Azərbaycanda mobil rabitə abunəçilərinin xəbərdarlıqsız əlavə xidmətlərə qoşulması faktları artıb


İqtisadiyyat 28 Dek 2017 09:42:07 330 0

Azərbaycanda mobil rabitə abunəçilərinin xəbərdarlıqsız əlavə xidmətlərə qoşulması faktları artıb

"Bakcell" əlavə dəyər xidmətlərinə görə təchizatçı şirkətlərin cavabdehlik daşıdığını deyir

Azərbaycanda son vaxtlar mobil rabitə xidmətləri abunəçilərinin xəbərdarlıqsız əlavə xidmətlərə qoşulması halları bir qədər artıb.

Son günlər bu problemlə bağlı “Bakcell” abunəçilərindən “Report”a çoxsaylı şikayətlər daxil olur.

Müştərilər razılıq vermədən hansısa əlavə xidmətlərə qoşulur və bu xidmətlərə görə haqq ödəyirlər. Bəzən, istəmədən məcburi qoşulduğu bu xidmət üçün abunəçi aylarla pul ödəməli olur.

Məsələ ilə bağlı əlaqə saxladığımız mobil operator bu məsələdə onların deyil, xidmət təchizatçılarının cavabdehlik daşıdığını deyib. “Bakcell”in İctimaiyyətlə əlaqələr və korporativ kommunikasiya Departamentindən "Report"a bildirilib ki, bu, müştəri ilə həmin xidməti təqdim edən təchizatçı şirkət arasında olan məsələdir.

“Bakcell” MMC abunəçilərin müxtəlif əlavə dəyər xidmətlərindən istifadə etmək hüququnu məhdudlaşdıra bilməz və abunəçilər həmin xidmətlərdən sərbəst şəkildə istifadə etmək imkanına malikdirlər. Eyni zamanda, müxtəlif xidmət təchizatçılarının təkliflərinə öz razılığı ilə abunə olan müştərilər həmin xidmət və məhsulların istifadə qaydaları və habelə onların istifadəsindən irəli gələn bütün əlaqəli riskləri qəbul etmiş olur. Həmin xidmətlərlə bağlı daha ətraflı məlumat almaq üçün abunəçilər müvafiq xidməti təqdim edən xidmət təchizatçılarının əlaqə nömrələrinə zəng edə bilər”, - deyə Departamentdən bildirilib.

Bu məsələdə cavabdehlik daşıyan xidmət təchizatçıları isə belə halların baş verməsini təkzib etməklə kifayətlənərək abunəçilərin hüquqlarını pozmağa davam edir. Şikayətlər əsasında əlaqə saxladığımız “AS Service Group” və “SimToday” şirkətləri müştərilərin bu xidməti bəzən diqqətsizliklə aktivləşdirdiklərini bildirib və buna görə də provayderləri günahlandırmaq yerinə daha diqqətli olmalarını tövsiyyə edirlər.

Qeyd edək ki, digər operatorlar abunəçilərinə istənilən analoji əlavə dəyər xidmətlərindən vahid qısa nömrə vasitəsilə imtina etmək imkanı yaradıblar.

“Bakcell” şirkətindən bununla bağlı bildirilib ki, “Bakcell” abunəçilərinə bütün əlavə dəyər xidmətlərinin bir qısa nömrə vasitəsilə dayandırılması imkanını yaxın gələcəkdə təqdim edəcək.

"Hazırda müştərinin istifadə etdiyi bütün əlavə dəyər xidmətlərinin bir qısa nömrə vasitəsilə dayandırılması mümkün deyil. Buna baxmayaraq, bu istiqamətdə tərəfimizdən davamlı şəkildə müvafiq texniki və hazırlıq tədbirləri görülür ki, yaxın gələcəkdə abunəçilərimizə bütün əlavə dəyər xidmətlərinin bir qisa nömrə vasitəsilə dayandırılması imkanı təqdim ediləcək. Əlavə olaraq bildiririk ki, qeyd olunan fəaliyyətin başlanğıcı olaraq, müəssisə xidmət təchizatçıları tərəfindən abunəçilərə göndərilən arzuolunmaz SMS-lərin dayandırılması üçün imkan yaradıb. Belə ki, 5595 nömrəsinə “STOP” sözünü göndərməklə hər bir abunəçi onun istifadəsində olan telefon nömrəsinə müvafiq mesajların göndərilməsinə qadağa qoya bilər”, - deyə operator qeyd edib.