"AzerGold"bu il 150 min unsiyaya yaxın qiymətli metal ixrac edib


Digərləri 27 Dek 2017 12:08:00 224 0

"AzerGold"bu il 150 min unsiyaya yaxın qiymətli metal ixrac edib

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) bu il 150 min unsiyaya yaxın qiymətli metal ixrac edib.

Bakı. “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) bu il 150 min unsiyaya yaxın qiymətli metal ixrac edib. Bu barədə Trend-ə QSC-dən məlumat verilib. Bildirilir ki, 2017-ci ilin aprel-dekabr ayları ərzində “AzerGold” QSC həyata keçirdiyi ixrac əməliyyatları üzrə 60 552 unsiya qızıl və 86 806 unsiya gümüş ixrac edib. Qiymətli metalların ixracı ölkə iqtisadiyyatına 121 milyon manatdan artıq gəlir gətirib. Qiymətli metalların dünya bazarında satışının təşkili üçün beynəlxalq affinaj şirkətlərinin tələb etdiyi KYC (Know Your Customer) və təhlil (“due diligence”) prosedurlarını uğurla keçərək “AzerGold” QSC cari ilin aprel ayında İsveçrənin məşhur “Argor-Heraeus” şirkəti ilə qiymətli metalların saflaşdırılmasına dair müqavilə imzalayıb. 2016-cı ilin iyul ayında fəaliyyətə başlayan “AzerGold” QSC qısa müddət ərzində bir sıra əhəmiyyətli işlərin görülməsinə nail olub. Belə ki, Daşkəsən rayonu ərazisində yerləşən Çovdar filiz emalı sahəsində müxtəlif təyinatlı təmir-tikinti işləri sayəsində yatağın fəaliyyəti bərpa edilib, optimallaşdırılıb, istehsalat 24 saatlıq iş rejiminə keçirilib, hasilat işlərinə start verilib. Ərazidə ekoloji tarazlığın qorunması üçün 6 mindən artıq ağac və kol əkilmiş və digər işlər görülüb. Çovdar mədənində işlərin düzgün və səmərəli aparılması, insanların əmək şəraitinin yaxşılaşdırılması üçün lazımi bütün işlər görülüb və infrastruktur yaradılıb. 2020-ci ildə yatağın yerüstü (oksid) mərhələsinin istismarı başa çatandan sonra 2021-ci ildə hasilata verilməsi planlaşdırılan yeraltı (sulfid) mərhələsinin hasilatına dair texniki-iqtisadi əsaslandırma sənədinin hazırlanması üzrə beynəlxalq məsləhətçi şirkət ilə əməkdaşlıq edilir. “AzerGold” QSC-nin strateji hədəfi Azərbaycanda əlvan metal sənayesinin dayanıqlı və davamlı inkişafını təmin etməkdir. Bu məqsədlə, Balakən rayonu ərazisində yerləşən və mis, sink, gümüş, qızıl, qurğuşun ehtiyatlarının həcminə görə nəinki Azərbaycan, hətta Avropa üçün böyük strateji əhəmiyyətə malik Filizçay polimetal yatağı üzrə ilkin iqtisadi qiymətləndirmə sənədi nüfuzlu beynəlxalq məsləhətçi şirkət tərəfindən hazırlanmaqdadır. Növbəti illərdə metallurji, laborator, geotexniki, hidroloji və ekoloji tədqiqatların aparılması planlaşdırılır.