Keçmiş arvadını öldürən şəxsin məhkəməsində azyaşlı övladları danışdılar: "O, bizim atamız deyil"


Digərləri 27 Dek 2017 14:32:00 269 0

Keçmiş arvadını öldürən şəxsin məhkəməsində azyaşlı övladları danışdılar: "O, bizim atamız deyil"

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən 1982-ci il təvəllüldü Ramin Şükürovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Son.az-ın report-a  xəbərinə görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin 3-cü sinifdə oxuyan qızı ifadə verib.

Azyaşlı qız dindirilərkən bildirib ki, anası tez-tez atası tərəfindən döyülüb: "Qardaşımla mən atam tərəfindən hədələnirdim".

O, təqsirləndirilən R.Şükürova ata demək istəmədiyini, onu, sadəcə, tanıdığını qeyd edib: "Nənəm, anam və qardaşımla yolla gedirdik. Bu, maşınla yanımızdan keçdi, sonra geri qayıtdı. Nənəm ondan soruşdu ki, "nə istəyirsən?" Dedi ki, "icraçının biri gedib, biri gəlir". Bu zaman nənəm onun qolundan tutdu. O, anamı vurmaq istəyirdi. Birinci nənəmi yerə yıxdı, ona təpik və yumruq vurmağa başladı. Birdən cibindən çox böyük bıçaq çıxarıb, anamı vurmağa başladı. Nənəm ayağa qalxıb yenə onun tutmaq istədi. Lakin o, nənəmi yenə döydü. Qardaşım qaçıb babamgili çağırdı. Anama çoxlu bıçaq vurandan sonra qaçıb getdi. Anam qanın içində idi. Babamgilə aparıb, həkim çağırdıq. Xəstəxanada anamın öldüyünü bildik".

Azyaşlı qız söyləyib ki, atası həmişə anasını döyəndən sonra onları hədələyib: "Hədələyirdi ki, babama desək, bizi öldürəcək".

Məhkəmədə mərhumun 4-cü sinifdə oxuyan oğlu da dindirilib. O da bacısı kimi hadisənin şahidi olub, anasının bıçaqlanmasını gözləri ilə görüb.

Azyaşlı suallara cavab verərkən təqsirləndirilən şəxsi tanıdığını, ancaq onu ata kimi qəbul etmədiyini deyib: "O, mənim heç nəyimdir, anamın qatilidir".