Azərbaycan narının ixrac marşrutu


Digərləri 27 Dek 2017 22:14:00 310 0

Azərbaycan narının ixrac marşrutu

Azərbaycanda yetişən nar və istehsal olunan nar məhsulları daha çox MDB və Şərqi Avropa ölkələrinə göndərilir.

Son.az bildirir ki, bu barədə Trend-ə Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının əməkdaşı Boyukaga Mustafayev deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycan narına daha çox tələbat var: "Nar və nar məhsullarının xarici bazarlara ixracında son illərdə artım var. Bu yaxınlarda Ərəb ölkələrində ixrac missiyası keçirildi və bir sıra müqavilələr bağlanıldı. Nar məhsulları ilin bütün aylarında ixrac olunur. Nar ixracı isə oktyabr ayından fevralın sonu - martın əvvəlinə kimi davam edir. Narın ixracı AZPROMO-nun dəstəyi ilə həyata keçirilir".

B.Mustafayev bildirib ki, hazırda təmsil etdiyi qurum Avropa bazarlarına çıxa bilmək üçün yeni sertifikatlar almağa səy göstərir: "Bu bazarlara sertifikat almaq bir qədər çətindir. Bu sertifikatları alaraq, Avropa, ABŞ və Kanada bazarlarına məhsullarımızı ixrac etməyi planlaşdırırıq".

Onun sözlərinə görə, Azərbaycanda narın qabığından da istifadə edilir: "Üzvlərimizdən biri olan şirkət gələn il istehsalat sahəsi tikəcək və orada nar qabığından məhsullar hazırlanacaq. Nar qabığı farmokologiya və kosmetologiya sahələrində istifadə olunur. Təkçə nar qabığı yox, həm də narın dənəsinin yağından istifadə olunur. İstehsal zamanı meyvənin heç bir hissəsi itkiyə getmir. Nar şirəsi, nar şərabı, narşərab, nar konsentrantı. Həmçinin, nar qabığı kənd təsərrüfatı işlərində istifadə olunur. Məsələn, heyvandarlıqda yem kimi. Nar qabığından məhsulların istehsal olunması tələb-təklif məsələsidir".