"Nə yeyək ki, gözümüz süfrədə qalmasın və kökəlməyək.."


Digərləri 26 Dek 2017 23:25:00 267 0

"Nə yeyək ki, gözümüz süfrədə qalmasın və kökəlməyək.."

Yeni ilə sayılı günlər qalıb. Əksər evlərdə 31 dekabr günü süfrə gözəl təamlı yeməklərlə bəzədilir. Hətta pəhriz saxlayanlar "bu gün bayramdır" deyərək qida rasionuna heç olmadığı qədər yemək əlavə edirlər. Diyetoloqlar isə həyəcan təbili çalırlar.

Son.az medicina.az-a istinadən bildirir ki, diyetoloq Şəhriyyə Əhmədovanın dediyinə görə, insanların ən çox etdiyi yanlış məhz bütün günü ac qalıb axşam bayram süfrəsini gözləməkdir:

"Adətən bu zaman səhər, günorta yeməyi normal qaydada yeyilməlidir. Bayram süfrəsinin menyusu tərtib olunan zaman sağlam qidalar seçilməlidir. Ət yeməkləri qızarılmış formalarda yox, daha çox sobada bişmiş formada olmalıdır. Bu halda axşam yeyilsə belə bunun ziyanı olmayacaq. Bu axşam adətən spirtli içkilər qəbul edilir. Şərabı qətiyyən ət yeməyi ilə birlikdə istifadə etmək doğru deyil. Bu daxili orqanların yüklənməsinə, gec həzm olunmasına gətirib çıxarır. Toyuq yeməklərinin də sobada hazırlanması daha məsləhətlidir. Bu zaman balıq da yeyilə bilər.

Salat seçimlərində diqqətli olmaq lazımdır. Salatlar hamının alışdığı üzrə mayonezlə deyil, bitki yağları ilə hazırlanmalıdır. Daha çox tərəvəz salatlarına üstünlük verilməlidir. Şirin içkilər, qazlı içkilərin əvəzinə kompotlardan istifadə tövsiyə edilir".

Yemək saatından da danışan Ş. Əhmədova qidaların yatmazdan ən az 3 saat öncə yeyilməli olduğunu vurğulayıb. "Əgər gün ərzində yedikdən sonra daha çox hərəkət olacaqsa yeməyin 9-da da yeyilməsində problem yoxdur", - deyə diyetoloq  qeyd edib.