Özünə "nəfəslik" axtaran Ermənistan


Siyasət 27 Dek 2017 23:01:00 306 0

Özünə "nəfəslik" axtaran Ermənistan

Cənubi Qafqaz regionu ölkələri içərisində qısa zamanda iqtisadi nailiyyətlər əldə edən ölkə Azərbaycan oldu. Bütün bu uğurlar Ermənistanın Azərbaycana hərbi təcavüzünün baş verdiyi, Dağlıq Qarabağ və ətraf rayonların işğal altında olduğu bir dövrə təsadüf etdi. Sülh danışıqlarında qaçmaqla, Ermənistan çıxılmaz duruma düşdü  Bu da məhz Azərbaycanın həyata keçirdiyi regional layihələr nəticəsində mümkün oldu. Təbii ki, bu layihələrdə strateji tərəfdaş kimi Gürcüstan da iştirak etdi. Bundan başqa, Azərbaycan bu gün Gürcüstana ən çox  investisiya qoyan ölkələrdən biridir. Strateji tərəfdaşlığın təməli isə təbii ki, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin reallaşdırılması ilə başlayıb. Sonuncu belə regional layihələrdən biri isə Bakı-Tbilisi-Qars dəmiryolu xəttidir. Maraqlıdır ki, bu dəmiryolu xəttinin reallaşmasının mümkünsüzlüyünü iddia edən Ermənistan, əvvəlcə layihədən yararlanmağa çalışmaq üçün təkliflər verməyə başladı. Lakin Azərbaycanın buna imkan verməyəcəyini anladıqdan sonra Gürcüstanla əlaqələri genişləndirmək üçün hərəkətə keçdi. Belə ki, bu günlərdə Ermənistan prezidenti Serj Sərkisyan Gürcüstana səfər edib. Təbii ki, o, BTQ-dən sonra ağır duruma düşən Ermənistan iqtisadiyyatını xilas etmək üçün Gürcüstan üzərindən keçən nəqliyyat yollarının açılmasını istəyir. Əlbəttə, bununla Ermənistan hakimiyyəti həm də Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığına zərbə vurmaq niyyətini ortaya qoymuş olur. Görəsən, Ermənistan indi hansı məkrli planını həyata keçirməyə çalışır?

Son.az xəbər verir ki, mövzu ilə bağlı "Kaspi" qəzetinə açıqlamasında Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə bildirdi ki, hazırkı vəziyyətdə nə Ermənistan, nə də onun havadarları Azərbaycan-Gürcüstan münasibətlərinə xələl gətirə bilməz: "İki ölkə arasında qarşılıqlı maraqlar üzərində strateji tərəfdaşlıq mövcuddur. Hazırda Azərbaycan Gürcüstanın ən böyük investorlarından biridir, o cümlədən iki ölkə həm nəqliyyat, həm də enerji sahəsində layihələr həyata keçirirlər. Bu baxımdan, Ermənistan prezidenti Serj Sarkisyanın Gürcüstana səfəri, yaxud da digər addımlar bu münasibətləri poza bilməz". 

A.Mollazadə Gürcüstan üzərindən Ermənistana yükdaşımalarla bağlı məsələyə toxunaraq qeyd etdi ki, Azərbaycan Gürcüstanın Ermənistanla olan ikitərəfli münasibətlərinə qarışmır: "Sadəcə olaraq, Gürcüstan özünün işğal edilmiş ərazilərinin hansısa formada istifadəsindən narahat olmalıdır. Hesab edirəm ki, bu ərazilərin təkcə Ermənistana dəhliz açılması üçün istifadə edilməsi Gürcüstana qarşı çox ciddi hörmətsizlikdir".

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirdi ki, Gürcüstan Azərbaycanın strateji tərəfdaşıdır: "Yəni, Azərbaycan bu ölkəyə böyük investisiyalar qoyub və bütün reallaşdırılan layihələrin böyük hissəsi Gürcüstan üzərində həyata keçirilib. Təsadüfi deyil ki, Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili hər dəfə "Azərbaycanın köməyi və dəstəyi olmadan Gürcüstan ayaqda qala bilməzdi" söyləyirdi. Çünki Gürcüstan faktiki olaraq çökmüşdü və Rusiya hücum edəndə bu ölkənin iqtisadi vəziyyəti ağır idi. Azərbaycan qonşu dövlətə yardım etdi, kreditlər verdi. Ona görə də bütün bunları gərək Gürcüstanın indiki hakimiyyəti də nəzərə ala. Əgər nəzərə almırsa və düşünür ki, Ermənistanla münasibətdə Azərbaycanın maraqlarını nəzərə almamaq olar, onda böyük bir yanlışlığa yol verir. Azərbaycanla qurduğu tərəfdaşlığı Ermənistanla da həyata keçirə bilməsi mümkün deyil. Hesab edirəm ki, Gürcüstan bütövlükdə balansı qorumalıdır. Təbii ki, bu, onların öz daxili işləridir. Amma əgər Ermənistana yol açmaq istəyirlərsə, bu həm də Gürcüstanla Rusiya arasında diplomatik əlaqələrin yaranmasına gətirib çıxara bilər. Bilirik ki, Gürcüstanla Rusiya arasında diplomatik əlaqələr yoxdur və rəsmi Tbilisi separatçı bölgələri tanımır. Lakin qeyd edilən yol məhz separatçı bölgələrdən keçir. Bu da əslində Gürcüstanın nüfuzuna böyük zərbədir".

E.Şahinoğlu qeyd etdi ki, bütün hallarda, Gürcüstan Ermənistanla münasibətləri inkişaf etdirmək haqqında düşünərkən, hər zaman Azərbaycanın da maraqlarını nəzərə almalıdır: "Əgər Azərbaycanın maraqları nəzərə alınmasa, biz də Gürcüstanla olan tərəfdaşlığımıza göz gəzdirmək məcburiyyətində qalacağıq. Digər yandan, Rusiyanın özünün də marağı var ki, Gürcüstan üzərindən Ermənistana yol açılsın. Bunu hətta Rusiyanın xarici işlər naziri Sergey Lavrov da bir neçə dəfə dilə gətirib. Amma bu, artıq Gürcüstanla olan bir məsələdir. Hələ ki, Gürcüstanla Rusiya arasında aparılan danışıqlar nəticə vermir. İki ölkə İsveçrədə danışıqlar apardılar və burada ciddi nəticə yoxdur, heç diplomatik münasibətləri bərpa edə bilmirlər. Təbii ki, Rusiya marağındadır ki, Ermənistana avtomobil yolu, dəmiryolu açılsın. Bu yol vasitəsilə müxtəlif yönlü yükləri, hətta yardımları belə, birbaşa çatdıra bilsin. İndiki halda isə Rusiyanın Gürcüstan hakimiyyətinə təzyiq mexanizmi yoxdur. Çünki bu ölkənin torpaqlarını işğal edib və heç bir diplomatik münasibətlər yoxdur".