"Avadanlıqların alınması da imtahan qiymətinə daxil edilməlidir"


Digərləri 28 Dek 2017 11:03:00 291 0

"Avadanlıqların alınması da imtahan qiymətinə daxil edilməlidir"

"2019/2020-ci tədris ili üzrə ali məktəblərə qəbul və buraxılış imtahanları ilə bağlı nəzərdə tutulan dəyişikliklərin modeli ictimaiyyətə təqdim edilib. Lakin modeldə nəzərdə tutulan yenilikləri tətbiq etmək üçün "Təhsil haqqında" qanuna dəyişikliklər edilməli, hüquqi tənzimlənmələr aparılmalı, maliyyələşdirmə məsələləri nəzərə alınmalıdır".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, buraxılış və qəbul imtahanlarının modeli dəyişsə də, imtahanların maliyyələşmə məsələsi müzakirə mövzusudur.

M.Abbaszadə qeyd edib ki, 2018/2019-cu tədris ili üçün ali məktəblərə qəbul qaydalarında ciddi dəyişiklik edilməyəcək: "Bu qaydalar demək olar ki, 2017-2018-ci tədris ilinin qəbul qaydaları ilə eyni olacaq. Biz qəbul qaydaları ilə bağlı yeni hazırladığımız layihədə qeyd etmişik ki, iki dəfə imtahan verən şəxslər müxtəlif ixtisas qruplarını seçə bilsinlər. Artıq Təhsil Nazirliyi və Ədliyyə Nazirliyi bu məsələ ilə bağlı razılığını bildirib. Lakin qaydalar Nazirlər Kabineti tərəfindən təsdiqlənməlidir. Ümidvaram ki, yanvar ayında Nazirlər Kabineti bu məsələyə baxacaq və qaydalar təsdiq olunacaq".

M.Abbaszadənin sözlərinə görə, imtahanların keçirilməsi zamanı daim texnoloji yenilikləri tətbiq etmək lazım gəlir: "Bunun üçün bizə avadanlıqlar, texnoloji qurğular, proqram təminatı lazımdır. Texnoloji qurğular müəyyən müddət işlədikdən sonra təmirə ehtiyac yaranır, bəziləri sıradan çıxır. Yeni texnoloji avadanlıqların alınması üçün bizə yenə də maliyyə vəsaiti lazım olur. Bu avadanlıqların alınması, eyni zamanda proqram təminatının yenilənməsi də imtahan qiymətinə daxil edilməlidir. Təbii ki, bizim məqsədimiz insanların maddi vəziyyətinə təsir göstərməməsi üçün daha uyğun variantların seçilməsi, bütün metodiki və təşkilati işlərin optimallaşdırılmasına nail olmaqla, hamı üçün uyğun olan imtahan qiymətinin müəyyən edilməsidir".

M.Abbaszadə onu da əlavə edib ki, Dövlət İmtahan Mərkəzinin nəzdində yeni yaradılacaq Karyera İnkişaf Mərkəzi də ödənişli xidmətlər göstərəcək: "Bəzən insanlar ünsiyyət qurmaqda, məqsədlərinin müəyyən olunmasında, hədəflərinə doğru irəliləməkdə çətinlik çəkirlər. Biz həmin mərkəz vasitəsilə belə insanlara kömək edəcəyik, onlar bizim mütəxəssislərimizin məsləhətlərindən istifadə edə biləcəklər. Karyera İnkişaf Mərkəzində xidmətlər fərdi olaraq göstəriləcəyindən burada xidmətlər ödənişli olacaq. Amma bu xidmətlər hansısa kateqoriya üçün layihə şəklində icra olunsa və buna görə maliyyə vəsaiti ayrılarsa, xidmətlər ödənişsiz olacaq".