Samir Şərifov: "Manata olan inam tədricən bərpa olunmaqdadır"


İqtisadiyyat 28 Dek 2017 02:02:09 330 0

Samir Şərifov: "Manata olan inam tədricən bərpa olunmaqdadır"

"Artıq manatın məzənnəsinin daha da möhkəmlənməsinə təzyiqlər mövcuddur"

"Artıq gələn il üçün dövlət büdcəsi təsdiqlənib. Hesab edirəm ki, 2017-ci il Azərbaycan iqtisadiyyatı üçün uğurlu bir il olub. Cari il sabitləşmə ili kimi tarixə düşəcək. Bu il biz ölkə iqtisadiyyatınınn 2015-2016-cı illərdə məruz qaldığı xarici şoklar nəticəsində yaranmış problemlərin həlli ilə məşğul olduq. Ölkə iqtisadiyyatının makroiqtisadi vəziyyətinin sabitləşməsinə daha çox səylər göstərdik və artıq 11 ayın yekunları göstərir ki, iqtisadiyyatda stabilləşmə baş verib".

“Report” xəbər verir ki, bunu Azərbaycanın maliyyə naziri Samir Şərifov AZTV-nin efirində yayımlanan "Günün nəbzi" verilişində çıxışı zamanı deyib.

O, ölkədə makroiqtisadi sabitliyin bərqərar olduğunu bildirib:

"Milli valyutamızın məzənnəsi sabitləşib. İllin əvvəlinə nisbətdə, biz görürük ki, manatın məzənnəsi hətta bir qədər möhkəmlənib. İlin əvvəli ilə müqayisədə təqribən 3,4 faiz, fevral ayı ilə müqayisədə isə 10 faizdən çox möhkəmlənib. Həm də manatın məzənnəsinin daha da möhkəmlənməsinə təzyiqlər mövcuddur. Bu da bir daha manata olan inamın tədricən bərpa olunmasının göstəriciləridir".