğamı səsləndiririk. Bu insanlara çox maraqlı gəlir. Onlar zövqlə muğamımızı dinləyirlər. Çünki bu, onlar üçün nadir tapıntıdır. Çətinliyim həm də Azərbaycanın bu ölkədə bir o qədər də tanınmaması idi. 

- Atanız da oraya köçüb?

- Bəli, atamla ikimiz yaşayırıq. Anam Bakıdadır, bacım isə İstanbulda yaşayır. Biz ildə üç dəfə görüşürük. Atam məndən öncə Fransaya gəlmişdi. Burada bizneslə məşğul idi. Neçə ildir oxumurdu, mən Fransaya gələndən sonra sənətinə davam etməyə başladı.

- Ailənizlə gec-gec görüşürsünüz. Orada yaşayan azərbaycanlılarla münasibətiniz necədir? Dostlarınız var?

- Burada Azərbaycan Səfirliyinin Mədəniyyət Mərkəzi var. Bundan başqa Aytən Muradova adlı bir xanım buradakı gənclərimizə, o cümlədən də, mənə dəstək olur. Öz tanışlarım da var. Düzü, qəribçilik çəkmək üçün elə də vaxtım olmur (gülür).

- Səhv etmirəmsə, babanız da musiqiçi olub...

- Bəli, biz musiqiçi ailəsiyik. Mən də uşaqlıqdan bu mühitin içində böyümüşəm. Babam və anam gözəl piano ifa edirlər.

- Azərbaycana qayıdıb fəaliyyətinizi burada davam etdirmək fikriniz varmı?

- Mən Azərbaycana Avropada lazımam, Bakıda yox. Belə düşünürəm. Azərbaycanda caz musiqisinin tamaşaçısı azdır. Bizdə hər şey toy biznesi üzərində qurulub. Rəqsdən tutmuş aparıcılara qədər hər kəs özünü toya görə tənzimləyir. Toyda isə caz musiqisinə ehtiyac yoxdur. Eyni zamanda, bizdə caz sevənlər var, amma cazın tədrisi yoxdur. Biz Rafiq Babayev və Vaqif Mustafazadənin sayəsində cazı tanımışıq. Ənənəvi caz isə sırf Amerikada yarandığına görə tamam başqa anlayışdır. Bizim tamaşaçılarımız isə hələki onunla tanış deyillər.