Rusiyadan iki Qarabağ mesajı


Siyasət 28 Dek 2017 11:56:00 251 0

Rusiyadan iki Qarabağ mesajı

"Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllinə marağı yoxdur. Buna baxmayaraq, rusiyalı rəsmilər və Kremlə yaxın ekspertlər Qarabağ münaqişəsinin həlli ilə bağlı müxtəlif fikirlər və ideyalar səsləndirirlər. Bu, Moskvaya sadəcə, bölgədə nəzarətin Rusiyanın əlində olmasını təsdiqləmək üçün lazımdır".

Son.az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi ekspert Elxan Şahinoğlu bildirib.

Politoloq qeyd edib ki, Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin "İnterfaks" agentliyinə geniş müsahibəsində Qarabağ münaqişəsinə toxunarkən Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar prosesinin aktivləşməsini alqışladığını deyib: "Qriqori Karasin 2017-ci ilin oktyabrında Cenevrədə uzun fasilədən sonra ATƏT-in Minsk qrupu həmsədrlərinin dəstəyi ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına həsr olunan Azərbaycan-Ermənistan sammitinin keçirildiyini xatırladıb. Rusiyalı diplomatın fikrincə, bu sammitdə danışıqlar prosesinin intensivləşdirilməsi, təmas xəttində gərginliyin azaldılmasına yönələn tədbirlərin görülməsi razılaşdırıldı. Karasin misal olaraq həmsədrlərin noyabrda Azərbaycan və Ermənistan XİN başçıları ilə ayrılıqda məsləhətləşmələr keçirməsini, dekabrda isə Vyanada ATƏT XİN başçılarının Şurasının iclasında nazirlərin görüşünün təşkil olunmasını göstərib.

Rusiyalı diplomat etiraf edib ki, münaqişənin nizamlanmasının əsas məsələləri müzakirə olunsa da, hələlik onlarla bağlı konsensusa nail olunmayıb. Buna baxmayaraq, Moskva fəal vasitəçiliyinə davam edir və gələn ilin yanvarında Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskvada növbəti görüşü olacaq.

Qriqori Karasinin sözlərindən anlaşılır ki, birincisi, Dağlıq Qarabağ münaqişəsinin həllində Moskvanın vasitəçiliyi davam edəcək, ikincisi, ancaq bu o demək deyil ki, vasitəçilik real nəticəyə hesablanıb".

E.Şahinoğlu dekabrın 23-də Bakıda "Regionun gələcəyi: Geosiyasi çağırışlar və perspektivlər" mövzusunda keçirilən beynəlxalq simpoziumda rusiyalı iştirakçının "Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiya-Türkiyə-İran formatı faydalı ola bilər, ancaq bunun üçün zaman lazımdır" fikrinə diqqət yetirib: "Həqiqətən, Rusiya-Türkiyə-İran formatı Suriyada birinci mərhələdə fayda verdi. Bu 3 ölkənin əməkdaşlığı sayəsində Suriyada terrorçular üzərində qələbə əldə edildi. Ancaq Suriyada sülh əldə olunmalı və hakimiyyət bölgüsü həyata keçirilməlidir. Bu isə hələ baş verməyib. Bu, terrorçularla birgə mübarizədən az problemli məsələ deyil. Ona görə də Rusiya-Türkiyə-İran formatının Suriyada vəziyyətin stabilləşməsində növbəti addımlarının uğurlu olub-olmayacağını gələcək göstərəcək.

Rusiya, Türkiyə və İran Azərbaycan və Ermənistanla həmsərhəddirlər və məntiqlə Qarabağ münaqişəsinin həllində faydalı ola bilərlər. Ancaq bunun üçün iki addım atılmalıdır. Birincisi, Rusiya-Türkiyə-İran formatı ATƏT-in Minsk Qrupunu faktiki əvəz etməli və ya həmsədrlərlə birgə çalışmalıdır. Bunun mümkünlüyü şübhə doğurur. İkincisi, Ermənistan Türkiyənin fəal vasitəçiliyinə razılaşmalıdır. Bunun üçün isə Rusiya Ermənistan hakimiyyətinə təzyiq edib İrəvanı razı salmalıdır. Bu iki addım atılmadan Rusiya-Türkiyə-İran formatının Dağlıq Qarabağ münaqişəsinin həllində fəal vasitəçiyə çevriləcəyi praktik baxımdan mümkün deyil". İlkin İzzət

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində